Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xarici əlaqələri genişlənir

 

 

 

   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ankarada Türkiyə Cümhuriyyəti ilə dostqardaş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

   Tədbirdə dostqardaş ölkələrlə diplomatik münasibətlərin inkişafından, eləcə də 25 il ərzində görülən işlərdən söz açılıb.

   Oktyabrın 5-də Türkiyənin xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə səfərdə olub. M.Çavuşoğlu UNESCO İcraiyyə Şurasının 202-ci sessiyasında çıxış edib.

   Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri ilə UNESCO-nun baş direktoru İrina Bokova arasında görüş keçirilib. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak ediblər.

   UNESCO-nun baş direktoru söhbət zamanı türk dünyası mədəni irsinin təbliğatı istiqamətində TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən də danışıb. UNESCO ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması perspektivləri müzakirə olunub.

 

Mədəniyyət.- 2017.- 11 oktyabr.- S.6.