Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatı

 

 

   Noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da tədbirə qatılıb.

   “Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommerdir.

   Ekran əsərinin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdennova səhnəyə çıxıblar.

   Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislik var?”. Biz bu suallara cavab vermək qərarına gəldik və qəhrəmanlarımız da buya digər dərəcədə bu suallara cavab veriblər”. Rejissor filmin qəhrəmanları Vüsalə Kərimova və Aleksandra Abıdennova barədə də söhbət açıb. Qeyd edib ki, bu qızların həyat eşqi bizim hər birimizə nümunə ola bilər.

   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək deyib: “Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmlə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xətrinə dəyəndə özümüzü incitmiş oluruq”.

   Filmdə tamaşaçı 20 ildən çox həbsxana həyatı yaşamış və hazırda hər gününü xeyirxahlıqla başlayan insanla, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların yaşaması üçün mübarizə aparan həkimlərlə tanış olur. Ekran əsərinin daha bir qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, ali məktəbdə oxuyur, rəqslə məşğul olur, paraşütdən tullanır, bununla da yaşamaq uğrunda mübarizə aparır və Şərə qalib gəlir.

   Filmdə həyatın fəlsəfəsi, insanın yaşamaq uğrunda mübarizəsi əksini tapıb.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.4.