Ağ pələng eşqinə seyr edilən və sevilən tamaşa
Avtobusdakı saata baxıram. Gündüz
saat 3-ə az
qalıb. Tıxac isə bitmək bilmir ki, bilmir. Elə bil
heç istirahət günü deyil. Sanki məktəblilər tətilə çıxmayıb,
şəxsi maşını
olanlar tətildədir,
hamısı şəhərdə
"təkər seyrinə"
çıxıblar. Dayanacaqda
düşüb az qala qaçaraq
gedəcəyim ünvana
üz tuturam. Yol boyu uşaqların əlindən yapışmış
adamlar məni geridə qoyurlar. Belə məlum olur ki, tamaşaya gecikəcəyindən narahat
olan təkcə mən deyiləm.
...Yaxşı
ki, vaxtında özümüzü yetiririk.
Noyabrın 9-dan bəri axır
ki, macal tapıb "Ağ pələnglər" attraksionunun
adının afişaya
çıxarıldığı sirk tamaşasına baxırıq.
* * *
Sirk haqqında fikirlər
heç vaxt birmənalı olmayıb.
İstər ev,
ya da vəhşi
heyvanların iştirak
etdiyi nömrələr,
istərsə də gimnastların, gözbağlayıcıların,
akrobatların, klounların
iştirakı ilə
tamaşalara insanların
münasibəti fərqlidir.
Hərçənd müasir
sirk tamaşaları ən azı yüz ildir ki, Neronun vəhşi
sirkindən fərqlənir,
sirkdə çıxış
edən heyvanlar da demək olar
ki, elə "sirk uşağı"dır,
onlar üçün
nəinki vəhşi
təbiətdə, hətta
zooparkda da yaşamaq böyük stressdir. O ki qaldı akrobatlara, ildən-ilə qoruyucu bağlarsız çıxış
edən hava gimnastlarının sayı
artır. Hətta dünyanın ən
məşhur sirkləri
qoruyucu troslarla çıxış edənlərə
arena verməyi öz nüfuzlarına sığışdırmırlar.
O ki qaldı bizim Bakı sirkinə... Bu dəfə Rusiya
sirk artistlərinin çıxışlarına baxmaq
üçün burdayıq.
* * *
Əvvəlcə hava gimnastı
Alisa Nesterova manejə
çağırılır. Özümüzü tamaşa məkanına
zorla yetirmişik, bizdən sonra gələnlər də var deyə, hələ tamaşanı
seyr etməyə tam köklənə bilmirik.
Amma sonra biləcəyik ki, gimnast xanımın digər məharətini bir daha görmək
şansımız varmış...
Düzdür, digər hava
gimnastı Yuliya Koçanın çıxışı,
girdə qəfəs kimi qurulmuş, kapsul kimi açılan
şəbəkə sferanın
içində göstərdiyi
performans daha maraqlı, daha həyəcanlandırıcı idi.
Gözbağlayıcı
dördlüyün, bir
də həm müstəqil nömrə
ilə çıxış
edən, həm də nömrələr arası boşluqları dolduran şən kloun Aleksin çıxışları,
xüsusən də klounun proqramın aparıcısı, aktyor Elçin İmanov ilə Azərbaycan dilində söz güləşdirməsi, üstəlik,
balacaların klounu dəstəkləməsi elə
ən çox azyaşlı tamaşaçıların
ürəyincə idi.
Amma 6 kişi və
1 qadın akrobatdan ibarət qrupun həyəcan dolu tryukları, doğrudan da, adamın nəfəsini kəsir, əsl sirk havası
yaşadırdı. Az qala hər
sıçrayış, hər
tullanış, təxminən
4-5 metr hündürlükdə
vurulan hər salto başa çatanda köksünü
ötürürdün ki,
şükür, bu dəfə salamat qurtardı.
Budur, konferansye elan edir: telefonların işıqlarını, uşaqların
əllərindəki lazer
çubuqların rəngbərəng
işıqlarını söndürün,
balacaları qucağınızda
saxlayın, manejə yaxınlaşmayın. Niyə? Çünki ağ
pələnglər belə
işıq sayrışmalarından
qıcıqlana bilər.
Sirkdə böyümüş
olsa da, əhliləşmiş sayılsa
da, pələng elə pələngdir, əvvəlcədən bilmək
olmaz bu dəfə özünü
necə aparacaq...
Bütün qoruma tədbirləri görülüb, hətta
sirkin bir neçə əməkdaşı
dəmir torun
arxasında, əllərinin
altında yanğınsöndürmə
balonları sərvaxt
durublar ki, işdir, olmadı belə, oldu elə, manejdə əsəbiləşən olsa,
onu sərin su ilə sakitləşdirsinlər...
