Ustad aşıq Bəylər Qədirovun 100 illik yubileyi qeyd olundu

 

 

   Noyabrın 17-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ustad aşıq Bəylər Qədirovun anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

   Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq Azərbaycan aşıq sənətinin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərmiş Aşıq Bəylərin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, görkəmli sənətkar 1917-ci ildə Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açıb. Çox erkən çağlardan aşıq sənətinin sirlərinə vaqif olub. Yüksək ifaçılıq bacarığı və istedadı sayəsində qısa müddətdə ölkəmizdə tanınıb. İfa etdiyi saz havaları Azərbaycanın hüdudlarından kənarda, o cümlədən İran və Türkiyədə maraqla qarşılanıb.

   Yaradıcı aşıq kimi tanınan Bəylər Qədirov ustadnamə, müxəmməs, gözəlləmə kimi aşıq şeiri janrlarında əsərlər qələmə alıb, bir neçə dastanın müəllifi olub. Onun 1966-cı ildə ifa etdiyiAbbas və Gülgəz” dastanı Azərbaycan Radio Komitəsinin səsyazma studiyası tərəfindən lentə alınıb. İndi də Azərbaycan Radiosunun “Qızıl fondunda saxlanılır. Aşıq Bəylər “Peyvənd şikəstə”, “Kərəmi” və digər saz havalarının əvəzolunmaz ifaçısı kimi tanınıb. Müəllifi olduğu “Kəndimiz” mahnısı bu gün də aşıqlar tərəfindən maraqla ifa olunur.

   Respublika və beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan mədəniyyətini uğurla təmsil edən Aşıq Bəylər Aşıqların II və III qurultaylarının, Moskvada keçirilmiş “Azərbaycan mədəniyyəti günləri” ongünlüklərinin iştirakçısı olub. O, xalq yaradıcılığı sahəsində xidmətlərinə görə diplom, fəxri fərman və digər təltiflərə layiq görülüb. Sənətkar 3 iyun 1991-ci ildə doğulduğu kənddə vəfat edib.

   Tanınmış kamança ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev aşığın sənətinin özünəməxsusluğundan bəhs etdi, xatirələrini bölüşdü.

   Çıxışlardan sonra bədii hissəyə keçildi. İlk olaraq Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Dolanır” aşıq havasını səsləndirdi.

   Əməkdar mədəniyyət işçiləri Əhliman Şirvanlı, Ulduz Sönməz, Solmaz Kosayeva, Ağamurad Şirvanlı, Vüqar Mahmudoğlu, aşıqlardan Abbas Musaxanlı, Qönçə Qubadlı, Əli Tapdıqoğlu, Gözəl Kəlbəcərli, Qələndər Zeynalov və başqaları vaxtilə Aşıq Bəylərin repertuarında yer alan “Şəşəngi”, “Döymə Kərəmi”, “Şakir gözəlləməsi”, “Göyçə gülü”, “Aran gözəlləməsi”, “Kərəmi”, “Naxçıvan gülü”, “Şirvan şikəstəsi” kimi saz havalarını ifa etdilər.

   Sonda sənətkarın övladları İxtiyar və Adilə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirdilər.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.6.