"Mən nə təkrarsız
gürcüyəm, nə rus teatr məktəbinə yad
adam"
Robert Sturua
ilə sənət söhbəti
Robert Sturuanın tamaşası Bakıda göstəriləcək. Özü də gəlir. Heç bu sənət süslü şansı ötürmək olar? Tamaşaya da baxmaq lazımdır, özü ilə söhbət etmək də! Musiqili Teatrın səhnəsində, bəli, məhz səhnəsində əyləşib onun quruluşunda Terrens MakNellinin "Ustad dərsi" pyesi əsasında hazırladığı "Mariya Kallas. Dərs" tamaşasına baxarıq. Bu tamaşa artıq beş ildən bəri Ş.Rustaveli adına Gürcüstan Dövlət Dram Teatrında oynanılır. Nədənsə, tamaşadan aldığım təəssürat Robert Sturua rejissurasının canlı seyrindən gözləntilərimi doğrultmur. Dəxli yoxdur, bu, bir Sturua quruluşudur. Bernard Şounun təbirincə desək, çox məşhur olandan sonra zəif işləri adama bağışlayırlar...
Ertəsi gün Robert Sturua
ilə teatrda görüşürük. Tamaşadan öncə
müsahibə vermək asan olmadığından jurnalist
priyomuna əl atıram, dəhlizdəcə müsahibimi səmimiyyətə
çəkirəm:
- Batono Sturua, sizin
adınızı ilk dəfə 1979-cu ildə televizordan
eşitdim və ömürlük yadımda qaldı.
"Zaman" xəbərlər proqramında Londondan reportaj
verirdilər, müxbir də fəxrlə deyirdi ki, ilk dəfədir
ki, SSRİ-dən olan rejissorun quruluş verdiyi "III
Riçard" tamaşası Şekspirin vətənində
oynanılır!
- Sizin nə yaşınız var
ki, o hadisə də yadınızda qalıb...
- Məktəbli idim. Teatrı
çox sevirdim, üstəlik, Sturua soyadı da tanış idi.
Nəhayət, rahat söhbətə
başlayırıq:
- Bakıya xoş gəldiniz!
- Çox sağ
olun. Tamaşa gətirməsəm də, arada
Bakıya gəlirəm. Dostlarım
çoxdur. Bu gün də onlar mənə
bahalı, son model telefon bağışladılar. Bilirlər ki, mobil telefon mənim zəif yerimdir.
- Mübarəkdir! Təzə
telefonla həmişə xoş xəbərlər eşidəsiniz!
- Çox sağ
olun. Nə gözəl dediniz...
- Azərbaycanlılar gürcülər
qədər gözəl sağlıq söyləməyi
bacarmasalar da, alqış, təbrik mətnləri yaratmaqla
ustadırlar...
- Maraqlı müşahidəniz
var. Tbilisidə çox olmusunuz?
- Cəmi bir dəfə. Amma gürcü dostlarım elə teatr
adamlarıdır. Biri də sizin tələbəniz
Quram Breqadzedir. Bakıya gətirdikləri
"Kral inəyi" tamaşasını çox bəyənmişdim.
- Dünən də mənim
tamaşama baxdınız. Bəyəndiniz?
- Düzü, gözlədiyim qədər
olmadı...
- Mən də əsəbiləşmişdim.
Pis oynayırdılar. Deyəsən,
tamaşaçıların onlardan gözləntiləri
çox böyük idi deyə, aktyorlar
sıxılırdılar... Özüm də həyəcanlıydım.
Bugünkü gənclik Mariya Kallası
tanımır. Əsər Mariya Kallasın
simasında sənətkar olmağın, sənətə sədaqətin
insana necə baha başa gəldiyi barədədir. Amma Bakı tamaşaçısı çox
lütfkardır. Tamaşanı
yaxşı qarşıladılar. Qadınlardan təsirlənən
də oldu...
