ADlar da - Milli
Tale...
Bundan məhrum edilən xalqlar da, etnik
qruplar, fərdlər də var...
Belə tale yaşamış (və yaşamaqda olan) saysız-hesabsızlar içərisindən
“türk dünyasının
məşhurları” sırasına
düşmüş birisinə
həsr etdiyim bu yazıya ayaq olaraq deyim
ki, bunun çox böyük, çox “zərif”, çox “incə” mənəvi-psixoloji müsibətlərdən
olduğunu çox az ADAM anlayar...
Ancaq, mən, bizim qəzetin oxucu kontingentinin yüksək səviyyə və milli duyğusallığına
güvənərək, mətbuat
üçün qeyri-ənənəvi
sayılası bu mövzu-mətləbin incələnməsinə
dəstavuz olan (bizim bəlli əksəriyyətçünsə o qədər də “məşhur”, “vacib”, “önəmli” olmayan) bir sənətkar haqda yazmağa qol qoydum...
Etno-milli taleyi dövrün siyasi deqradasiyasına məruz qalmasaymış,
doğulduğu Ulala kəndi şipşirinliyində
bir ad-soyad daşıyası bu tərtəmiz Altay türkünün
məhkum-məcbur imzası:
-
Qriqori Çoros-Qurkin...
1870-ci ildə Rusiyanın Dağlıq Altay vilayəti
Biyski qəzasının
Ulala kəndində xristianlaşdırılmış və ad-soyadları dəyişdirilmiş türk
ailəsində doğulan
Qriqori səkkiz yaşında ikən ikona hazırlayan texniki məktəbə qoyulur. O isə burada ağacları növünə və yaşına görə necə qurutmaq, müxtəlif növ taxtaların öz rənglərini illərsonrası
da qoruyub-saxlamasıçün
nə etmək, işlədəcəyi materialların
isti-soyuğa dözüm
sirlərini də bütün incəliklərinədək
öyrənir. Yaşıdlarından hədsiz dərəcədə
seçildiyi üçün
onu məktəbdə
usta-müəllim saxlayırlar.
Az bir
vaxtda bölgədə
gözəl rəssam
kimi də tanınır. Tez-tez Batı Sibirin mədəni mərkəzi
Tomska gedərək, özülünü əcdadlarının
qoyduğu bu arealın ədəbi-mədəni
mühitilə də yaxından tanış
olur. Tale onu bu bölgəyə ekspedisiyaya gəlmiş
(1896) etnoqraf, bəstəkar
və şair A.B.Anoxin, Sibir xalqlarının folklorunu toplamış məşhur
coğrafiyaçı-səyyah Q.N.Potanin, geodezist-professor
(sonralar Rus ədəbiyyatına “Uqrum
çay” kimi roman bəxş etmiş) B.Y.Şişkovla görüşdürür
və onlar Qriqori Qurkinin əl işlərinə heyran qalırlar. Həmin məşhurlar bu qeyri-adi fitri istedad sahibinə Avropa rəssamlıq məktəbi haqda bilgilər verir və məsləhət görürlər ki,
Sankt-Peterburqa gedib, Rəssamlıq Akademiyasında
təhsil alsın.
Lakin imperiya paytaxtı akademiyasındakı istedadsız
şovinistlər bu ucqar, “Atilla xələfi” oğlanı
“ixtisasdan ümumi zəiflik” bəhanəsilə
qəbul etmirlər.
Böyük istedad sahibi
İ.İ.Şişkin isə
bu gəncin fitri istedadına heyran qalıb, öz emalatxanasında işə götürür.
Qriqori burada üç il
çalışdıqdan sonra
yenidən akademiya cəhdi edir və nail olur.
Akademiyanı bitirdikdən sonra (1903) vətənə dönən rəssam Katun (təbii ki; “Xatun”!) çayı sahillərinin axar-baxarlı bir guşəsində özünə ev tikir və öz dədə-baba Sibirinin hələ yeni (mədəni-vəhşi) sivilizasiyanın pozub-bulaşdırmadığı bakirə mənzərələrini kətana köçürmək “era”sına başlayır. Tezliklə onun əsərləri Sibirin ən nüfuzlu personalarının otaqlarını bəzəyir. 1907-ci ilin dekabrında Tomskda açılan fərdi sərgisi böyük uğur səs-sədası qazanır. Peterburqlu tənqidçilər, sibirli alim və publisistlər qəzetlərdə bunu əsrin hadisəsi kimi qiymətləndirirlər. Onun fərdi sərgiləri Omsk, Barnaul, Krasnoyarsk kimi yaxın-uzaq ünvanlara ayaq açır. Əsərləri dövrün çox yüksək məbləğlərilə satılır, ona yeni sifarişlər verilir. Lakin müəllif hamının heyranlıqla qarşıladığı bu əsərlərdə hamıya bəlli sənətkarlıq elementlərinə rəğmən yeganə bir nüansa - bu müxtəlif janrlı işlərinin adlıqlarındakı doğma toponimlərə tapınırmış: “Katunda bahar”, “Laje gölü”, “Xan Altay”, “Yadıqem çayı”, “Karakol”, “Buzqıran”, “Altay. Dağ vadisi”, “Katun çayının qolları”, “Dağ gölünün ruhu”...
