IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb

 

 

   Paytaxtımız noyabrın 15-dən 18-dək IV Beynəlxalq Turizm Filmləri Festivalına ev sahibliyi etdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmlərin təbliği, ən yaxşı filmlərin müəlliflərinin həvəsləndirilməsi, habelə zəngin tarixi və mədəni irsə malik olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir.

   Noyabrın 17-də IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib. Məlumat verilib ki, müsabiqə 5 kateqoriya üzrə (“Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Reklam filmləri”, “Ekoturizm və digər turizm növləri”, “Televiziya məhsulları”) aparılıb. Festivalın seçim komissiyasına 70 ölkədən 424 ekran əsəri təqdim edilib. Göndərilən filmlər sırasından 43 ölkədən 84 ekran işi müsabiqəyə qəbul olunub. Ölkəmiz bu festivalda “Ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunub.

   Festivala təqdim edilən filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi mükafatlandırıb. Festivalda yarışan yerli filmlər həm də milli mükafat uğrunda mübarizə aparıb.

   Tədbirdə festivalın qalib ekran əsərləri mükafatlandırılıb.

 

Mədəniyyət.- 2017.-22 noyabr.- S.8.