Bu, teatrdır
Yonas Vaytkus heyrətləndirməyi xoşlayır, ən əsası isə, bunu çoxlarından yaxşı bacarır. Doğrudur, bəzən (bunu təbii saymaq olar) sadəlövh tamaşaları da meydana gəlir, amma nə edəsən ki, yaradıcılıq yolu həmişə uğur ünvanına aparmır. Belə ki, bu sətirlərin müəllifi Y.Vaytkusun S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında quruluş verdiyi Nizaminin “Yeddi gözəl” poemasının səhnə adaptasiyası barədə yazdığı resenziyada, istər rejissura, istərsə də ayrı-ayrı səhnələrin bədii həlli və aktyor ifası barədə iradlarında uğursuzluğun səbəblərini göstərmişdi. Əlavə edək ki, Y.Vaytkusun elə həmin əsərin Kiyevdə L.Ukrainka adına Akademik Rus Dram Teatrının səhnəsindəki təcəssüm işi mütəxəssislər tərəfindən təqdir edilmişdi. Bu kiçik haşiyədən sonra rejissorun M.Qorki adına Astana Dövlət Akademik Rus Dram Teatrında quruluş verdiyi tamaşa haqqında söz açmağın məqamı gəlir. Əlavə edək ki, “Bütpərəstlər” əsərini o, 2013-cü ildə, rəhbərlik etdiyi Litva Rus Dram Teatrında tamaşaya qoymuşdur.
Cavan yaşlarında faciəli şəkildə dünyasını dəyişən odessalı dramaturq Anna Yablonskayanın pyesinin Y.Vaytkusun quruluşunda səhnəyə vəsiqə alan eyniadlı “Bütpərəstlər” tamaşası “imansız yaşamaq olduqca çətindir” kimi sakral konsepti tamaşaçı düşüncəsinə yönəldir.
Tamaşanın tərtibat
elementləri sadədən sadədir. Səhnədə
tamaşaçı ilə üzbəüz qoyulmuş bir
neçə stuldan və fleyta, pasxa yumurtasından və
Afrika qəbiləsi maskasından başqa heç nə
yoxdur. Y.Vaytkus ifaçı aktyorların
özünü və onların ifadə təşəbbüslərini,
sözün tam mənasında, minimalizmin əsarətinə
salır. Və bu sayaq sərt rejissor şərtləri
hüdudlarında fərdi aktyor texnikasının professional səviyyəsi
sınağa çəkilərək özünütəsdiq
üçün (bəlkə hə, bəlkə də yox) əlverişli
şans əldə edir.
Pərdə
açılır. Tamaşaçının
qarşısında, onlarla üzbəüz qoyulan stullarda
oturmuş aktyorlar peyda olurlar. İlk
görüntüdə maraqlı və qəribə olan budur
ki, həmin aktyorlar danışmağa başlayan andan
onların gözübağlı, həm də yerlərinə
sanki pərçim edilmiş vəziyyətdə, yalnız
sifət cizgilərindən istifadəsi diqqət çəkir.
İşığın altında təkcə
başları görünən personajlar məhz bu oyun şərtləri
içərisində iki saat ərzində öz həyatları,
düşüncələri, əqidələri, mövqeləri
və əməlləri ilə bağlı
tamaşaçılara şəxsi xarakterli əhvalatlarını
nəql edirlər.
Təqdim edilən bu sayaq səhnə
tanışlığını bir zamanlar bəzi Avropa
teatrlarında dəb halını alan
“pyesin səhnə oxunuşu” kimi qəbul etmək
ağlımıza gəlsə də, çox tezliklə bu qənaətimizin
yanlış olduğu aşkara çıxdı. Yox, gördüyümüz A.Yablonskayanın pyesinin
səhnə oxunuşu deyildi, bu tamaşa-oyun estetikası
Y.Vaytkusun dünya və insanlar haqqında bədii-fəlsəfi
düşüncələrinə teatral cəhd idi. Və bu cəhd öz cazibəli təsiri ilə
tamaşa zalını ovsunlamağa hesablanmışdı.