Lakin... bu universal-intellektual anlaqlı türk oğlu mövzu axtarışları zamanı qarış-qarış gəzdiyi zəngin təbii sərvətli, bənzərsiz gözəlliklər məskəni olan bu ucsuz-bucaqsız bölgənin - Batı Sibirin sürgün yerinə çevrilməsini, soydaşlarının doğma yurdlarında ikinci dərəcəli insan sayılmasını, əksəriyyətininsə ac-yalavac yaşamasını sinirə bilmirmiş... Gəzdiyi yerlərdə soydaşlarıyla nəmli-qəmli söhbətlər edir, dərd-sərlərini dinləyib müzakirələr aparır, geriliyin, milli tale səfalətinin aradan qaldırılma yolları haqda düşünüb-daşınırmış. Yaxın və həmdərd dostlarına: “Açıq-aydın görünəni budur ki, ana dilinin yadırğadılmasına çalışılan, ana adlarından məhrum edilən soydaşlarımızın yarı zor, yarı “xoş” xristianlığı qəbul etmələri belə, buradakı milli ayrı-seçkiliyi aradan qaldırmayıb. Burada nəinki çar məmurları, hətta hökumətdən narazı olduqlarına görə Şərqi Sibirə sürgün edilən rus ziyalılarının böyük əksəriyyəti də mənim xalqıma yuxarıdan aşağı baxır...”
Bütün bunları -
oradakıların hamısından yaxşı görən və laqeyd qala bilməyən Qriqori soydaşlarını öz haqları uğrunda mübarizəyə, hüquqlarını qorumağa, maariflənməyə həvəsləndirir. Rus dilində təhsil almasına, özünü xristian saymasına baxmayaraq, rəsm əsərlərini yalnız ana dilində adlandırır, babalarının inanclarına sayğı ilə yanaşır, ayinləri onlar kimi icra etməyə “imkan” tapmasa da, inancları içində yaşatmaqla bərabər, öz əsər və ictimai söhbətlərində də vurğulayırdı.
1917-ci ildə II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması Qriqori Qurkində ruh yüksəkliyi yaradır. Düşünür ki, Rusiya demokratik bir ölkəyə çevrilə və soydaşları əsarətdən qurtula bilər. Lakin ölkəni vətəndaş müharibəsi bürüyür və bu rəssam xalqını azad görmək istədiyini, milli ayrı-seçkiliyə son qoyulmasını tələb etdiyinə görə separatizmdə, Rusiyanı parçalamağa cəhddə suçlanır. 1919-cu ilin aprelində Kolçakın oyuncaq hökuməti onun həbs edilməsinə göstəriş verir. Dostlarının və bölgənin nüfuzlu insanlarının təsirilə zaminə buraxılsa da, vəziyyətin getdikcə gərginləşdiyini görən Qriqori Monqolustana qaçmaq məcburiyyətində qalır. Bolşeviklərin Sibiri yenidən işğalından sonra da vətənə dönmür və o zaman müstəqil respublika olan Tuvaya gedir. Beş ilə yaxın Tuvada yaşayıb-yaradan rəssamı sovet emissarları dilə tutaraq vətənə qaytarırlar. İlk günlər ona sayğıyla yanaşır, Novosibirskdə və Moskvada fərdi sərgisini açırlar. 1926-cı il Moskva sərgisinə mədəniyyət və incəsənət işlərinə rəhbərlik edən xalq komissarı Lunaçarski də gəlir və onun əsərləri haqda mərkəzi mətbuatda çox yüksək fikirlər söyləyir.
Lakin heç bir tərif-təltif bu milli qanlı rəssamın həqiqətigörmə hissini “əngəlləyə” bilmir. O, rəsmi toplantılarda da bolşeviklərin Sibirdə yaşayan türk xalqları ilə çar məmurları kimi davrandıqlarını söyləyir. Rəhbər vəzifədə olan soydaşları ilə də açıq müzakirələrə girir və razılığa gəlirlər ki, mərkəzi hökumət qarşısında Şərqi Sibir Türk Respublikası yaradılmasının vacibliyi məsələsini qaldırsınlar. Məsələni bölgənin rəsmi toplantılarında gündəmə gətirirlər. Xakasların, Şorların, Oyrat-altayların çoxluq təşkil etdiyi bölgədə Türk Respublikası yaratmaq ideyası xalq kutlələri tərəfindən də rəğbətlə qarşılanır. Əsas zərbəni silahlı müxalifəti məhv etməyə yönəltmiş Mərkəzi hökumət isə hələ bölgədə yerini lazımınca möhkəmlətmədiyindən, bu ideoloqlara sərt münasibət göstərmir, “sadəcə”, Sibirə sürgün edilmiş rus, ukraynalı, belorusların əllərilə yerli xalqların öncüllərini aradan götürməyə başlayır.
Sonralar götürdüyü “Çoros” təxəllüsüylə öz milli hisslərini bir qədər ovutmağa çalışan Qriqori Qurkin də bu “minvalla” yenidən həbs edilir və ağır işgəncələri başlayır (“taleyin ironiyası”na baxın ki, 1937-ci ildə vaxtilə Qriqori Qurkinə qarşı əks cəbhədə olanlar - Moskvanın tapşırıqlarını yerinə yetirənlər də həbs olunur). Krasnoyarsk şəhərində fəaliyyət göstərən Ali Məhkəmənin Hərbi Kollegiyası Qriqori Çoros-Qurkin və məsləkdaşlarına ölüm hökmü oxuyur və o, güllələnir. 1956-cı ildə ona (və minlərlə onlara) bəraət verilsə (adının əbədiləşdirilməsi, əsərlərinin təbliği sahəsində bəzi işlər görülsə) də, yolunda ölümə getdiyi ideyası hələ də reallaşmayıb...
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 29
noyabr.- S.15.