Bakıda iranlı xanım rəssamların
sərgisi
Noyabrın 24-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda qonşu ölkənin üç xanım rəssamının əsərlərindən ibarət sərginin açılışı oldu.
“İranlı qadınların müasir rəsm sərgisi” adlı tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açdı. O, çağdaş İran rəssamlığı ilə tanışlıq baxımından sərginin əhəmiyyətini vurğuladı, nümayiş olunan əsərləri yüksək dəyərləndirdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında dostluq əlaqələrindən söz açdı. Sərgini bu münasibətlər kontekstində önəmli mədəni hadisələrdən biri kimi xarakterizə edən nazir müavini belə tədbirlərin gələcəkdə də davam edəcəyini söylədi. Qeyd edildi ki, müxtəlif vaxtlarda İran rəssamlarının Bakıda sərgiləri keçirilib, bu sərgidə isə yerli sənətsevərlər qonşu ölkənin xanım rəssamlarının yaradıcılıqları ilə yaxından tanış olmaq imkanı qazanıblar.
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə də tədbirin ikitərəfli mədəni əlaqələrin inkişafına xidmət edəcəyini söylədi. Səfir hazırda hər iki ölkə arasında olan bütün münasibətlərin dostluğa və qardaşlığa əsaslandığını dilə gətirdi.
Sonra sərginin lenti kəsildi, sənətsevərlər əsərlərlə tanış olublar. Bildirək ki, ekspozisiyada çağdaş İran rəssamlığını təmsil edən Məhvəş Soheyli, Haniye Azmude və Fatimə Sadatın 60a yaxın rəngkarlıq əsəri sərgilənir. Tamaşaçılara təqdim edilən əsərləri ciddi yaradıcılıq məhsulu saya bilərik. Sərgi göstərir ki, İran rəssamlıq sahəsində dünyada baş verən yeniliklərdən geri qalmır, onunla ayaqlaşmağa çalışır. M.Soheyli əsərlərində mücərrədliyə, H.Azmude dekorativliyə, F.Sadat isə realizmə üstünlük verir. Hər üç rəssamın əsərlərində qara tonlar çoxdur.
Sərgi 10 gün davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.6.