- Kino ilə teatrın fərqi də
budur ki, bir tamaşa o birinə bənzəmir... Üstəlik, dünənki tamaşaçılar
teatr adamları idi, onlar Mariya Kallası da, sizi də
yaxşı tanıyırlar.
- Əslində elə ən təhlükəli
tamaşaçı elə teatr adamlarıdır...
- Niyə?
- Çünki onlar çox
tamaşa görüblər, teatr haqqında çox bilirlər.
Səhnədə baş verənlərə bir
qədər skeptik münasibət bəsləyirlər. Gürcüstanda qayda belədir ki, baş məşqə
bütün teatr ictimaiyyəti dəvət edilir. Elə ən çətini də onları
inandırmaq, razı salmaqdır. Tamaşanı
bəyəndilərsə, deməli, yaxşı olacaq.
- Şəxsən mənim
üçün bu səfərdə əsas budur ki, sizi
canlı görürəm, müsahibə alıram... Yeri gəlmişkən, dediniz ki, sənətə
xidmət etmək çox çətindir. Amma Siz də
uzun illərdir ki, sənətdəsiniz...
- Bilirsiniz, valideynlərim mənə
elə tərbiyə vermişdilər ki, mənlə bağlı
ikimənalı fikirləri, qərəzli resenziyaları
ürəyimə salmırdım. Daha
yaşlaşmışam, heç kimin mənimlə işi
yoxdur (gülür)... Amma əvvəllər belə
olmayıb. Bu gün internetdə bir psixoloq
qadının yazısını oxudum. Qısa
məzmunu eləydi ki, insan ömrünün ən
yaxşı illəri 22-65 yaş arasıdır.
Tövsiyə edirdi ki, bu 40-45 ildən arzularınızı həyata
keçirmək üçün istifadə edin, yoxsa sonra
çətin, hətta mümkünsüz olacaq,
qocalığınızı peşmanlıq içində
keçirəcəksiniz...
- Siz bu fikirlə
razısınız?..
- Razıyam.
- Ömrünüz daha da uzun olsun,
amma Sizin 65 yaşınız çoxdan geridə qalıb, yəni
son illərdə heç bir arzunuz gerçəkləşməyib?..
- Yəqin mənim başıma gələnlər
qeyri-adidir. 80 yaşındayam. Canımın qocaldığının fərqindəyəm,
ayaqlarım ağrıyır. Amma beynim,
ürəyim cavandır. Tanrıya hər
gün dua edirəm ki, ağlımı, sağlam
düşüncəmi əlimdən almasın, işləmək
həvəsimi, fantaziyamı tükətməsin.
- Amin! İş demişkən,
bildiyim qədər, neçə il öncəki
məlum hadisədən sonra Rustaveli teatrına
qayıdışınız asan olmayıb...
- Mən tapdanan haqqımın bərpa
olunmasını istəmişdim. Ömrümü
həsr etdiyim teatrdan kiminsə istəyilə
qovulmağımı həzm edə bilməzdim. İki ildir ki, yenidən Ş.Rustaveli teatrında bədii
rəhbərəm.
Ş.Rustaveli teatrının bədii
rəhbəri vardı: Sandro Axmeteli. 1937-ci ildə
Stalinə, onun diktaturasına qarşı mübarizə
apardığına görə onu güllələdilər.
O, Şillerin "Qaçaqlar"ını "İn
Tiranos!" adı ilə tamaşaya qoymuşdu. Latın dilində bu ifadə "Müstəbidə
qarşı!" deməkdir. Elə bu ad bəs
idi ki, onu məhv etsinlər. Onun əsərlərini,
əlyazmalarını yandırıblar. O zaman teatrdan bir
neçə nəfər də sürgün edilib. Divarlarında qan izi qalan teatr həmişə mərdliyin,
cəsarətin rəmzi olmalıdır. Teatrda
düz, namusla çalışmaq lazımdır. Mən həmin insanların ardıcılıyam.