Belə görünür ki, Y.Vaytkus yuxarıda
qeyd edilən oyun prinsipini seçməkdə, əslində,
təkcə aktyorları deyil, quruluşçu rejissor kimi elə
özünü də qəsdən çətin vəziyyətə
salmışdır. Çünki bu zaman
o, qabaqcadan effektli və “oxunan” fiziki səhnə
mizanlarından imtina etməli, gözlənilməz rejissor
ixtirası ilə tamaşaçıların
“gözünü qamaşdırmalı” idi. Amma o, heç bir qeyri-adi ixtiraya ehtiyac görmədən,
ilk baxışda ənənəvi və bəlli estetik yolla təcəssüm
işini görür. Bu zaman Y.Vaytkus sanki “dahiyanə olan
sadə olur” deyiminə istinad edərək müəllif mətninin
psixoloji oyun enerjisinə çevrilməsini xüsusi məharətlə
realizə edir və ilk baxışda passiv səhnə vəziyyətində
“işləməli” olan aktyorlar öz səhnə
obrazlarının (ilk baxışda fiziki əməl aktivliyi
ilə fərqlənməyən) qarşılıqlı
münasibətlərində rejissor fikrinin estetik əyaniləşməsinə
nail olurlar. Qeyd edilən oyun üslubunda bunun necə
realizə edilməsi maraq doğurduğu, yaradıcı heyətin
darıxdırıcılıq riskindən uğurla
çıxması faktı da təəccüb hissi
doğurur.
Tamaşaya məişət
xarakterli məsələlərin açması ilə
başlayan Y.Vaytkus bunu bir yığcam ailə həyatı
nümunəsində verir. Adi, həsəd
aparılmayacaq bu ailədə tələbə qızına təhsil
vermək üçün iki yerdə işləyən Marina
(aktrisa Oksana Boyko), onun filarmoniyada işə düzəlmək
üçün çoxsaylı və uğursuz cəhdlər
edən musiqiçi əri Oleq (aktyor Aleksandr
Lukaşeviç), turizm üzrə menecer ixtisası təhsili
alan, amma son zamanlar dərslikdən çox araq şüşəsinə
meyl edən qızları Kristina (aktrisa Polina Xarlamova), son on
beş ildə monastır həyatı yaşayıb, yenidən
ailəyə qayıdan nənə (Oleqin anası) Natalya
Stepanovna (aktrisa Natalya Matveyeva) yaşayır. Rejissor
forma asketizmində məna zənginliyi yaratmaq səyində
israrlı görünməklə tamaşaçılara eyham
kodlar yönəldir. Gözübağlı şəkildə
stullarda əyləşdirilən personajların fiziki və mənəvi
cəhətdən iqtidarsızlığı, mühitin həqiqətlərini
görə bilmədiklərini, onlara təsir etmək
imkanlarının məhdudluğunu, səslənməyən
fleyta, heç nəyə yaramayan Pasxa yumurtası, eləcə
də Afrika qəbiləsinin maskası cansız atributlar kimi
Y.Vaytkus tərəfindən estetik səhnə krossvordu kimi
yox, baş verəcək hadisələrə
ştrix-açar olaraq nəzərdə tutulur. Və
tamaşanın sonunda onların hər biri tərtibat atributu
passivliyindən çıxıb, rejissorun ali
məqsədinin zəruri ifadəçisi statusu qazanır.
Maraqlıdır ki,
inanc və iman məsələləri müstəvisində
estetik həll tapan bəşəri mülahizələrdə
sakral hikmətlər yanaşı təzahür edir. Qurani-Şərifdə buyurulan kimi, “biz onların
gözlərini və qulaqlarını qapatdıq” ifadəsi cəza
verilmişlərin nəsibi, İncildəki “əvvəlcə
olan sözdür” hikməti sanki Y.Vaytkusun təcəssüm səylərinə
istinad nöqtəsi olmuşdur. Qarşımızdakı
gözləri bağlı personajlar ətrafdakı
reallığı nə görür, nə də eşidirlər.
Onlar öz “lənətə gəlmiş
problemlərinin” cari anlaşılmazlıqlarında vurnuxurlar.
