Xalq artisti - “xalq düşməni”...
Sənət səhnəsinin fenomenlərindən,
həyat səhnəsinin kişilərindən - Abbas Mirzə Şərifzadə
Bu böyük aktyor bir vaxtların dini fanatizmi “sayəsində” yarıdan çoxu statistikaya çevrilmiş xalqımızın artistliyi məkruf-mütrüblük hesab etdiyi, üstlərinə “pişto” çəkdiyi, milləti diriltmək istəyən Əbdül əmiləri (“Solğun çiçəklər”) yox, H.Ərəblinskini öldürən Əbdülxaliq “əmilər”i “avtoritet” saydığı dövrdə səhnəyə gəlib parladı və elə həmin xalqın siyasi fanatizmi dövründə tək elə teatr səhnəsindən yox, həyat səhnəsindən də götürüldü...
Səhnələrdə çox rollar oynamış bu kişi həyatda bircə rol - əyilməz kişilik obrazı yaşayıb və bu, məni belə bir “fəlsəfə”yə çəkir; tez-tez rol dəyişmək sənət səhnəsindəkilərə şan-şöhrət gətirər, həyat səhnəsindəkilərə tör-töhmət. Birincilər haqda “hər gün bir obraz yaradır” deyərlər, ikincilər barədə isə “gündə bir rola girir!”. Birincilərin rollarını ədəb-irfan ədibləri yazır, ikincilərininkini isə öz xislətləri. Bu “ikinci”liyi siyasət, hökmü-rəyasət səhnəsindəkilər oynayırsa, onda, elə bu yazı qəhrəmanımızın dövründəki bir dramaturqdan təbdillə desək, “vay şəələküm-mələküm”!
İkili illər...
O məlum illərin sənət və şəxsiyyət şərəfzadələrindən olan Şərifzadə iki ildə iki ad alıb: 1935-də Xalq artisti... 37-də “xalq düşməni”...
Hansı ki, dünya səhnəsinin əbədi brendi sayılan Hamlet Azərbaycan səhnəsinə onun qədəmiylə ayaq açıb. Dünya teatrının baş monoloqunun - ədəbi-fəlsəfi “olum, ya ölüm” sual-nidasının ilk səslənişi (1927) onun dilindən eşidilib. Bu teatral “ayaqaçdı”nın repressial “mənzil başına” isə onca il qalırmış...
Çox qısa bir vaxtda bu “əsl xarakter-sənətkar”ın adı Azərbaycan sərhədlərindən uzaqlara yayılır. Vurğunlarının sayı, haqqında yazılan məqalə, monoqrafiya, “xatirat”ların sayı aybaay, ilbəil artır və bu səviyyəli işıqlı-istedadlı insanları olan bir ölkəni “mədəniləşdirib-mədəniyyətləşdirmək” kimi ideo-devizlərinin fiaskoya uğradığını görən bolşevizm digər “məzlum xalqlar”a gəldiyi “nömrə”ləri bizə də gəlir. Millətin qaymağını yığıb ayranlaşdırmaq, ali qafaları məhv edib, oraq-çəkic “uklonlu” muskullardan sərbəst yararlanmaq kimi rəsmi-ideoloji nömrələr...
Onu öz evində həbs ediblər
Qırx dörd yaşını qeyd edəcəyi ərəfədə qandallayıblar. Mənzilində axtarış aparıb, “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası” kimi “əşyayi-dəlil”lər taparaq: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib” “tövsif”li hüquqi qənaətə gəliblər. Ağlagəlməz işgəncələr sayəsində Ruhulla Axundova yazdırdıqları ifadələrlə isə lap “gül” vurublar: “...Mən özüm Milli Dram Teatrının direktoru Əli Kərimovu əksinqilabi millətçi təşkilata cəlb etmişəm, o isə öz növbəsində Abbas Mirzə Şərifzadəni həmin təşkilatla tanış etmişdir”!
