“Taleyimdən və ürəyimdən keçənlər”

 

 

   Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar.

   Yeri gəlmişkən, qeyd edək ki, Orxan Paşanın şeirləri gürcü dilinə də tərcümə olunaraq ötən il Tbilisidə kitab şəklində nəşr olunub.

   Bu günlərdə isə onun yeni kitabı işıq üzü görüb. Bakıda “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitab “Taleyimdən və ürəyimdən keçənlər” adlanır.

   İndiyədək elmi əsərləri və şeir kitabları ilə daha çox tanınan müəllifin bu kitabında həyat müşahidələri, ədəbi-estetik dəyərləndirmələri, xatirələri və s. yer alır.

   “İllər boyu ürəyimdən və taleyimdən keçənlərin bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində yazıya almışam”, - deyən müəllif yazdıqlarının hansı janra aid olduğunu deməkdə çətinlik çəksə də, onun nə demək istədiyini anlamaqda oxucu çətinlik çəkmir. Çünki yazdıqlarının hamısı həyatın özündən gələn, hər gün rastlaşdığımız həyat lövhələrinin bədii-publisistik təsviridir.

   Kitabda diqqəti çəkən bir məqam da odur ki, elmi fəaliyyəti aşıq sənətinin tədqiqinə həsr olunmuş Məhərrəm Qasımlı - Orxan Paşa bu kitabında da xalqımızın bu ölməz sənətinə, onun daşıyıcılarına geniş yer verib, ustad sənətkarlarla bağlı xatirələrini qələmə alıb.

  

   Musa Nəbioğlu

 

Mədəniyyt.- 2017.- 4 oktyabr.- S.15.