Qubada Alma bayramı və Xalça festivalı keçirilib
Oktyabrın 7-də
Quba şəhərindəki
Heydər Əliyev adına Mədəniyyət
və istirahət parkında V Alma bayramı
və I Xalça festivalı keçirilib.
2012-ci ildən
ənənəvi olaraq
keçirilən Alma bayramına
Milli Məclisin deputatları, bir sıra nazirliklərin məsul şəxsləri,
qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici
ölkələrin nümayəndələri,
respublikamızdan kənarda
yaşayan qubalı iş adamları, elm və mədəniyyət
xadimləri qatılıb.
Bayram mərasimində adət-ənənələrimizi
əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan
şirniyyatlar və içkilər nümayiş
etdirilib. Qonaqlara ölkəmizin şimal
regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və
həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Çıxış edənlər festivalın
keçirilməsinin milli
adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin,
ölkəmizin turizm imkanlarının tanıdılmasında,
almanın və ondan hazırlanan məhsulların təbliğində
böyük əhəmiyyətini
qeyd ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı
Yaşar Məmmədov
bildirib ki, Qubada 14 min hektara yaxın alma bağı var. Təsərrüfatçılar
öz məhsullarını
yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq üçün yol açılır.
Çıxışlarda Qubada ilk dəfə
Xalça festivalının
keçirilməsi də
əlamətdar hadisə
kimi qiymətləndirilib.
Diqqətə çatdırılıb
ki, ölkə başçısının 2016-cı ilin 5 may tarixli sərəncamı ilə
“Azərxalça” Açıq
Səhmdar Cəmiyyəti
yaradılıb. “Azərxalça” ASC-nin ilkin mərhələdə
açılan filiallarından
ikisi Quba və Xaçmaz rayonlarında yerləşir.
Tədbirdə Quba Turizm İnformasiya Mərkəzinin
yeni nəşr olunan "Qubanın xalça inciləri" bukleti, xalça şəkilli cib təqvimi və hədiyyə paketləri qonaqlara paylanıb.
Festival iştirakçılarına Azərbaycan
xalçaları, onların
toxunma prosesi nümayiş etdirilib.
Tədbir çərçivəsində
xalçaların satışı
da təşkil olunub.
Quba rayon MKS tərəfindən “Azərbaycanın xalçaçılıq
tarixi” başlıqlı
sərgi nümayiş
etdirilib. Azərbaycan xalça
sənətinə dair
30 adda kitab tədbir iştirakçılarına
təqdim edilib.
Bayram tədbiri
incəsənət ustalarının konserti
ilə başa çatıb.
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.11.