“Səhra olduğu kimi”
Dubayda Aida Mahmudovanın fərdi
sərgisi
Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində
“YARAT” Müasir İncəsənət Məkanının
təsisçisi və bədii rəhbəri, rəssam Aida Mahmudovanın əl işlərindən
ibarət ilk fərdi sərgisi
açılıb. “Səhra olduğu kimi” (“Desert as it is”) adlı
sərgi böyük maraqla qarşılanıb.
Dubaydakı “Quadro” qalereyasında
açılan sərgidə
ziyarətçilərə maraqlı və orijinal üslubda yaradılmış 17 yeni
əsər təqdim olunub. Müəllif əsərlərində səhra qumunun zəngin teksturasını
özəl rəngkarlıq
texnikası sayəsində
yaradır və rəngin incə dəyişikliklərini ustalıqla
əks etdirir. Rəssamın səhra landşaftı
üslubunda çəkilmiş
əsərləri xüsusi
zaman və məkan təəssüratı
yaradır.
Aida Mahmudova
sərgi iştirakçıları
ilə söhbətində
“YARAT” Müasir İncəsənət
Məkanının fəaliyyəti
barədə məlumat
verib və birliyin müasir incəsənətin öyrənilməsi
və milli mədəniyyətin ictimai
təbliği ilə məşğul olduğunu
diqqətə çatdırıb.
“Quadro”
qalereyasının direktoru
Roberto Lobardo sərgidə
nümayiş olunan əsərlərdən zövq
aldığını bildirib.
O deyib ki, Aida Mahmudovanın əl işləri ərəb sənətsevərlərinə ilk dəfə təqdim olunur. Bu işlər
rəssamın yaradıcılığının
yeni nümunələridir.
Seçilmiş mövzu regionun
sənət dünyası
üçün çox
aktualdır və rəsmlər olduqca pozitiv və uğurlu alınıb.
Sərginin açılışında sənətsevərlərlə yanaşı, Azərbaycanın
Birləşmiş Ərəb
Əmirliklərindəki səfiri
Daşqın Şikarov,
ölkəmizin Dubaydakı
baş konsulu Pərviz İsmayılzadə
və diplomatik nümayəndəliklərimizin əməkdaşları da
iştirak ediblər.
“Səhra olduğu
kimi” sərgisi dekabrın 5-dək davam edəcək.
Mədəniyyət.- 2017.- 17
noyabr.- S.16.