Yetmiş illik ömrün
unudulmaz 55 ili
Noyabrın
19-da Beynəlxalq Muğam
Mərkəzində görkəmli
tarzən, musiqi təşkilatçısı, Xalq artisti Fikrət
Verdiyevin anadan olmasının 70, yaradıcılıq
fəaliyyətinin 55 illiyi
münasibətilə tədbir
keçirildi.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi
Hafiz Quliyev yubilyarın
həyat və yaradıcılığı barədə
danışdı. O, tarzənin
Azərbaycanın musiqi
mədəniyyəti tarixində,
xüsusən də Gəncədə xalq çalğı alətləri
ansamblının, filarmoniyanın
bədii kollektivlərinin
yaradılmasındakı rolundan
bəhs etdi.
Bildirildi ki, 1947-ci ilin payızında Gəncədə
ziyalı ailəsində
dünyaya gəlmiş
Fikrət Verdiyev kiçik yaşlarından
musiqiyə böyük
maraq göstərir, hələ 1 saylı şəhər musiqi məktəbində, Q.Hüseynli
adına Gəncə orta ixtisas Musiqi
kollecində təhsil
aldığı illərdə
məktəblilərdən ibarət ansambl yaradır, həmin ansambl ilə festivallarda çıxış
edir. Tələbə
ikən musiqi məktəbində dərs
deməyə başlayan
Fikrət Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor,
xalq çalğı
alətləri ifaçılığı
fakültəsində məşhur
tarzən, bəstəkar
və pedaqoq Adil Gərayın sinfində təhsil alır. 1969-cu ildə
"Göygöl" xalq
çalğı alətləri
ansamblını təşkil
edir.
Sonralar dünya şöhrətli
müğənni, SSRİ Xalq
artisti Zeynəb Xanlarovanın ansamblının
konsertmeysteri kimi ölkələr dolaşmış
sənətkar bu gün də iş başındadır,
yaradıcılıqla yanaşı,
təşkilatçılıq fəaliyyətini də davam etdirir, Gəncə filarmoniyasının
bədii rəhbəridir.
Milli Məclisin deputatı, yazıçı-publisist Aqil
Abbas, yubilyarın tələbəlik dostu, Xalq artisti, tanınmış
tarzən Ramiz Quliyev onun haqqında
ürək sözlərini
paylaşdılar.
Sonra tədbir iştirakçıları
yubilyarın həyat və yaradıcılığının
ən önəmli məqamlarını əks
etdirən videoçarxı
izlədilər.
Xalq artisti Teymur Göyçayevin idarə
etdiyi Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri səhnəyə çıxdı.
Yubilyar orkestrin müşayiəti ilə
bəstəkar Hacı
Xanməmmədovun tar ilə
orkestr üçün
konsertinin 2-ci və
3-cü hissələrini solo ifa etdi.
Tanınmış
müğənnilərdən Xalq artisti Nəzakət
Teymurova, əməkdar
artistlər Tünzalə
Ağayeva, Almaz Orucova, Sevinc Sarıyeva, İlkin Əhmədov, Babək Niftəliyev, Əməkdar
mədəniyyət işçisi
Aşıq Əhliman,
Naxçıvan MR-in Əməkdar
artisti Ehtiram Hüseynov və başqaları öz ifaları ilə həm yubilyarın, həm də yubiley gecəsinin seyrçilərinin qəlbini
oxşadılar. Müğənniləri Xanlar Cəfərovun rəhbərlik etdiyi "Rast" instrumental ansamblı
müşayiət edirdi.
Gecənin sonunda Fikrət
Verdiyev çıxış
edərək milli mədəniyyətin, xüsusilə
muğam sənətinin
inkişafına göstərdikləri
diqqət və qayğıya görə ölkə başçısı
İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Deyirlər ki, insanın
bir öz yaşı var, bir də öz
sənətinə həsr
etdiyi yaşı.
Yaşanan ömür mənalıdırsa,
sənətə həsr
edilən illər məhsuldardırsa, onda bu rəqəmlər gərək toplana. Əgər belədirsə,
o zaman Fikrət Verdiyevi 70 üstəgəl
55 yaşı ilə təbrik edirik!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.-22
noyabr.- S.3.