Azərbaycanın sədrliyi ilə
İSESCO ölkələri mədəniyyət nazirlərinin
konfransı keçirilib
21-23 noyabr tarixində Sudanın Xartum şəhərində İSESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin 10-cu konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Qeyd edək ki, 2015-ci ilin 23-25 noyabr tarixində Bakıda İSESCO İcraiyyə Şurasının 36-cı iclası və İSESCO Baş Konfransının 12-ci sessiyası keçirilmişdi. Həmin tədbir zamanı Azərbaycan Respublikası növbəti üç il müddətinə İSESCO-nun ali orqanının - Baş Konfransın sədri seçilmişdi. Bununla əlaqədar Azərbaycan İSESCO mədəniyyət nazirlərinin 10-cu konfransına sədrlik edib.
Tədbirdə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin təşkilatın son iki il ərzində fəaliyyətinə dair hesabatları dinlənilib. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş “Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə”yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edilib.
Nazir Əbülfəs Qarayev çıxış edərək son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlığı, Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam həmrəyliyi ili” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə IV İslam Həmrəyliyi Oyunları, IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinə daxil edilməsinin əhəmiyyəti, habelə 2018-ci ildə Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirəcəyi barədə məlumat verib.
Nazir Bakı şəhərinin EXPO 2025 sərgisini keçirməyə namizəd olduğunu da diqqətə çatdırıb və müsəlman ölkələrini iddiaçılar arasında İSESCO və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan yeganə ölkənin - Azərbaycanın paytaxtının namizədliyini dəstəkləməyə çağırıb.
Əbülfəs
Qarayev tədbir çərçivəsində
İSESCO-nun baş direktoru, Türkiyə, Bəhreyn, Sudan, Banqladeş, İraq və digər ölkələrdən
olan həmkarları ilə
görüşərək qarşılıqlı əməkdaşlıq
məsələlərini müzakirə edib.
Mədəniyyət.- 2017.- 24 noyabr.- S.3.