Rejissor sanki söz teatrının arxaikliyini elan
edənlərə opponent olaraq, məhz sözün
möcüzəli qüdrətinə güvənmək yolunu
seçmiş, onun ifadə potensialını estetik enerjiyə
çevirməyə cəhd etmişdir. Belə ki,
üzərlərinə işıq düşəndən
düşənə müəllif mətnini səsləndirən
və bu zaman heç bir fiziki əməl icra etməyən
aktyorların yaradıcılıq məharəti sayəsində
tamaşaçılar müxtəlif məkan dəyişməsinin
“şahidi” olur, biri digərini əvəz edən dinamik hadisələrin
iştirakçısına çevrilirlər. Görəsən,
bu nədir? Qarşımızda nə
baş verir? sualları təəccüb
ifadə etsə də, onların cavabları sadədir. Bu, teatrdır. Və
qarşımızda hər hansı səhnə tərtibatı
və effektlərdən, fiziki yerdəyişmə ilə ifadə
olunan mizanlardan azad olan, yalnız aktyor istedadına güvənən,
aktyor-tamaşaçı ünsiyyətinin intellektual-estetik
enerji mübadiləsini nəzərdə tutan teatr
tamaşasıdır. Bu, bəlkə də
teatrın bir sənət növü olaraq öz stixiyasına
qayıtması faktıdır. Axı qədim
Yunanıstanda bir zamanlar ilk tamaşa müəllifin öz əsərinin
mətnini deklomativ oxunması kimi təqdim edilirdi. Amma Y.Vaytkusun “Bütpərəstlər”
tamaşası təkcə A.Yablonskayanın dramaturji mətninin
sadəcə səsləndirilməsi ilə deyil, onun ideya-fəlsəfi
tutumunun bədii oyun materialı kimi təqdimatı, psixoloji təsirə
hesablanmış “daxili əməl” sayəsində estetik
transformasiyasıdır.
Tamaşada təqdim
edilən mühit harmoniyanın pozulduğu, mənəvi-ruhsal
dəyərlərin alt-üst olduğu və bu səbəbdən
gördüyümüz nə edəcəklərini bilməyib,
nə etdiklərinin fərqində olmayan insanların
yaşadığı bir mühitdir. Marina ailəni
dolandırmaq və qızını oxutmaq üçün
pul axtarışında, əri əlindən konkret bir iş
gəlmədiyi üçün ona xidmət etmək məcburiyyətində,
qızları Kristina öz müəllimi ilə
yaşadığı məhəbbət macərasının
puç sonluğu üzündən keçirdiyi depressiyadan
intihar həddində, nənəsi kilsə başbilənlərinin
moizələrinin bunlara təqdimində görünən
absurd mənzərə tamaşanın janr təyinində nəzərdə
tutulan dramatizmi tam şəkildə ifadə edir. Belə ki, Y.Vaytkusun adi məişət məsələləri
ilə başladığı tamaşa gərgin psixoloji dram
olaraq iki saat ərzində tamaşaçıları
özünün estetik-fəlsəfi gərginliyi altında
saxlayır.
Bu tamaşanın rejissurasında
Y.Qrotovskinin “kasıb teatr” estetikasından, A.Vasilyevin “psixoloji
teatr” kəşflərindən, K.S.Stanislavskinin “söz əməli”
təlimindən vurğular olsa da, başlıcası burada
Y.Vaytkusun kreativ təcəssüm istedadı, konseptual səhnə
poetikası, forma lakonikliyində məzmun miqyası daha
güclüdür. Demək olar ki, boş səhnədə
aktyorlar, A.Yablonskayanın dramaturji mətni, R.Vaqnerin musiqisi,
Y.Vaytkusun orijinal olmasa da, sinestetik xassəli bədii təcəssüm
üslubu öz işini görür, tamaşaçılara
teatral mesajını verir. Bu isə rejissorun bütün
tamaşa boyu, səhnədən səhnəyə
formalaşdırdığı ali məqsədin
“Siz nə edirsiniz? Dayanın! Düşünün!”
çağırışının əsər müəllifinin
aktyor oyunu vasitəsilə öz auditoriyasına eşitdirmək
istədiyi başlıca niyyətidir.
Müəllifə
görə, qazandığın övladının
oxumağına kömək edə bilər, amma ona aludəlik
səni övladından uzaq salar, yaxud ibadət vacibdir, amma onu
övladını itirmək bahasına etmək nə dərəcədə
Allaha xoş gedən əməldir. Yanlış
dəyərlərin arxasınca getmək heç bir ünvana
aparmır, əksinə, dramatizm dolu bir həyat
yaşadır. Axirətini
düşünüb bu dünyadakı günahlarını
artırmağın məntiqi nədir? Bütün
dinlərdə “yaxınlarını sevmək” buyurulur və
bu, harmoniyanın əsasıdır. Bu
mülahizələrin tamaşanın yozum prinsiplərində
əsas xətt kimi götürülməsi faktı Y.Vaytkusun
müəlliflə həmfikir olduğu qənaətimizi təsdiqləyir.
