“Bir günəş
altında”
Azərbaycanın
multikultural zənginliyindən söz açan sənədli
film Monteneqroda təqdim
olunub
Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə paytaxt Podqoritsada “Bir günəş altında” sənədli filminin təqdimatı keçirilib. Təqdimatda Monteneqronun dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən ekran əsəri Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyevadır.
Təqdimatda çıxış edən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov qeyd edib ki, “Bir günəş altında” layihəsi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub.
O, Azərbaycanda bütün milli azlıqların, dini qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ölkəmizdə multikulturalizmin dövlət siyasəti olduğunu diqqətə çatdırıb. 1995-ci ildən 16 noyabrın dünyada Tolerantlıq günü kimi qeyd edildiyini, eyni zamanda 17 noyabrın Azərbaycanda Milli Dirçəliş Günü olduğunu xatırladan diplomat filmin məhz bu tarixdə nümayiş etdirilməsinin həm də rəmzi xarakter daşıdığını bildirib.
Film
böyük marağa
səbəb olub, təqdimat yerli mediada
işıqlandırılıb.
Mədəniyyət.- 2017.- 22
noyabr.- S.16.