Zərdabinin məqalə və məktublarından ibarət kitabın təqdimatı

 

 

   Noyabrın 25-də Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə) kitabının təqdimatı olub. Tədbir milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadimnaşir Həsən bəy Zərdabinin vəfatının 110 illiyinə həsr edilib.

   Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. Ömrünü xalqın rifahına həsr etmiş böyük ziyalının xatirəsi Zərdabda da daim ehtiramla anılır.

   Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında deyib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir. 110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi böyük xəzinədir. Onun əksəriyyəti “Kaspi” qəzetində dərc edilən və bu kitabda toplanan məqalə və məktubları xalqımızın XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatının, məişətinin öyrənilməsi üçün dəyərli mənbədir.

   Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, BDU-nun professorları Nəsir Əhmədli, Allahverdi Məmmədli, “Xalq qəzeti”nin əməkdaşı, kitabın redaktoru və rəyçisi Tahir Aydınoğlu, kitabın tərcüməçisi, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov nəşrin əhəmiyyətindən söz açıblar.

   Kitabda oxuculara milli mətbuatımızın banisinin ömrünün müdriklik çağlarında, 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə və məktubu təqdim olunur.

 

Mədəniyyət.- 2017.- 29 noyabr.- S.10.