Gəncə Dövlət Kukla
Teatrının direktoru vəfat edib
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Gəncə Dövlət Kukla Teatrının direktoru Fətəliyev Bayram Aprel oğlu 2017-ci il sentyabr ayının 30-da 58 yaşında vəfat etmişdir.
B.Fətəliyev 1975-1979-cu illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Gəncənin Kəpəz rayonu Kitabsevərlər Cəmiyyətinin məsul katibi vəzifəsində çalışmışdır. 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrının direktoru idi.
Bu illər ərzində teatrın yaradıcılıq simasının formalaşması, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə teatrda M.F.Axundzadənin «Xırs-quldurbasan», N.Gəncəvinin «Xeyir və Şər», S.S.Axundovun «Qaraca qız», A.Şaiqin «Fitnə», Ü.Hacıbəylinin «O olmasın, bu olsun» və başqa əsərlərin tamaşaları hazırlanmışdır. Bu tamaşalarla Gəncə Dövlət Kukla Teatrı 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş Şərq Xalqları Beynəlxalq Kukla Teatrları Festivalında, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində keçirilmiş Beynəlxalq Kukla Teatrları Festivalında, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilmiş Kukla və Kölgə Oyunları Beynəlxalq Teatr Festivalında, 2001-ci ildə Türkiyənin Bursa şəhərində Qaragöz Kukla və Kölgə Teatrları Beynəlxalq Festivalında, 2005 və 2009-cu illərdə Bolqarıstanın Torqoviş və Plovdiv şəhərlərində keçirilmiş kukla teatrları festivalında Azərbaycanı layiqincə təmsil etmişdir.
B.Fətəliyev Gəncə şəhərinin mədəni həyatında da yaxından iştirak edirdi.
İstedadlı təşkilatçı, gözəl insan Bayram Fətəliyevin işıqlı xatirəsi onun dostlarının, yaradıcı ziyalıların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin.
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.7.