Budur, iri və təbiətdə
nadir tapılan ağ rəngli pələnglər bir-birinin
ardınca ağayana ləngərli yerişlə
qəfəsdən manejə
çıxırlar. Əslində, bu cür ağayana
yerişin heyvanlar şahı şirlərə
məxsus olduğuna əminik. Çünki pələnglər adətən, daha çevik, daha iti reaksiya verən
vəhşi pişik sayılırlar. Hə,
pişik demişkən,
bir-birinin ardınca arenada görünən, böyürlərdəki podiumlarının
üstündə yerlərini
tutan altı ağ pələng
yaman sakit görünür. Deyəsən, onların çıxışı
boyunca tarixi vətənlərini xatırladan
mediativ xarakterli musiqi də pələnglərə sakitləşdirici
təsir bağışlayır.
Həm də onlar özlərini bir qədər ərköyün ev pişiyi kimi aparırlar: yəni, ey insan,
mən səninlə oynayıram, sən mənimlə yox...
Amma təlimçi də onun üçündür ki, bu iri, qara zolaqlı, belinin ortası azacıq sarımtıl rəngə çalan “pişiklər” öz təbii instinktlərinə əsasən alışdıqları hərəkətləri yerinə yetirsinlər. Əslində, vəhşi heyvanlarla olan bəzi attraksionlarda müşahidə etdiyimiz təlimçi sərtliyi, tərsliyi tutmuş heyvanı nərildədərək onu hansısa hərəkəti yerinə yetirməyə məcbur etmək hikkəsi təlimçilər Alisa Nesterova (məhz proqramın açılış nömrəsində hava gimnastı kimi çıxış edən sirk artisti) və Aleksey Poruçayevin davranışında görünmür. Ağ pələnglərdən könlü istəyən arxasını təlimçiyə çevirib diqqətlə tamaşaçıları elə sakit və ciddi baxışlarla süzür ki, sanki əyləşənlərin arasındakı tanışlarını görməyə çalışır, kefi istəyən də bir tapşırığı iki dəfə tələb olunandan sonra yerinə yetirir. Olsun!.. Ağ pələngdən tryuk, mütləq iri cəfəngini açıb bağırmağı, elə dişləri boyda caynaqlarını bizə göstərməyi, ya da akrobat çevikliyi tələb etməyəcək ki?! Əsəbiləşib qıcıqlanmasındansa, elə naz sata-sata ərköyün çıxış etməyi məsləhətdir. Unutmayaq, biz əcdadları Qafqazda şir-pələng populyasiyasını qırdığından belə təbiət möcüzələrinə tamarzı qalanlar nəslindənik. O ki qaldı ağ pələnglərə, onlar mənşəcə Benqal pələngidir. Doğulan hər 10 min normal rəngli Benqal pələngindən yalnız biri ağ pələng düşür.
* * *
Pələnglərdən fərqli olaraq, hələ sirk atlarının ərköyünlüyünü, əsəbiləşdiyini görən olubmu? Çətin... At həyatda da, manejdə də sübuta yetirir ki, mən insanın dostuyam, onun dayağıyam. Deyəsən, atı da ən çox sevən, ona əsl dost münasibəti bəsləməyi bacaran daha çox qafqazlılardır. Ağlım kəsəndən Rusiyanın bütün sirk kollektivlərində atlarla attraksionlarda çıxış edənlərin əslən Qafqaz xalqlarından olduğunu görmüşəm. Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Teymuraz Kanukovun başçılıq etdiyi “İriston” atlı akrobat dəstəsinin çıxışı “atlı-akrobatik forsaj” kimi qiymətləndirilə bilər. Həqiqətən də, gözəl atlar (atların cinsindən o qədər də başım çıxmadığı üçün sadəcə, rənglərinə fikir verdim: biri mənim çox sevdiyim "Başsız atlı" əsərinin qəhrəmanı Moris Ceraldın Luiza Poindeksterə bağışladığı xallı mustanqa oxşayırdı, qalanları isə ağ, qara rəngdə idilər), igid akrobatlar, qan coşduran Qafqaz təranələri, təhlükəli tryuklar, lap sonda isə at üstündə dövrə vuran akrobatın üçrəngli Azərbaycan bayrağını dalğalandırması sirk salonunda elə bir coşqu yaratdı ki, uşaqlı-böyüklü tamaşaçıların səsi orkestrin səsini belə eşidilməz etdi!
* * *
...Düzü, çoxdan idi ki, sirkə getmirdim, budəfəki tamaşaya məhz ağ pələnglərin eşqinə getsəm də, bəyəndiyim çıxışlar çox oldu. O üzdən təəssüratımı bölüşmək istədim. Vaxt daralır, bu həftəsonu "Ağ pələnglər"in paytaxt tamaşaçıları ilə son görüşləri olacaq. Qaçırmayın.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 24
noyabr.- S.11.