Azərbaycan ilk dəfə Cakartada beynəlxalq turizm sərgisində təmsil olunub

 

 

   Dünya turizm günü münasibətilə İndoneziyanın paytaxtı Cakartada keçirilən IX Ümrə Həcc və Beynəlxalq turizm sərgisində Azərbaycan da ilk dəfə təmsil olunub.

   Səudiyyə Ərəbistanında yerləşən “Perfect Events” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ərəb ölkələrinin İndoneziyadakı səfirləri, səyahət və turizm agentliklərinin, mehmanxanaların, eləcə də İndoneziyanın müvafiq qurumlarının nümayəndələri iştirak edib. Builki tədbirə qeyri-ərəb ölkəsi olan Azərbaycanın ilk dəfə qatılması iştirakçılar tərəfindən maraqla qarşılanıb.

   Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edərək ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, artıq 9 ildir baş tutan tədbirə bu il ilk dəfə Azərbaycan da qatılıb. Ölkəmizdə turizm sektorunun inkişafı məqsədilə həyata keçirilən kompleks proqramlardan bəhs edən diplomat bildirib ki, vizaların sadələşdirilməsi, birbaşa uçuşların sayının artırılması, turizm infrastrukturunun inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Azərbaycanın tanıdılması turist axınının artmasına gətirib çıxarıb. Azərbaycanın ən özəl xüsusiyyəti isə özündə Qərb və Şərq mədəniyyətini cəm etməsi, dörd fəsil təbii gözəlliklərə, həm dağ-meşə massivi, həm də dəniz sahilinə malik olmasıdır.

   Səfir əlavə edib ki, ölkəmizin islam tarixində özünəməxsus yeri var. Azərbaycan hökuməti müxtəlif müsəlman ölkələrindən Ümrə ziyarətinə gedən milyonlarla müsəlman zəvvarlar üçün kəşf olunmamış yeni bir məkana - Azərbaycana qapı açmaq məqsədilə Bakı-Ciddə-Bakı birbaşa uçuşlarına start verib. Cənub-Şərqi Asiya müsəlmanları, xüsusilə də İndoneziya vətəndaşları Ümrə və Həcc ziyarətçiləri sırasında sayca birincidir. Bunu nəzərə alaraq İndoneziya vətəndaşları üçünviza sadələşdirilib və hazırda Bakı-Cakarta-Bakı birbaşa uçuşlarının həyata keçirilməsi üçün işlər davam edir.

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.9.