- Amma, Gürcüstanda teatrdan
uzaqlaşandan sonra bekar qalmadınız. Kinoya
çəkildiniz. Moskvada Aleksandr Kalyaginin
"Et cetera" (fransız dilində "Və sairə və
ilaxır" deməkdir) teatrında tamaşalar qoydunuz.
Əvvəllər də Rusiyada tamaşalar
hazırlamısınız. Amma "Et cetera" bir
növ mərhələ oldu deyə, soruşmaq istəyirəm:
Rustaveli teatrında tamaşa qoymaq sizə rahatdır, yoxsa
"Et cetera"da?
- Mənim üçün
Gürcüstanda işləmək daha asandır. Çünki Gürcüstan aktyorlarının
psixologiyası mənə yaxındır. Rusiyada
məişət, realist teatrı daha güclüdür,
Gürcüstanda isə şərtiliyi çox sevirlər.
Hərçənd Rusiyada da şərtilik
teatrının ənənələri, Meyerhold, Vaxtanqov,
Lyubimov kimi böyük simaları olsa da, rus
aktyorlarının məişətə
yaxınlığı məni bir qədər
qıcıqlandırır. Onlar şərtilik
teatrının gözəlliyini indi-indi dərk etməyə
başlayıblar. Gürcülər isə
məişət pyeslərini heç vaxt sevməyiblər.
Məsələn, Çexov heç vaxt bizdə
tamaşaya qoyulmayıb.
Hərçənd mən
Mixail Tumanişvilinin tələbəsiyəm, o da Georgi
Tovstonoqovun yetirməsidir. Tovstonoqov
Stanislavski sisteminin ardıcılı olsa da, Meyerholdun əsər
üzərində necə işlədiyini öz gözləri
ilə görüb, ondan da öyrənib. Mən
özümü rus teatr məktəbinə yad, ya da təkrarsız
gürcü saymıram. Bir hadisə yadıma
düşdü... Bir dəfə Tovstonoqov
Tbilisiyə gəlmişdi. Teatrda millilik
mövzusunda müzakirələrin hətta qalmaqala
çevrildiyi vaxt idi. Mən o vaxt çox
gənc idim. Soruşdum ki, sizcə, milli
teatr nə deməkdir? Cavab verdi ki,
Sizə bunu bilmək lazım deyil. Onsuz da həmişə
gürcü olaraq qalacaqsınız...
- Çox dəqiq ifadə işlədib...
- Mən tamaşaya baxanda darıxa
bilmərəm. Mənim üçün teatr həyatdan
da böyük anlamdadır. Hətta faciə
də oynanılsa, teatr - bayram ovqatı yaratmalıdır, səhnəyə
baxanda həyəcanlanmalı, sevinməli, kədərlənməliyik.
Gürcü teatrı interpretasiya üzərində
qurulub.
- Batono Robert, son illər teatrlarda
belə bir meyl yaranıb. Sanki teatr öz
kökünə qayıdır. Xüsusilə
gənclərdən ibarət kollektivlər var ki, mətni
özləri yazırlar, birlikdə quruluş verirlər,
hamılıqla oynayırlar. Buna münasibətiniz
necədir?
- Müsbət. Əgər
Şekspirin pyeslərini Ben Consonun nəşri ilə, ya da
pirat nəşrlər ilə müqayisə etsək, görərik
ki, Şekspirin çap olunmuş pyesləri ilə səhnədən
söylənilən mətnin arasında fərq çoxdur.
O zaman naşirlər iti yaza bilənləri xəlvəti
tamaşalara göndərirdilər, onlar da aktyorların
çıxışlarını tələsik yazır, 2-3
gündən sonra pyes çap olunurdu. Çünki
Şekspir özü tamaşanı hazırlayırdı,
sonra da tamaşanın gedişində mətni ixtisar edirdi.
