Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub

 

   Oktyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib.

   Öncə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrası barədə regional idarə rəhbərlərinə məlumat verilib.

   Layihənin rezident tvinninq müşaviri Alessandro Bianki çıxış edərək mədəni rayon metodologiyası haqqında və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə İnteqrasiyalı idarəetmə planının hazırlanması prosesi haqqında təqdimat keçirib.

   Daha sonra çıxış edən Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 1 yanvar 2017-ci il tarixindən formalaşmış regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti barədə məlumat verib. Mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması istiqamətində görülmüş işlər iclas iştirakçılarının nəzərinə çatdırılıb.

   Nazir regional idarələrin rəhbərlərinə mədəniyyət müəssisələrinin fəaliyyətlərinin günün tələblərinə uyğun qurulması, ehtiyat kadrların formalaşdırılması, regionlarda gənc mədəniyyət işçiləri ilə işin təşkili, vətəndaş müraciətlərinə diqqətin gücləndirilməsi və s. məsələlər barədə göstəriş və tövsiyələr verib.

   İclasda ölkənin mədəniyyət müəssisələrində qabaqcıl beynəlxalq təcrübəsinin tətbiq edilməsi, ödənişli xidmətlərin göstərilməsi, optimallaşdırma, müasir dövrdə klubkitabxana şəbəkəsinin uğurlu fəaliyyətinin təşkili barədə geniş fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.3.