Yarı bir ömürdə neçə-neçə bitkin obrazı, həyat və sənət duallığını ehtiva edən dialoqları, ədəbi-bədii qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən, zirzəmilərdə isə qeyri-adi pantomimliklə susan bu fenomenin Gəncədə olarkən (1932) iki-üç yol İran konsulluğuna getməsi, teatra, xüsusən onun sənətkarlığına hədsiz sevgisindən hər axşam tamaşalarına gələn konsulun onları bir neçə dəfə iqamətgahına dəvət etməsi bu korifeyimizin ömür kitabının bağlanmasını “təmin” edir...
Bəli, bütün dövrlərdə zühur edən yal yalaqçıları bu əqidə-əxlaq şəhidinə də ölüm hökmü çıxarılmasına imza atdıra bilirlər. Ürəyində yalnız H.Cavidin, M.Müşfiqin əsərlərini, zərərsiz millətçi, doğal azadlıq düşüncələrini təbliğ etmək “ittiham”ına qol qoyan Abbas Mirzə digər suallara elə hey susur, su-sur, su...sur...muş...
Ona ölüm hökmünü (16 oktyabr 1938) imzalayanların bir aya qədər susmaları haqda isə o, güman ki, öz-özüylə - ürək dialoqu edirmiş. Bu gümani dialoqa səbəblər varmış: “- Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik...”, “- Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm!”
Həyatdan çox erkən getmiş bu mogikan sənətə daha tez gəlmişdi: doqquz yaşında! Teatr sənətinə meylli, Şamaxıda dini tamaşalar hazırlayan əmisi (M.M.Tağı) “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır və özü oynadığı Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı əsir “qız”ın üstünə necə cumursa, Abbas qışqıra-qışqıra qaçıb, məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atılır. Ancaq o qucaqdan düşüb, on yaşında (1903) gimnaziyaya daxil olur, məktəbin bütün tədbirlərinin baş qəhrəmanına çevrilir.
Rola girərkən neçə-neçə “yad” insanın da ona valideyn məhəbbətilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu xüsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən bir gimnaziya müəllimi, bir də - söylədiyi “Şairin ölümü” şeirinə gurlayan alqışlar vardı...
On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu bir sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Ə.Haqverdiyevin onu “Şah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınçılıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimi “Abbas Mirzə fenomeni” haqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı səhnəmizin atası C.Cabbarlıya məxsus: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını özü öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır...”
Bu talant Azərbaycan səhnəsi üçün, bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Oqtay, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb getdi. O, roldan-rola inkişaf edib dəyişir, zaman keçdikcə Azərbaycanın böyük teatr evinin ab-havasını da dəyişirmiş. Bu dəyişimi kino sahəsində də reallaşdıracaqmış ki, milliliyi lillilər, örüşü dəyişkən-sürüşkənlər bundan duyuq düşüb, qarşısını alıblar...
“Özgə”ləri yaşaya-yaşaya özünü unudan bu böyük özgürümüzün başı başqalarını yaşamağa necə qarışıbmışsa, milli sənət qeyrətli yolun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilməyib...
Düzü, mən də bu həzin-hüzn labirintindən çıxıb daha nə yazmaq gərəkliyinə vara bilmirəm. Belə talelər haqda fikirləşəndə, yaxud yazıb-pozanda ayrı-ayrı “zaman”lar, “dövr”lər adamın gözündə necə də miskinləşib-müstərləşir! Xəyalında nə qədər o yan-bu yan eləsən də, onların topuğunu “layiqincə” incidəsi bir “daldan atılan daş” tapa bilmirsən. Həm də axı, müqəddəs sələflərimizdən əxz etdiyimiz nüanslara görə, sözün də bir abır-həya əndazəsi var...
Sadəcə, sözümü belə başa vurum ki, bu qəbil insanlar, birüzlü şəxsiyyətlər üçün ikiüzlü siyasi quruluşlarda yaşayıb-yaratmaq - elə bu yazı qəhrəmanımızın peşə terminilə desək, - bütöv bir tragediya!..
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.15.