Kitab nişanları nəşriyyat və müəlliflər üçün əhəmiyyətlidir

 

 

 

   28-30 sentyabr tarixində Bakıda keçirilən V Beynəlxalq Kitab Sərgi-Yarmarkası rəngarəng tədbirlərlə yadda qaldı. Bakı İdman Sarayının əsas arenası sərgi ilə maraqlananların ixtiyarına verilsə də, ikinci mərtəbədəki konfrans zallarında maraqlı təqdimat və görüşlər təşkil edilirdi.

   Sərginin sonuncu günü Beynəlxalq Kitabsevərlər Cəmiyyətinin sədri, Moskva EkslibrisMiniatür Kitab Muzeyinin direktoru Lyudmila Şustrova ilə görüş keçirildi. Görüş ekslibrislərə (kitab nişanı, emblem) həsr olunmuşdu.

   Rusiyalı qonaq diqqətə çatdırdı ki, ilk ekslibris qədim Misirdə aşkar edilib. Şumer, AssuriyaBabilistan dövrünə aid arxeoloji qazıntılar zamanı kitabxanalarda tapılmış gil lövhələr üzərində olan mixi yazılar kitabsevərlərə məlumdur. Lakin əllə çəkilmiş və yaxud qravüra üsulu ilə hazırlanmış ilkin ekslibrislərin yaranma tarixi dəqiq məlum deyil. XV-XVI əsrlərdən başlayaraq bu janrın bir çox məşhur rəssamların yaradıcılığında geniş yayıldığı qeyd olunur. 1490-cı ildə Slovets monastırına məxsus kitabxananın əsasını qoymuş Dosifey üçün hazırlanmış hərflərdən ibarət olan nişan ən qədim rus ekslibrisi sayılır. XVI əsr sənətkarları DürerHolbeynin çəkdikləri nümunələri isə Avropa məkanı üçün qədim kitab nişanı hesab etmək olar.

   Şərq sənətkarlarının gözəl xətlərlə yazdıqları qədim əlyazmalarda əllə çəkilmiş kitab nişanlarına rast gəlinir. Ekslibrisin təsvirində olan hər bir detal, müxtəlif yazı növləri və s. onların yarandığı dövrün incəsənəti ilə sıx bağlıdır. Buna görə də kitab nişanı mədəniyyət tarixinin qiymətli abidələridir.

   Qeyd olundu ki, bu gün dünyada ekslibris sənətindən bəlkə də az istifadə edilir. Amma istənilən halda öz kitabına, öz nəşrinə diqqətlə yanaşan müəlliflər üçün bu, əhəmiyyət kəsb edir.

   Rusiyalı rəssam, professor Leonid Zorin zamanla şəhərlərin dəyişən siması və görüntülərin tarixdə qalma faktlarından söz açdı. Bildirildi ki, insanlar kimi şəhərlər də dəyişir, dondan-dona girir: “20 il bundan əvvəl öz şəhərimizdə olan bir məkanı bu gün tamam başqa görkəmdə görmək artıq təəccüb doğurmur. Bu səbəbdən də şəhərlərin fərqli illərdə nəşr edilən, yaxud rəssamlar tərəfindən yaradılan rəsmləri hər zaman maraqla qarşılanır”.

   Sonra Moskva şəhərinin müxtəlif illərdə tarixə köçən fotoları ilə müasir görkəmini müqayisə edən rəsmlər təqdim olundu.

   Görüşün sonunda beynəlxalq kitab sərgi-yarmarkası ilə bağlı fikirlərini bizimlə bölüşən qonaqlar məmnunluqlarını dilə gətirdilər, Bakı sərgisinə dəvətə görə minnətdarlıqlarını bildirdilər.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 4 oktyabr.- S.11.