Sərhədkeçmə və viza prosedurlarının asanlaşdırılması

 

 

   İşçi qrupun növbəti iclası

  

   Noyabrın 15-də “Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə İşçi qrupunun növbəti iclası keçirilib.  

   İclasda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Dəniz Administrasiyası, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti və digər qurumların nümayəndələri iştirak edib.

   İclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə edilib.

   Viza rejimi tətbiq olunmayan, ölkənin giriş məntəqələrində viza rəsmiləşdirilməsi mümkün olan və ASAN Viza sistemi vasitəsilə rəsmiləşən ölkələrin siyahısının genişləndirilməsi və viza prosedurlarının asanlaşdırılması siyasətinin davam etdirilməsi istiqamətində təkliflər səslənib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırlanan hesabatda əks olunmuş rəy və təkliflər işçi qrupun müzakirəsinə təqdim edilib, bununla bağlı dövlət qurumlarının nümayəndələri tərəfindən fikirlər bildirilib.

   İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, ASAN Viza sistemi vasitəsilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi, həmçinin viza prosedurlarının asanlaşdırılması siyasətinin davam etdirilməsi istiqamətində təkliflərin hazırlanması və digər məsələlərə dair qərarlar qəbul edilib.

 

Mədəniyyət.- 2017.- 17 noyabr.- S.8.