Cövdət Hacıyevin 100 illiyi Londonda konsert proqramı ilə qeyd olunub
Avropa Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı, İngiltərə-Azərbaycan Cəmiyyəti, “Rapid Solutions” şirkəti,
Britaniyada fəaliyyət
göstərən Azərbaycan
Evinin dəstəyi ilə Londonda “St Johns Smith Square” konsert zalında görkəmli bəstəkarımız, Xalq
artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilən konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən C.Hacıyevin qızı Pərvin Muradova bəstəkarın
həyat və yaradıcılığı haqqında
məlumat verib.
O, ABŞ-da musiqi təhsili, Azərbaycan-Amerika
Mədəniyyət Fondunun
fəaliyyəti barədə
də danışıb.
Sonra tədbir konsert
proqramı ilə davam edib. Amerika Muğam Cəmiyyətinin
rəhbəri Cefri Verbok və gənc pianoçuların
ifasında C.Hacıyevin
musiqiləri səsləndirilib.
Tədbir çərçivəsində Cövdət Hacıyev və onun həyat
yoldaşı, Azərbaycan
rəqqasəsi və
xoreoqraf Əminə Dilbazinin xatirəsinə Aleksandr Peskanov tərəfindən bəstələnmiş
“Azərbaycan rapsodiyası”nın Böyük Britaniya premyerası keçirilib.
Bu il Cövdət Hacıyevin anadan
olmasının 100 illiyi Azərbaycan və
ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə
qeyd edilib. Bu sırada
Cövdət Hacıyevin fortepiano üçün seçilmiş
əsərlərindən ibarət kitabının birinci cildinin Londonda təqdimatını, Floridada
Müəllimlər Konfransında bəstəkar haqqında məruzəni,
Nyu-Yorkda “Carnegie Hall”da geniş
konsert proqramını, Vyanada
“Dmitri Şostakoviç
və Cövdət Hacıyev: tarixin səhifələri”
mövzusunda elmi məruzəni,
habelə Bakıdakı konsert
proqramlarını, Şəki “İpək Yolu”
VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Cövdət Hacıyevə həsr edilmiş
konsert və digər tədbirləri qeyd etmək olar.
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.5.