Mütaliəni təşviq edən kreativ layihələrin hazırlanması
Milli Kitabxanada treninqlər
təşkil olunub
Azərbaycan Milli Kitabxanasında “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda treninqlər təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin cari iş planına müvafiq olaraq 25-27 oktyabr və 14-16 noyabr tarixlərində keçirilən treninqlərin məqsədi şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) mütəxəssislərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsidir.
Milli Kitabxananın oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova şəhər və rayon kitabxanalarının informasiya-resurs şöbələrinin işçilərinə gənc oxucuların aktiv mütaliəyə cəlb olunmasında müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə barədə məlumat verib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə kitabxanaların səmərəli fəaliyyət göstərməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, fondların zənginləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Müasir kitabxana-informasiya infrastrukturu yaradılıb, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin intellektual potensialının inkişafı üçün bir sıra addımlar atılıb. İştirakçılar Milli Kitabxananın yeni elektron layihələri ilə bağlı məlumatlandırılıb.
Treninqlərdə Yevlax şəhər, Balakən, Ağsu, Biləsuvar, Cəbrayıl, İmişli, Qobustan, Oğuz, Salyan, Şabran, Masallı, Gədəbəy, Tərtər, Lerik və Şamaxı rayonlarının mərkəzi kitabxanalarının əməkdaşları iştirak ediblər. Bütün iştirakçılara Milli Kitabxana tərəfindən sertifikat təqdim olunub.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 24 noyabr.- S.4.