“İstəyirəm ki,
musiqi həyatımı tərk etməsin”
Əməkdar
artist Boris Qrafkinlə yubiley
söhbəti
Bəlkə də bu gün
küçədə onunla
rastlaşanların çoxuna
üzdən tanış
gəlmir. Arıq bədənli, ortaboylu,
çalsaçlı bir
kişidir. Adətən kepkanı lap gözlərinin
üstünədək elə
basır ki, yaşla əlaqədar işığı bir qədər azalmış
mavi gözləri də görünmür.
Deyəsən, elə naşı
baxışlardan uzaq olmaq üçün də uzun saçlarını
qatlayıb kepkanın
altında gizlədir.
Ta iş yerinə gəlincə!.. Burada gizlənməyə, baxışlarını
yerə dikməyə
ehtiyac yoxdur. Evindən sonra çox getdiyi məbəddən biridir bura (o biri məbəd barədə müsahibəmizdə
söz açacağıq).
Burada çalışanlar üçün
o ya Borinkadı, ya da Boris Fyodoroviç.
Yəni müraciət
forması iş yoldaşları ilə münasibətindəki səmimiyyətin
yaşından və ölçüsündən asılı
olaraq dəyişir.
Elə biz də ona
Boris Fyodoroviç deyə
müraciət edəcəyik.
Beləliklə, Azərbaycan Dövlət
Musiqili Teatrındakı
qrim otaqlarının birində əyləşib
respublikanın Əməkdar
artisti Boris Qrafkin ilə söhbət edirik. Səbəb də var: bütün
ömrünü bu teatra həsr etmiş aktyorun 80 yaşı tamam olur. Göz dəyməsin, qıvraqdır,
səsi yerində, hərəkətləri çevik,
yaddaşı normal. Söhbətə
təbriklə başlayıb,
sonra bir qədər uzağa gedirik:
- Boris Fyodoroviç,
yubileyiniz münasibətilə
təbriklərimizi qəbul
edin. Sizi təkcə redaksiyamızın
adından deyil, həm də uzun illər boyu sizi salondan
izləmiş minlərlə
teatrsevərin adından
təbrik edirik.
- Çox sağ olun,
minnətdaram. Müsahibəni
gözləmədiyim üçün
bu görüş əsl sürpriz oldu...
- Uzun ömür yaşamaq çox yaxşıdır,
amma səhnədə
uzun ömür yaşamaq əsl nemətdir.
- Çox gözəl ifadə etdiniz. Doğrudan da elədir.
Bu il 57-ci ildir ki, eyni
teatrda səhnəyə
çıxıram. Sağlıq
olsun, üç ildən sonra 60 il olacaq!
- Deməli, lap
gəncliyinizdən teatrdasınız.
- Mən uşaqlıqdan musiqi ilə, teatrla maraqlanırdım. Biz indiki Bakıxanov qəsəbəsində yaşayırdıq.
Yadımdadır, müəllimlərimiz
bizi elektrik qatarı ilə
şəhərə, teatra
gətirərdilər. Sonra orduya
getdim, əsgərlikdə
olanda da özfəaliyyət dərnəyi
yaratmışdım. Heç təsəvvür edirsiniz,
harada?
- Harada?
- Bakıdan məni düz Şimal qütbünə,
«Novaya zemlya» adasına
hərbi xidmətə
yollamışdılar. Mən, bakılı
balası, cənublu bir insan 25 dərəcə
şaxtada xidmət keçmişəm. Amma elə
bir soyuq yerdə də çalıb-oxumaq istəyimdən
qalmırdım.
- Ordudan qayıdanda da başladınız peşəkar
fəaliyyətə...
- Nə danışırsınız?! Valideynlərimin təkidi ilə Neft-Kimya İnstitutuna daxil oldum, guya
neft kimyası üzrə mühəndis
olacaqdım. Amma anlayırdım
ki, bura mənim yerim deyil. İnstitutu atıb Asəf Zeynallı adına
Musiqi Texnikumuna daxil oldum. Elə həmin
vaxtlarda da teatra gəldim. O vaxt teatr indiki
Teatr Xadimləri İttifaqının yerindəki
balaca, köhnə binada yerləşirdi, direktor da rəhmətlik
bəstəkar Süleyman
Ələsgərov idi.
