Naxçıvan türbələri İslam mədəniyyəti irsi siyahısına təqdim edilib

 

 

   İSESCO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bildirib

  

   Xəbər verdiyimiz kimi, 3-4 oktyabr tarixində Mərakeşin paytaxtı Rabatda İSESCO İcraiyyə Şurasının 38-ci sessiyası keçirilib.

   Sessiya çərçivəsində ölkəmizin İSESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşüb.

   Görüşdə İSESCO və Azərbaycan arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyi xüsusilə qeyd edilib.

   Vasif Eyvazzadə 2018-ci ildə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” olması ilə bağlı nəzərdə tutulan tədbirlər, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda dağıdılmış dini abidələr, bu məqsədlə yaradılan xüsusi işçi qrupun fəaliyyəti barədə baş direktora ətraflı məlumat verib. O, həmçinin növbəti il “Bakı Prosesinin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESCO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

   İSESCO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bildirərək gələcək əməkdaşlıq üçün təşkilat tərəfindən bütün işlərin lazımi səviyyədə öz həllini tapacağına əminliyini ifadə edib.

   Sonra V.Eyvazzadə Naxçıvan türbələrinin İslam mədəniyyəti irsi siyahısına daxil edilməsi üçün mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin ünvanladığı məktubla sənədlər toplusunu təşkilatın baş direktoruna təqdim edib.

 

 

Mədəniyyət.- 2017.- 6 oktyabr.- S.6.