Ədəbi dilin qorunmasında
və inkişafında
medianın rolu
“Dilimiz nə qədər saf və zəngin
olarsa, mənəvi varlığımızı dolğun
ifadə edərsə,
milli birlik də bir o qədər
möhkəm və sarsılmaz olar”
Oktyabrın 6-da Beynəlxalq Mətbuat
Mərkəzində “Azərbaycan
ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu”
mövzusunda konfrans keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə keçirilən
konfransda dövlət
və hökumət rəsmiləri, dilçi
alimlər, millət vəkilləri, KİV rəhbərləri
iştirak edirdilər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
professor Əli Həsənov
bildirdi ki, milli dövlətçiliyin
yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın
özünüqoruma instinktini
gücləndirən, onu
səfərbər edən
və birləşdirən,
həmçinin bir toplumu digərlərindən
fərqləndirən və
müdafiə edən
ən etibarlı vasitədir. Ona görə
də dövlət dilinin saflığının
qorunması, inkişafı
və zənginləşməsinə
xüsusi qayğı
göstərilməsi böyük
əhəmiyyət kəsb
edir. Dilimiz nə qədər
saf və zəngin olarsa, mənəvi varlığımızı
dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar.
Vurğulandı ki, Azərbaycan
dili özünün hazırkı səviyyəsinə
çatana qədər
müxtəlif tarixi mərhələlərdən keçib.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlər bu baxımdan xüsusilə əlamətdar olub. Məhz onun prinsipial mövqeyi sayəsində, Moskvanın
etirazlarına baxmayaraq,
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan
dilində mətbuatın,
mədəniyyətin, elm və
təhsilin inkişafı
üçün böyük
işlər görülüb,
dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub.
Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi
statusunun möhkəmlənməsi
istiqamətində atılmış
vacib addımlardan biri də ulu
öndərin 2001-ci ilin
18 iyun tarixində imzaladığı "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman
olub. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına
keçid başa çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün
ardıcıl tədbirlər
həyata keçirildiyini
deyən Əli Həsənov qeyd etdi ki, müasir
dövrdə geniş
vüsət alan
qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən
də yan keçməyib. Fasiləsiz
təkmilləşən informasiya-kommunikasiya
sistemlərinin, texnoloji
yeniliklərin insanlar tərəfindən sürətlə
mənimsənilməsi, informasiya
mübadiləsi imkanlarının
artması dövlət
dilini zənginləşdirməklə
yanaşı, mənfi
təsirlərə də
məruz qoyur: “Bu hallar həm cəmiyyətdə, həm
də onun güzgüsü olan mətbuatda özünü
qabarıq büruzə
verir. Təəssüf
ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən
elektron KİV-də dövlət dilinin norma və
prinsiplərinə uyğun
olmayan söz və ifadələrin işlədilməsinin şahidi
oluruq. Bu amilləri
nəzərə alaraq,
Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb”.
Milli Televiziya və
Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxış
edərək bildirdi ki, Şura yarandığı
ilk gündən ana dilimizin qorunmasını xüsusilə diqqət mərkəzində saxlayıb.
Əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir.
Özəl televiziya məkanında
ədəbi dil normalarının pozulması
hallarına daha çox rast gəlinir.
Azərbaycan Mətbuat Şurasının
sədri, millət vəkili Əflatun Amaşov qeyd etdi ki, gündəlik
həyatımızda dil
normalarının, yalnız
linqvistik qaydaların yox, “Dövlət dili haqqında” qanunun müxtəlif maddələrinin pozulması
halları ilə tez-tez üzləşirik.
Ənənəvi mediada
dil pozuntularının
elektron mediadan xeyli az olduğunu
vurğulayan MŞ sədri
qeyd etdi ki, ictimai rəyin
formalaşmasında və
informasiyaların cəmiyyətə
çatdırılmasında elektron medianın rolu xüsusi nəzərə alınaraq,
dil normalarının qorunmasına daha çox diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb
edir.
Konfransda akademiklər - Azərbaycanda
Atatürk Mərkəzinin
müdiri, Milli Məclisin deputatı, Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Yayım
Şurasının sədri,
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Möhsün Nağısoylu, Azərbaycan
Dillər Universitetinin
rektoru Kamal Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı və
başqaları çıxış
etdilər. Ölkə başçısının ədəbi dil məsələsinə daim
diqqət yetirdiyi, bu istiqamətdə fərman və sərəncamlar imzaladığı
xüsusi vurğulandı.
Azərbaycan dilinin taleyi,
mətbuatda işlədilməsi,
cəmiyyət həyatında
yeri ilə bağlı mühüm məqamlara toxunuldu.
Konfransa yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov tədbirdə faydalı fikirlərin səsləndiyini
qeyd edərək, dövlətimizin ana dilinin saflığının
qorunmasına xüsusi
önəm verdiyini diqqətə çatdırdı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.7.