O vaxt teatrın parterində oturacaq olmurdu, ayaq üstə
dayanıb uzun monoloqa qulaq asmağa kimin hövsələsi
çatardı? Dramaturqun teatrla sıx
yaradıcılıq əlaqəsi hələ o zamandan
formalaşıb. Yekdil düşünən
müəllif, rejissor, rəssam və aktyor heyətinin birgə
işi həmişə müsbət nəticə verib.
- Yeri gəlmişkən,
aktyorların mətnə, quruluşa elə səhnədəcə
müdaxiləsinə necə baxırsınız?
- Karlo Qotsinin elə
pyesləri var ki, orada yalnız söhbətin nədən
getdiyi verilib. Qalanını aktyor səhnədə
özü etməlidir.
- Amma bütün əsərlər
"Üç portağala sevgi" kimi deyil axı. Tutaq ki, aktyor mizanı dəyişdi, ya mətnə
özündən ifadələr artırdı, tamaşa gedə-gedə
səhnəyə çıxıb müdaxilə etməyəcəksiniz
ki?
- Aktyorlar, xüsusən komik əsərdə özlərindən tamaşaçının istədiyini mətnə artırırlar ki, təki onları alqışlasınlar. Bu, heç də həmişə özünü doğrultmur. Amma mənim təcrübəmdə belə hadisə olub. "Xanuma" pyesində bir səhifəlik mətni iki aktyor düz yarım saat oynamışdı. Amma bunu bacarmaqdan ötrü gərək böyük aktyor olasan! Böyük aktyora belə sərbəstliyi bağışlamaq olar.
- 80 illik yubileyinizə hazırlaşırsınız. Sənət adamının da taleyi belədir ki, hədiyyə almaqdansa, hədiyyə verir. Hazırda Rustaveli teatrında, ya da "Et cetera"da hansı tamaşanı hazırlayırsınız?
- "Et cetera"da hələlik
son tamaşam "Müfəttiş"dir. Kalyagin çox
istəyirdi ki, Xlestakovu oynasın, mən də onun istəyini
nəzərə aldım. Qoqolun mətnindən
bir kəlmə çıxarmadan tamaşanı saat yarıma
sığışdırdım. Qoqolun
estetikası bizə onun altşüurdakı fantastik realizmini
anlamağa kömək edir. "Müfəttiş"
hər ay ən azı 6 dəfə oynanılır, amma yenə
də ona bilet tapılmır. Hesab edirəm
ki, bu "Müfəttiş" mənim ən yaxşı
tamaşalarımdandır. Tbilisidə də
Erlom Axvledianinin pritça toplusu əsasında tamaşa
qururam. Xeyirlə şərin mübarizəsi
gedir. Bəzən onlar yerlərini dəyişirlər.
Formaca qeyri-adi tamaşa olacaq. Başqa bir tamaşa isə B.Brextin Hitler hakimiyyətə
gəlməmişdən əvvəl yazdığı
"Marksizm dərsliyi" əsəridir. Bu tamaşalarla da yubileyimi qeyd edirəm.
Sonrasına baxarıq...
- Adlarında dərs, dərslik
sözləri olan tamaşalar görkəmli rejissor Robert
Sturuanın gənc teatrallara dərsi, ya da dərs olacaq sənət
tövsiyələri deyilmi?
- Bunu mən yox, başqaları deyə
bilər...
* * *
Robert Sturuanın təkcə yaradıcılığı deyil, elə söhbətləri də bir tarixdir. Özü də əbədi tarix! Onun daşıdığı soyadı ilk tanıdan babası, məşhur inqilabçı Vano Sturua olub. Bir zamanlar Bakıda "Nina" mətbəəsini yaradanlardan olmuş, sovetləşmədən sonra Gürcüstanda böyük vəzifələr daşımış baba Sturuanın adına Bakıda gəmiqayırma zavodu da olub. Amma indi sovet hakimiyyəti də tarixdə qalıb, zavodun adı da! Dövran gərdişlərinə tabe olmayan isə yalnız sənətdir!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.13.