Gənc rəssamın “Adsız” sərgisi

 

 

   Noyabrın 28-də Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış gənc rəssam Niyaz Nəcəfovun “Adsız” adlı fərdi sərgisi açıldı. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

   Sərginin açılışında nazirliyin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək bildirdi ki, rəssam Niyaz Nəcəfov nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da tanınır. Onun əsərləri Heydər Əliyev Fondunun, YARAT Müasir İncəsənət Mərkəzinin layihələrində yer alıb, müxtəlif ölkələrdə nümayiş olunub.

   Vurğulandı ki, sərgidə nümayiş olunan sənət əsərlərinin rəngkarlıq və rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın üslubunun əsas xüsusiyyətlərindəndir. Rəssamın əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Bu əsərlər forma cəhətdən fərqlidir. Müasir sənəti özündə təzahür etdirir. Sərgilənən əsərlərdə azad sənət ifadəsi nümayiş olunur.

   Qeyd edildi ki, Niyaz Nəcəfov daima yeni stilistik həllər axtarışındadır. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel onun yaradıcılığını xarakterizə edir.

   Rəssamın sənət dostu Rəşad Ələkbərov çıxış edərək bildirdi ki, Niyazinin kimliyini, onun yaradıcılığını təyin etmək və yaxud da ifadə etmək elə də vacib deyil. Sadəcə olaraq, onun simasında, həqiqətən də, Azərbaycan müasir incəsənətinə özünəməxsus yeniliklər əlavə edən rəssamı görmək lazımdır. Dəyişik mövzular onun yaradıcılığının əsasını təşkil edir.

   Qeyd edək ki, rəssamın əsərləri tez-tez Bakının aparıcı qalereyalarında sərgilənir. 2009-cu ildə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamlardan olan Niyaz Nəcəfovun iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarkabaşqa ölkələrdə nümayiş etdirilib.

   Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. 200-dək sənət əsərinin nümayiş olunduğu sərgi dekabrın 2-dək ziyarətçilər üçün açıq olacaq.

   

   Lalə

  

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.2.