İki dost bir tədbirlə anıldı
Noyabrın 20-də
Teatr Xadimləri İttifaqında iki görkəmli incəsənət
xadimi - tanınmış
rejissor, pedaqoq Zəfər Nemətovun və Azərbaycan təsviri sənəti və rəssamlıq məktəbinin seçilən
nümayəndəsi Həsən
Haqverdiyevin 100 illik yubileylərinə həsr
olunmuş "İki
dost" adlı tədbir
keçirildi.
Bu yaradıcılıq
qurumu ilə Mədəniyyət və
Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə ərsəyə
gələn tədbirdə
Zəfər Nemətova
həsr olunmuş
"Zəfər ömrü"
kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən
ibarət "Davam"
sərgisi təqdim edildi.
Tədbirin aparıcısı, Xalq artisti Hacı
İsmayılov həyatın
ağır sınaqları
ilə üzbəüz
qalmış, lakin sənətin ucalığını
hər zaman qorumuş, öz sənət və həyat prinsiplərinə
heç zaman xəyanət etməmiş
iki yaradıcı dostun taleyindən söz açdı.
Xalq rəssamı Arif
Hüseynov Həsən
Haqverdiyevin yaradıcılığı
barədə danışarkən
qeyd etdi ki, görkəmli rəssam həmişə
aktual mövzulara toxunub, istər rəngkarlıq, istərsə
də qrafika əsərlərində daim
müəllif obyektivliyini
qoruyub. Janr çərçivəsinə
sığmayan rəssamın
portret və mənzərə əsərlərində
onun diqqətçəkən
rənglərə üstünlük
verməsi Həsən
Haqverdiyevi digər qrafika ustalarından fərqləndirir. Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov və yubilyar fırça ustasının
oğlu, Əməkdar
rəssam Hüseyn Haqverdiyev rəssamla bağlı xatirələrini
bölüşdülər. Sənətkarın qızı,
tanınmış musiqişünas,
Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova isə atasını daha çox insan, valideyn kimi tanıdan xatirələrini danışdı,
həm də bu tədbirə görə əməyi keçən hər kəsə minnətdarlığını
bildirdi.
"İki
dost" tədbirində təqdim
edilən, Teatr Xadimləri İttifaqının
məsul katibi Aida Qafarovanın müəllifi
olduğu "Zəfər
ömrü" kitabı
da teatrşünaslığa
töhfə kimi qiymətləndirildi. Kitabda görkəmli
pedaqoq-rejissorun milli teatr sənətinə gətirdiyi yeniliklər, ictimai və pedaqoji fəaliyyəti geniş işıqlandırılıb.
Kitabda həm də Zəfər Nemətovla birlikdə çalışmış,
onu şəxsən tanımaq şərəfinə
nail olmuş sənət
adamlarının xatirələri
yer alıb.
Filologiya elmləri doktoru Nadir Məmmədov, kitabın müəllifi Aida Qafarova nəşr haqqında, Xalq artisti Əminə
Yusifqızı isə
kitabın qəhrəmanı,
öz sənət müəllimi barədə
xatirələrini danışdı.
Əminə xanımın
xatırladığı Zəfər
müəllim bu il 90 illik yubileyi
qeyd ediləcək Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının repertuar
siyasətini düzgün
müəyyən edən,
neçə nəsil
gənc tamaşaçının
sənət zövqünün
tərbiyəsində mühüm
rol oynamış əsərlərin tamaşaya
qoyulmasında misilsiz xidmət göstərmiş,
bu günün bir çox məşhur aktyorunu kəşf etmiş rejissor idi.
Bir sözlə, "İki
dost" tədbirində çıxış
edən hər kəs birəsrlik yubileyi qeyd edilən
iki böyük sənətkarın milli mədəniyyətin inkişafında,
onların əsərləri
ilə tanışlığın
insanın bədii-estetik
zövqünün formalaşmasında
xidmətlərini vurğuladılar.
Hər zaman bu yaradıcılıq
qurumunda keçirilən
tədbirlərdə hamını
salamlayan Teatr Xadimləri İttifaqının
sədri, Xalq artisti, professor Azərpaşa
Nemətov isə bu dəfə tədbirin sonunda çıxış edərək,
atasına və onun sənət dostuna həsr edilmiş tədbirin təşkilatçılığında əməyi keçənlərə
təşəkkürünü bildirdi.
G.Mirməmməd
Mədəniyyət.- 2017.-22
noyabr.- S.4.