“Sankt-Peterburq Forumu ölkəmizin təmsil olunduğu
mötəbər mədəniyyət tədbirlərindən biridir”
Xəbər verildiyi kimi, 16-18 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində VI Beynəlxalq Mədəniyyət Forumu keçirilmişdir. Forumda Azərbaycanı Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinin rəhbəri Forumun mahiyyəti, məqsədi və nəticələri barədə təəssüratlarını bölüşüb.
- Timuçin müəllim, Azərbaycan neçə illərdir ki, müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərə, eləcə də beynəlxalq forumlara ev sahibliyi edir, eyni zamanda mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun məqsədi nə idi?
- Siz düzgün qeyd etdiniz ki, Azərbaycan son illər ərzində müxtəlif irimiqyaslı beynəlxalq tədbirlər, forumlar təşkil edir, dünyanın müxtəlif ölkələrində keçirilən analoji tədbirlərə qatılır. Bu tədbirlər Azərbaycan dövlətinin xalqlar, ölkələr və bütövlükdə insanlar, icmalar və cəmiyyətlərarası anlaşma və dostluğun, sülhün bərqərar olmasına töhfəsinin, multikultural prinsiplərə sadiq qalmasının bariz nümunəsidir. Bakı Beynəlxalq Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına xidmət etmişdir. Biz bunu Forumda iştirak edən zaman hiss etdik.
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu mədəniyyət və incəsənət xadimlərinin bir araya gəldiyi geniş diskussiya, fikir və təcrübə mübadiləsi meydanlarından biridir. Forumu giriş sözü ilə açan Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski tədbirin başlıca məqsədinin iştirakçı ölkələrin və dünya ictimaiyyətinin həyatına konstruktiv mədəni inkişafın fəal qüvvəsinin əsas istiqamətlərini formalaşdırmaq olduğunu bildirdi. Bununla yanaşı, Forumun hədəfləri sırasında bəşəriyyətin mədəni irsinin qorunub saxlanılması və artırılmasına yönəlmiş milli, dövlətlərarası və qlobal proqramların işlənib hazırlanması və tətbiq edilməsi də diqqətimizi cəlb etdi. Forum qarşısına qlobal və lokal səviyyələrdə müasir cəmiyyətin inkişafına müsbət təsir göstərə biləcək yeni effektiv mexanizmlərin yaradılmasını təmin etmək kimi hədəf də qoymuşdur. Forumun açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin öz çıxışında tədbir iştirakçılarına müraciət edərək, qeyd etdi ki, “Siz heç bir tərcümə tələb etməyən incəsənət dilində danışırsınız. Sizin istedadınız, qəlbinizin genişliyi, peşəkarlığınız quruculuq, yaradıcılıq və xeyirxahlığa sövq edir, dünyamıza ruh yüksəkliyi bəxş edir, onu nəcibliklə və güclü mənəviyyatla zənginləşdirir. Təsadüfi deyildir ki, incəsənət xadimləri - rəssamlar, şairlər, aktyorlar, musiqiçilər cəmiyyətdə böyük nüfuz sahibidirlər”. Bu cür müraciət tədbirin iştirakçılarının nə qədər böyük nüfuz və qüvvəyə malik olduqlarını bir daha vurğulamışdır.
- Məlum olduğu kimi, bu il keçirilən Forum sayca altıncıdır. Forumun əhatə etdiyi coğrafiya və bu çərçivədə keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd etmək vacibdir ki, builki Foruma rekord sayda - 100-ə yaxın ölkədən 35 min iştirakçı, 30 ölkənin mədəniyyət nazirləri qatılmışdı. Dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş mədəniyyət xadimləri, o cümlədən teatr, kino, xoreoqrafiya, musiqi, rəssamlıq, ədəbiyyat, təhsil, turizm və digər sahələrin mütəxəssisləri burada həm öz milli mədəniyyətlərini təmsil edə, həm də dünya klassik irsi ilə təmasda ola bilmişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı seksiyalarda öz peşələrinə uyğun çıxışlar edərək, Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əldə etdiyi uğur və nailiyyətlərdən danışmışlar.
- Timuçin müəllim, şəxsən Sizin üçün Forum nə ilə yadda qaldı?
- Əvvəla onu qeyd etməliyəm ki, Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. İstər açılış mərasimi və plenar yığıncaq, istərsə də seksiyalar, eləcə də bədii tədbirlər xüsusi zövqlə və peşəkarcasına hazırlanmışdı. Forum çərçivəsində şəhərin 167 məkanında 450 tədbir keçirilmişdir. Bu tədbirlər arasında məşhur pedaqoq və xoreoqraf Marius Petipanın 200 illik yubileyi ilə əlaqədar 2018-ci il Rusiyada “Balet ili” elan edilməsinə həsr olunmuş dəyirmi masanın keçirilməsi və bu günlərdə Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçəcək Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiyanın Xalq artisti Nikolay Tsiskaridze ilə görüşümüz oldu. Ümumiyyətlə, Forum qloballaşma dövründə mədəniyyətin qorunması və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək yeni texnologiyalar, yeni tanışlıqlar, əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilmə perspektivlərinin müzakirəsi ilə yadda qaldı. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Azərbaycanın təmsil olunduğu dünya səviyyəli mədəniyyət tədbirlərindən biridir və onu Azərbaycan elmi, mədəniyyəti və incəsənətinin təbliği üçün yeni bir müstəvi kimi qiymətləndirirəm.
Söhbətləşdi:
Əbülfəz Babazadə
Bakı Xoreoqrafiya
Akademiyası İnformasiya və ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri
Mədəniyyət.- 2017.- 24
noyabr.- S.7.