Muzeydə görkəmli bəstəkarın
yubileyinə həsr edilən gecə
Noyabrın 24-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bəstəkarın həyat və yaradıcılığından danışdı, musiqiçi ilə bağlı xatirələrini bölüşdü.
Muzeyin şöbə müdiri Xanım Abdinova Tofiq Quliyevin musiqi mədəniyyəti tarixində xidmətlərindən, yaradıcılığının özünəməxsusluğundan bəhs etdi.
Daha sonra bəstəkar haqqında çəkilən sənədli filmlərdən kadrlar nümayiş olundu. Tədbir musiqi proqramı ilə davam etdi. Gənc vokal ifaçısı Güllü Məmmədova, Bakı Musiqi Akademiyasının tələbələri Günel Rizvanova, Mədinə Süleymanzadə, Rəhimə Qurbanova, beynəlxalq müsabiqə laureatı Fidan Tağıyeva, Azərbaycan Milli Konservatoriyasının tələbələri Elşən Məmmədov, Nərgiz Məmmədovanın ifalarında bəstəkarın sevilən mahnıları səsləndi.
Xatirə axşamında ilk dəfə olaraq Tofiq Quliyevin Rusiya teatrlarında səhnələşdirilən əsərlər üçün yazdığı musiqilər də səsləndirildi. Bu, D.Dobrıtsanın “Üç bülbülün küçələri” pyesinin tamaşasına yazılmış “Məhəbbət sözləri” və N.G.Vinnikovun “Akasiyalar çiçəkləyəndə” tamaşasından lirik mahnı idi. Hər iki əsər böyük maraqla qarşılandı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.14.