Göründüyü
kimi, A.Yablonskaya əxlaqın pozulduğu, mənəvi dəyərlərin
gərəksizləşdiyi mühiti insanların zavallı həyat
tərzinin başlıca səbəbi hesab edir və
onların bəşəri dəyərlərə sahib
çıxmaqla mənəvi sima əldə edəcəklərinə
inamını ortaya qoyur. Onun fikrincə, mənəvi
sabitliyini, düşüncə sabitliyini itirən insan
çıxış yolunu mistik ruhani üfüqlərdə
deyil, öz “mən”ində, həyat məramının
sağlam məntiqində, fərdi özünütəsdiqdə
axtarmalıdır.
Tamaşadakı hadisələrin köməkçi bəndlərinin təmsilçiləri olan bosman, keşiş, müəllim, doktor obrazlarının funksional gücü rejissor tərəfindən elə paylaşdırılmışdır ki, konsepsiyanın estetik vizuallaşmasının bütövlüyü təmin edilir. Bu zaman iyrənc olanın gözəlləşməsi metamorfozu baş verməsə də, reallığın amansızlığı, cəmiyyətdəki əxlaqi aşınmanın qutsallığı, həqiqətə söykənən baxışları deformasiyaya uğratdığı faktının dramatik mahiyyəti aşkarlanır. Din pərdəsi altında bizneslə məşğul olan Keşiş (aktyor Aleksandr Korjenko), öz tələbəsinin saf sevgisindən sui-istifadə edən Müəllim (aktyor Denis Yukalo), müalicə bacarığı olmayan Həkim (aktyor Maksim Yaşenko) həyatın hər üzünü görmüş və müqəddəslik axtarışında küfrdən çəkinməyən Bosman (aktyor Roman Çexonadski) müəllifi olduğu, A.Yablovskayanın Y.Vaytkusun səhnə yozumunda təcəssüm etdirilən “Bütpərəstlər” əsərindəki mənəvi xaosun, dramatik ekzistensiyanın çılpaq təzahürünə uğurla xidmət edirlər. Bəlkə elə buna görədir ki, ailə üçbucağındakı personajlara dördüncünü-nənəni də əlavə edən rejissor öz fikir müstəvisində kimsəyə dominant funksiya ayırmır, rolların təsnifatında yuxarıda qeyd etdiyimiz səhnə obrazlarına ümumi ansambl oyununda ustalıqla yer ayırır.
Y.Vaytkus bu tamaşada “Sənli dünya və sənsiz dünya ayrı-ayrı dünyalardır” postulatını bəzən adi intellektin nüfuz edə bilmədiyi sakral fəza düşüncəsinin ruha hopdurduğu çoxqatlı mənaları teatral vasitələrlə bəyan edir. Onun rejissurasının professional mahiyyətindəki ədəbi materialın gerçəkliklə uzlaşma dərəcəsinin fəlsəfi təhlil metodu, təcəssüm prosesindəki rebus xüsusiyyəti M.Bulqakovun “Usta və Marqarita”, U.Şekspirin “Kral Lir”, H.İbsenin “Doktor Stokmann” (L.Ukrainka adına teatrda bu tamaşa “Xalq düşməni” adı ilə tamaşaya qoyulmuşdur) və başqa quruluşlarında olduğu kimi, “Bütpərəstlər” tamaşasında da aşkar müşahidə edilir. Odur ki, səhnədə diqqətimizi çəkən Pasxa yumurtası, Afrika maskası, fleyta rekvizit əşyası kimi yox, rejissorun tamaşaçılara baş verənlərlə bağlı onların düşüncəsini və qavrayışını hərəkətə gətirən impulsiv işarələridir.
Göründüyü kimi, “Bütpərəstlər”, istər dramaturji strukturu, istər məna tutumu, istərsə də rejissor yozumu baxımdan sadə sayıla bilməz. Onun tamaşa zalına, daha dəqiq desək, seyrçi auditoriyasına sirayət etmək gücü olan ideya-estetik energetikası mövcud reallıqlara Şekspirsayağı güzgü tutmağa imkan verir.
Maraqlıdır ki, ukraynalı dramaturqun Qazaxıstanda, rus teatrının səhnəsində litvalı rejissorun quruluşu ilə təcəssüm etdirilən əsərinin ekzistensional konfliktində təzahür edən problematikası bəşəri dəyərlərin qorunması üçün cəmiyyətin hər bir üzvünün səylərini əsirgəməməyə çağırır. Bu zaman teatr özünün başlıca və mühüm missiyasını, mövcud olduğu cəmiyyətin saflaşdırılması işindəki fəal mədəni-estetik vəzifəsini yerinə yetirmiş olur.
İsrafil İsrafilov
filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq
üzrə elmlər doktoru, professor
Mədəniyyət.- 2017.- 4
oktyabr.- S.12.