Çağdaş dirijorluq sənətinin görkəmli
nümayəndəsi
Maestro Rauf Abdullayevin 80 illik yubileyi qeyd olundu
Noyabrın 20-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli
dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr olunmuş gecə keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə reallaşan tədbirdə dövlət
və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət
və incəsənət
xadimləri iştirak
edirdi.
Yubiley gecəsində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Rauf Abdullayevin
yaradıcılıq yolundan
danışdı, onun
sənət uğurlarını
qeyd etdi. Bildirdi ki, ölkəmizdə hər zaman mədəniyyət və
incəsənət xadimlərinə
dövlət səviyyəsində
xüsusi diqqət və qayğı göstərilir. Bu yaxınlarda
Rauf Abdullayevin Prezident İlham Əliyevin imzaladığı
sərəncamla “İstiqlal”
ordeni ilə təltif olunması sənətə və sənətkara verilən böyük qiymətin göstəricisidir: “Azərbaycan
musiqisinin inkişafında
və dünya miqyasında tanıdılmasında
Rauf Abdullayevin özünəməxsus yeri
var. Əsası böyük
dirijor Niyazi tərəfindən qoyulan
Azərbaycan dirijorluq məktəbinin sonrakı
inkişafında Rauf müəllimin öz imzası var”.
Nazir vurğuladı ki, Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan və bir çox dünya bəstəkarlarının
əsərləri məharətlə
ifa olunub: “Rauf Abdullayevin geniş repertuarına müxtəlif dövrlərdən,
üslub və cərəyanlardan olan əsərlər daxildir. Azərbaycan bəstəkarlarının bir
çox operaları, balet və simfoniyaları
məhz Rauf Abdullayevin rəhbərliyi
ilə ilk dəfə
ölkə daxilində
və xaricdə səsləndirilib. O, eyni
zamanda Azərbaycan klassik musiqisi ilə yanaşı, dünya klassik musiqilərini, gənc bəstəkarlarımızın əsərlərini ifa etməklə musiqi duyumumuza yeni bir ab-hava gətirib”.
Rauf Abdullayevin ölkəmizdə
gənc musiqiçi nəsillərin yetişməsində
də xidmətləri
olduğunu diqqətə
çatdıran Əbülfəs
Qarayev qeyd etdi ki, maestronun
pedaqoji fəaliyyəti
nəticəsində ölkəmizdə
yeni-yeni savadlı, istedadlı gənclər ortaya çıxır.
Nazir çıxışının
sonunda bir daha yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və
yaradıcılıq uğurları
arzuladı.
Daha sonra tədbir
konsert proqramı ilə davam etdi. Maestronun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin “Taleyin gücü” operasından uvertüra, Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və “İldırımlı yollarla”
baletindən fraqmentlər,
Ottorino Respiginin “Pini di Roma” əsərləri
səsləndirildi.
Qeyd edək ki, Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının
Fortepiano fakültəsini bitirib.
1960-1965-ci illərdə
Sankt-Peterburq Dövlət
Konservatoriyasında Opera və
simfonik orkestr dirijorluğu fakültəsində
təhsil alıb.
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrına dirijor kimi dəvət
alan sənətkar
1968-1984-cü illərdə burada baş dirijor olaraq çalışıb. O, 1984-cü ildən Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət
göstərir. Görkəmli dirijorun rəhbərliyi ilə bu orkestr
bir çox xarici ölkələrdə
böyük uğurla
çıxış edib.
Rauf Abdullayevin musiqi
sənəti sahəsindəki
xidmətləri dövlətimiz
tərəfindən həmişə
yüksək qiymətləndirilib.
O, 1970-ci ildə Əməkdar
incəsənət xadimi,
1982-ci ildə Xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına
layiq görülüb,
1997-ci ildə “Şöhrət”,
2012-ci ildə “Şərəf”,
bu günlərdə isə “İstiqlal” ordeni ilə təltif edilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.-22
noyabr.- S.3.