Yeni rok-operamız - “Səyyah Sindbad”
Əsərdə
musiqinin bütün janrlarından istifadə olunub
Biri var idi, biri yox idi,
Sindbad adlı bir oğlan vardı. Bir gün Sindbad səyahətə çıxmaq,
dünyanın möcüzələrini
görmək istəyir...
Budur, artıq XXI əsrdə
“Min bir gecə nağılları”nın məşhur qəhrəmanının
sorağı Azərbaycanın
paytaxtı Bakıdan gəlir. Özü də sadəcə
səyyah kimi deyil. Sindbad Azərbaycanda yeni
rok-operanın qəhrəmanı
kimi yaddaşlarda qalmaq iddiasındadır.
Sevilən qəhrəmanı
multikulturalizm paytaxtına
dəvət edən isə “24 saatlıq zaman sanki bir
melodiyadır və o hər məqamda beynimdə, ruhumda səslənir”, - deyən
bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan
Sədirxanovdur. Onun əsərləri
mütəmadi olaraq Rusiya, İtaliya və başqa ölkələrin şəhərlərində
səhnəyə qoyulur.
Bəs necə oldu
ki, səyyah Sindbadın sərgüzəştləri
musiqinin sehrli notlarına köçürüldü?
Bu barədə müəllif
özü, ölkəmizdən
kənarda musiqi sənətimizin layiqli təbliğatçılarından olan Rizvan müəllim
geniş məlumat verdi.
Azərbaycan musiqisində yenilik
Musiqiçi deyir ki, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi əsasında “Səyyah Sindbad” adlı rok-opera üzərində
bir il
dörd ay işləyib.
Opera millət vəkili, akademik Rafael Hüseynovun sözlərinə
yazılmış musiqi
ilə başlanır.
Həmsöhbətim bildirir
ki, əsərin maraqlı tarixçəsi
var: “Bu əsərin ilkin variantını 40 il əvvəl yazmışdım. Bu dəfə isə onu tam yeni, tamamlanmış
şəkildə təqdim
etmək imkanım yarandı. Bu, multikultural bir layihədir. Operada dünya
klassiklərinin şeirlərindən
nümunələr, eləcə
də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeiri də yer alıb. Seçdiyim bütün mətnlər
əsərə uyğun
gəlir”.
Rok-operanın ilkin variantı
25 dəqiqədən ibarət
olub. Yeni variant isə 1 saat
40 dəqiqədir. Müəllif əsəri Azərbaycan musiqisi üçün yenilik hesab edir.
Çünki burada musiqinin bütün janrlarından, o cümlədən
simfonik musiqi, bədii qiraət və s. istifadə olunub. Operanın gələn il
təqdim olunması nəzərdə tutulur.
Hər bir yaradıcı
insan, rəssam, bəstəkar, yazıçı
yaratdığı əsərlə
hansısa fikri ötürmək, nəsə
demək istəyir.
Bəstəkar və librettonun müəllifi kimi bu əsərdə
hansı mesajı ötürmək istəyirsiniz
sualımıza müəllifin
cavabı sadə oldu: “Mən sadəcə öz duyğularımı, düşüncələrimi
nota köçürmüşəm. Əsər marağımın bəhrəsidir.
Hələ o vaxt ilkin variantı hazırlayanda dostum Azad Hacıyev sözlərini yazdı, mən də musiqini. Həmin dövrdə 25 dəqiqəlik
əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş
oldu ki, nazirlik tərəfindən
bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına
göstəriş verildi.
Müəllif olduğum üçün
demirəm, sadəcə
sənətə və
Azərbaycan mədəniyyətinə
diqqət baxımından
bu əsər sənət tariximiz üçün bir hadisə olacaq”.
“Səyyah
Sindbad”da tanınmış
ifaçılar yer alıb. Rok-operada Mikayıl Rəfiyev (Sindbad), Gülşən İbadova (Zöhrə),
Emil Minyaşev (Qoruyucu
mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər.
Həmçinin musiqiçilər
Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət
Şükürov və
digərləri də
rok-operanı ifa edirlər.
Operanın musiqi prodüseri
Emil Minyaşev, rəssamı
Mariya Kuznetsovadır.
Ariyaların mətnləri
Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov,
Alessandro Milani, İosef
Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur.
Həmsöhbətim qeyd edir ki, operada sənətsevərlərin marağına səbəb olacaq nüanslar da var: “Nərgiz Əlizadə əsərin ingilis dili variantını ifa edir. Gözəl səsi və ingilis dilində tələffüzü mükəmməl olduğu üçün onu seçdik. İlk olaraq onun partiyası üçün Robert Bernsin mətnlərini nəzərdə tutmuşdum. Daha sonra həmin mətnlərin bədbin olduğunu görüb, gənclik illərimdən sevdiyim ingilis şairi Samuel Kolricin yaradıcılığına müraciət etdim. Digər partiyalarda isə mətn araşdırmalarında Gülşən İbadova mənə gözəl şeirlər təklif etdi. “Cənnətdəki qeydlər" adlı şeirlərin müəllifi Leyla Əliyevadır. Mən hələ 2015-ci ildə Leyla xanımın sözlərinə “Ulduzlar pilləkən olsaydı” mahnısını bəstələmişdim. Mətn xoşuma gəldi və qısa zamanda yeni ariyanın da melodiyası hazır oldu. Rok- operada bu mahnı “Yalvarış” adlanır və Gülşən də onu dərindən ifa edib”.
“Yaradıcılıqda tapdığım daxili azadlıq mənim səadətimdir”
Bəstəkar illərlə ərsəyə gətirmək arzusunda olduğu əsərin ortaya çıxmasına dəstək olduğuna görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirir: “Premyeradan sonra operanın Azərbaycan dilində tam variantını da hazırlamağı düşünürük. Hazırda bu versiyanın üzərində akademik Rafael Hüseynov işləyir”.
Musiqi Rizvan müəllimin həyatının mənasıdır. Yüzlərlə mahnı bəstələyib. İtaliya, Çexiya və Rusiyada 3 diski işıq üzü görüb: “Yaradıcı təxəyyülümün musiqidə təzahürü, daxili azadlığımın bu formada nümayişi mənim səadətimdir. Çünki bir insanın yaratdığı başqalarına zövq verirsə, onun daxili dünyası ilə ətrafdakılar, lap elə min kilometrlərlə uzaqda olan insanlar ruh birliyi yaşayırsa, bu ən böyük mükafatdır”.
İnanırıq ki, Azərbaycan musiqi mədəniyyəti tarixinə yeni rok-opera kimi yazılan və Xəzərin sahilindən yola çıxan “Səyyah Sindbad” dünyanın musiqi okeanında çox sərhədləri aşa biləcək.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.11.