Sərgi-yarmarka insanları kitaba bir addım
da yaxınlaşdırdı
Sentyabrın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
V Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası
işini başa vurdu.
Bağlanış
mərasimində nazirliyin
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov çıxış
edərək sərgi-yarmarkanın
işini yüksək
qiymətləndirdi. Bildirdi ki,
beynəlxalq kitab bayramında həm yerli, həm də xarici poliqrafiya müəssisələri,
nəşriyyatlar, kitabxanalar,
çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak
edib. Sərgi-yarmarka hər dəfə
yeni tərəfdaşlarla
kitabsevərlərin görüşünə
gəlir. Üç gün
ərzində çoxsaylı
tədbirlər, təqdimatlar
və görüşlər
keçirildi. Bu müddətdə
oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri
ilə yaxından tanış olmaq imkanı qazandılar.
Tədbirdə iştirak edən
qurumlara minnətdarlığını
bildirən Aslan Cəfərov sərginin xarici nəşriyyatlarla əlaqələrin qurulması,
yerli nəşriyyatların
beynəlxalq arenaya çıxışı üçün
də şərait yaratdığını diqqətə
çatdırdı.
Milli Kitabxananın direktoru Kərim Tahirov sərgi-yarmarka çərçivəsində
insanların kitaba bir addım da yaxınlaşdığını,
kitabsevərlərə böyük
bayram sevinci yaşatdığını bildirdi:
“Dünyanın müxtəlif
ölkələrindən gələn
nəşriyyatlar ölkəmizin
kitab mədəniyyəti
ilə tanış olmaq imkanı qazanırlar. V Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
Milli Kitabxanada elmi konfranslar, görüşlər keçirildi.
Bütün bunlar kitabın
tanıdılması və
kitabın oxucuya daha da yaxınlaşmasına
xidmət edir”.
Çıxışlardan
sonra norveçli pedaqoq, tərcüməçi
Reynhild Thori və türkiyəli yazar, tərcüməçi
Yurtseven Şen Azərbaycan ədəbiyyatının
təbliği sahəsində
xidmətlərinə görə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olundular.
Sərgi-yarmarkanın “Ən yaxşı nəşriyyat” mükafatına “Zengin Yayınçılıq” nəşriyyatı, “Ən yaxşı kitab” mükafatına isə Əlövsət Ağalarovun müəllifi olduğu, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlarına həsr olunan kitab (ingilis, rus, fransız, alman dillərində) layiq görüldü. “Mədəniyyət” qəzeti sərgi-yarmarkada fəal iştirakına görə diplomla təltif olundu.
Qeyd edək ki, sentyabrın 28-dən 30-dək davam edən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 100-dək yerli, 51 xarici olmaqla ümumilikdə 20-dən çox ölkəni təmsil edən kitabxana, çap-poliqrafiya müəssisələri qatılmışdı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.6.