Bədii
şura mənim ifamı bəyənən
gündən bu kollektivdəyəm. Həm oxuyub,
həm də işləyirdim.
- İlk tamaşanızı, rolunuzu
da yəqin ki unutmamısınız...
- Heç unudarammı? «Malinovkada
toy»da Andreykanı oynamışam. Aktyor səhnəyə
çıxmayınca demək
olmaz ki, o, aktyordur, ya yox?
1961-ci ildən buradayam. Özüm də təkcə
aktyorluq etməmişəm.
Tamaşalara quruluş vermişəm,
qastrolların təşkilində
inzibatçı kimi çalışmışam. Teatrla birlikdə Azərbaycanı
gəzmişəm, keçmiş
SSRİ-də aylarla qastrolda olmuşam. Teatrda silahlı qüvvələrə
mədəni hamilik komissiyasının sədri
də olmuşam.
Konsert proqramları ilə hərbi hissələrdə
çıxış edərdik.
Bəzən müğənniləri, digər teatrların aktyorlarını öz dəstəmizlə birlikdə
konsertlərə aparardıq.
Qarabağda, Hadrutdakı sərhəd
dəstəsinə birbaşa
hamilik edirdik. Bəzən hər ay onların qarşısında yeni proqramla çıxış
edirdik.
- Deməli, maraqlı xatirələriniz
var. Bu hamilik konsertləri
nə vaxtadək davam etdi?..
- Başa düşürəm, bu sualı niyə verdiniz... Mənim aktyorluq taleyimdə
ən qorxulu, ən təsirli xatirə də elə bununla bağlıdır. 90-cı
illərin əvvəlində
hamiliyimizdə olan həmin dəstəni Xankəndinə köçürmüşdülər.
Bir gün xəbər gəldi ki, onlar bizim gəlişimizi
gözləyirlər. Mən də bizim teatrdan aktrisa Bella Şves, Rus Dram Teatrından Aleksandr Şarovski, Hacımurad Yagizarov, bir də böyük
müğənnimiz Mirzə
Babayev ilə yola çıxdım. Düzü,
o vaxt informasiya gizlədilirdi deyə, biz bilmirdik ki, bu
səfərə çıxmaqla
hansı riskə gedirik. Xankəndinə çatanda bizə
xəbərdarlıq etdilər
ki, nəsə olsa, dərhal yerə uzanın. Demə, aləm qarışıbmış,
Bakıdan artistlərin
gəldiyini eşidən
ermənilər Partiya
Komitəsinin qarşısında
etiraz aksiyası keçirirlər. Bizi avtomatlı
hərbçilər qoruyurdu.
Ermənilər qışqırıb
söyüş söyməyə,
təhqir etməyə
başlayanda Mirzə Babayev onlara necə lazımdır, cavab verdi!
Sonra da qürurla qarşılarından keçdi.
Onun «layiqli» cavabından sonra bütün ermənilər susdular.
Sonra da indi işğal
altında olan bütün rayonlarda çıxış etdik...
Təəssüf ki,
o yerlərə bir də ayağımız dəymədi...
- Təəssüf...
- Bilirsiniz, uzun ömür yaşamışam. Yəqin ki,
belə xatirələrim
də olmalıdır.
Mövzunu dəyişək...
- Heç saymısınız ki, indiyədək neçə
rol oynamısınız?
- Təxminən
yüz olar... Teatrda ilk rollarımdan biri «Silva»da olub. Bonini oynamışam. İndisə Edvinin atasını - knyaz Volyapuku oynayıram. Əslində
«Silva»nın indiki quruluşu mənim taleyimdə dördüncü «Silva»dır.
Bizdə
bir rejissor var idi, Klarisov
soyadında. Mən
cavan olsam da, ikinci quruluşda
mənə ata rolunu verdi.
