Ölməz musiqilər gənc
vokalçıların ifasında
Milli Konservatoriyada Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert
Noyabrın 22-də Azərbaycan Milli Konservatoriyasında
(AMK) görkəmli bəstəkar,
Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
“Mədəniyyət”
telekanalı ilə birgə təşkil olunan konsertdən əvvəl çıxış
edən AMK-nın rektoru, Xalq artisti
Siyavuş Kərimi öz musiqiləri ilə qəlblərdə
yaşayan unudulmaz bəstəkarla bağlı
xatirələrini dilə
gətirdi, yaradıcılığının
özəl tərəfləri
haqqında fikirlərini
bölüşdü. Rektor bildirdi
ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. Onun mahnıları əbədiyaşardır.
Bəstəkarın yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti
cəlb edib. Onun mahnıları musiqiyə
sonsuz sevgisinin təcəssümüdür. Bu gün gənc
nəsil ifaçılar
da mütəmadi olaraq Tofiq Quliyevin
əsərlərinə müraciət
edirlər.
Rektor tədbirin hazırlıq
prosesindən də danışaraq konsertin ərsəyə gəlməsində
xüsusi rolu olan Xalq artisti,
AMK-nın Milli vokal kafedrasının müdiri Azər Zeynalova təşəkkürünü
bildirdi.
Sənətkarın həyat və
yaradıcılığını əks etdirən videoçarx nümayiş
olunduqdan sonra tələbələrin ifasında
Tofiq Quliyevin ölməzlik qazanan mahnıları bir daha pərvazlanaraq salonu bürüdü.
Böyük sevgi, həssas
hisslərlə dolu olan musiqilər gənc vokalçıların
ifasında sanki daha da gəncləşərək
əbədiyaşarlığını sübut edirdi.
Konsertin sonunda səhnəyə
dəvət olunan bəstəkarın oğlu,
Xalq artisti, kinorejissor Eldar Quliyev tədbirin təşkilinə görə
konservatoriyanın rəhbərliyinə
təşəkkür edərək
gənc ifaçıları
uğurlu çıxışlarına
görə təbrik etdi.
Tədbirdə AMK-nın professor-müəllim heyəti, tələbələr, qonaq
qismində xalq artistləri Azərpaşa
Nemətov, Hacı İsmayılov, Rafiq Əliyev iştirak edirdilər.
L.Azəri
Mədəniyyət.- 2017.- 24 noyabr.- S.5.