Təəccübləndimsə də, oynadım.
İş elə gətirdi
ki, həmin tamaşanın premyerasını
Kursk şəhərində göstərdik. O zaman
Yelizaveta Qoqoberidze mənim tərəfdaşım
idi. Üçüncü quruluşda isə
Ferrini mənə vermişdilər. Budur, yenə
də ata knyazı oynayıram.
Amma nəzərə alsaq ki, bu əsəri
ayrı-ayrı rejissorlar
səhnələşdirib, deyə bilərəm ki, mən fərqli
tamaşalarda oynamışam.
- Fərqli tamaşa demişkən, ən çox sevdiyiniz, ya da həsrətində olduğunuz rol varmı?
- Açıq
deyəcəyəm. Operetta artisti üçün Kalmanın, Offenbaxın, Leqarın, Ştrausun əsərlərində çıxış
etmək gözəl məktəbdir. Həm aktyorlar,
həm musiqiçilər,
həm də balet artistləri üçün. Onların
əsərlərində bütün
obrazların böyük
yükü var. Amma mənim ən sevimli rolum «Arşın mal alan»dakı
Soltan bəydir. Bir neçə il əvvəl
teatrın rus truppasında onu təzədən tamaşaya
qoyduq. Hətta belə bir fikir də oldu
ki, mən Soltan bəyi Azərbaycan dilində də oynayım. Mətni öyrənməyə də
başlamışdım. Təəssüf ki, baş tutmadı, arzum ürəyimdə qaldı...
- Teatrda belə şeylər olur, üstəlik, aktyorlar da asılı
sənət sahibləridir...
- Elədir. Amma mən Tofiq Quliyevin, Hacı Xanməmmədovun əsərlərində də çıxış etmişəm, həmin tamaşalarla qastrollara getmişəm.
- İndisə teatrda işiniz əvvəlki qədər deyil. Üstəlik, rus dilində böyüklər üçün tamaşalar da azdır. Darıxmırsınız?
- Teatrda bir neçə tamaşada, hətta uşaqlar üçün əsərlərdə də məşğulam. Həm də mən pravoslavam, özüm də dindar adamam. Artıq neçə ildir ki, katedral kilsənin xorunda da oxuyuram. İbadətlər zamanı, bir də dini bayramlarda çıxış edirəm. Cavanlığımda Dövlət Xor Kapellasında oxuyurdum. İstəyirəm ki, musiqi mənim həyatımı tərk etməsin.
- Kilsə xorunda oxumaq sizə nə verir? Axı ora tamam fərqli ölçülərlə nizamlanan məkandır, dini musiqi də insana bambaşqa hisslər təlqin edir.
- İnsanın min cür dərdi, qayğısı olur. Amma məbədə ayaq basan kimi, yüngülləşirsən, oranın aurası səni vadar edir ki, həyatdakı, məişətdəki qayğılara adi, bir qədər yuxarıdan aşağı baxasan.
- Elə teatra buna görə məbəd deyirlər...
- Teatr da, kilsə də mənə böyük həyat qüvvəsi verir. Səmavi dinlər insanlara sevginin hər şeydən öndə olmasını aşılayır. Əgər sənətini, teatrı sevmirsənsə, burda neyləyə bilərsən?
* * *
Boris Fyodoroviç Qrafkinlə tamaşadan öncə görüşmüşdük. Müsahibə əsnasında bir neçə dəfə qrim otağının qapısı döyüldü, illərdən bəri onunla eyni kollektivdə işləyən sənət yoldaşları onu hamıdan tez təbrik etməyə, salona toplaşanlardan öncə alqışlamağa can atırdılar. Hədiyyə gətirənlər də var idi. Biz də mətbu orqan olaraq, hədiyyəmizi adət üzrə bir qədər ləngitdik. Amma yenə də deyirik: 80 yaşınız mübarək, ağsaqqal aktyor Boris Qrafkin!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 6
oktyabr.- S.10.