Səhnə və ekran
sənətimizin fəxri
Ağasadıq Gəraybəyli - 120
Milli teatr və kino sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq artisti Ağasadıq Gəraybəyli hər iki sahədə bir-birindən maraqlı, yaddaqalan obrazlar qalereyası yaradıb. Sənətkarın adı və obrazlarından hər hansı biri örnək çəkiləndə mütləq üzlərdə təbəssüm yaranır. Çünki o, sənətə ruhunu verirdi. Aktyorun sevgiylə, minnətdarlıqla xatırlanmasının başlıca səbəbi də elə budur.
Bu il
Ağasadıq Gəraybəylinin
anadan olmasının
120 ili tamam olur. Prezident İlham Əliyev 12 iyul 2017-ci il
tarixdə böyük
aktyorun yubileyinin keçirilməsi haqqında
sərəncam imzalayıb.
Ekranda və səhnədə
həyat verdikləri obrazlarla yaddaşlarda yaşayan sənətkarlar
cismən aramızdan getsələr də, bizlərə ərməğan
etdikləri sənətləri
ilə ölməzlik
qazanıblar. Sözün əsl
mənasında xalqın
artisti olan Ağasadıq Gəraybəyli
belə xoşbəxt
sənət adamlarındandır.
Görkəmli
yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyev aktyor sənəti haqqında deyir: “Dünyada insaniyyətə,
millətə və mədəniyyətə ən
böyük xidmətlərdən
biri artistlikdir. Artist özünü unlayıb acı həqiqətləri sənətin
şəkəri ilə
şirinlədib camaata
yedirdir. Bu cəhətdən artistliyin
yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır”.
Ədibimizin bu qiymətli fikirlərindən sonra milli teatr və
kinomuzun inkişafında
xüsusi xidmətləri
olan onlarla sənətkarımızın yaratdıqları
obrazlar gözlərimiz
önündə canlanır...
Ömrün illəri və unudulmaz obrazlar
Ağasadıq Ağaəli oğlu
Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda anadan olub. Onun bəy nəslindən olaraq aktyorluq sənətini seçməsi
haqqında çox fikirlər yazılıb, deyilib. Sənət eşqi onu hələ gənc yaşlarından səhnəyə
gətirmişdi. Çünki Ağasadığın jest və
mimikalarla ovqatı göstərmək bacarığı
ideal idi.
O, 1908-ci ildə
Hüseyn Ərəblinskinin
truppasında işləyən
rejissor qardaşı Ağayarın köməyi
ilə səhnəyə
çıxır. 1916-cı ildə Politexnik məktəbində oxuduğu
vaxt görkəmli dramaturq Cəfər Cabbarlı ilə tanış olur. Bu tanışlıq
gənc aktyorun gələcək fəaliyyətində,
sənət uğurlarında
önəmli rol oynayır. Ağasadıq Gəraybəyli professional səhnəyə 1921-ci ildə
Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında gəlir və 1932-ci ilə kimi burada
çalışır. Sonra yaradıcılıq yolunu
Akademik Dram Teatrında
davam etdirir.
Aktyor kino sənətinə
də 20-ci illərdən
gəlib. İlk dəfə
"Qız qalası"
səssiz filmində epizodik obraz (Əyan) yaradır. Sonra "Hacı Qara" filmində Əsgər bəy, "Sevil"də
Balaş rolu ona həvalə olunur. İzzət Orucovanın Sevili, Ağasadıq Gəraybəylinin
Balaş və Mustafa Mərdanovun Atakişi rolları o qədər güclü təəssürat
oyadır ki, bu səssiz filmin səsləndirilməsinə
heç bir ehtiyac duyulmur.
Milli teatrımızın klassiklərindən, fədailərindən
olan sənətkarın
səhnə fəaliyyətinə
aid faktları xatırlayanda
heyrətlənməyə bilmirik.
Aktyor 70 illik dövrü əhatə edən yaradıcılığı boyu
200-dən artıq müxtəlif
rolda səhnəyə
çıxıb. Bu rolların hər biri öz koloriti,
məzmunu ilə seçilib. Nəriman
Nərimanovun "Nadir şah",
Üzeyir Hacıbəylinin
"Arşın mal alan",
Cəfər Cabbarlının
"Sevil", "Od
gəlini", "1905-ci ildə",
Səməd Vurğunun
"Vaqif", “Xanlar"
və s. O, təkcə
rejissor quruluşlarına,
mizanlarına görə
səhnəyə çıxmazdı,
əsərin mahiyyətini,
müəllifin qayəsini,
hər bir obrazın amalını, məqsədini tamaşaçılara
çatdırmağa çalışırdı.
Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb.
Xatirələr
işığında
Müasirləri və tamaşaçıları
onun yüksək aktyorluq məharətini, çoxlarına örnək
olan ömür yolunu heyrət və minnətdarlıqla xatırlayırlar. Böyük aktyordan
söz düşəndə
hər kəs onun ifaçılıq məharəti ilə şəxsiyyəti arasında
möhkəm bir uyğunluğun olduğunu
bildirir. Bu da, təbii ki, sənətkarın sevilməsində başlıca
amildir.
Xalq şairi Səməd Vurğun onun aktyorluq qüdrəti haqqında yazıb: "Hər dəfə Ağasadığı səhnədə
görəndə həyatın
özü, yaratdığı
obrazın canlı təsvirləri gözlərim
önündən keçir.
Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli
rejissor Mehdi Məmmədov deyirdi:
"Aktyorluq onun alın yazısı idi. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq
görülmüşdü. Onu bir dəfə də olsun özündənrazı
görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə,
mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı.
Can deyib, can eşidərdi".
Unudulmaz sənətkar, istedadlı
aktyor haqqında xoş xatirələr çoxdur.
“Bəxtiyar” filmindəki Ağabalanı,
“O olmasın bu olsun” filmindəki Rüstəm bəyi kim xatırlamır...
Aktyor Rüstəm bəy obrazını olduqca inandırıcı yaradıb.
Tanınmış teatr və kino xadimi Adil
İsgəndərov dəfələrlə
qeyd edirdi ki, "Əgər Ağasadıq Gəraybəyli
təkcə Rüstəm
bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin
fəxri kimi xatırlanardı".
Dahi Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy
Haqverdiyev, Cəfər
Cabbarlı kimi nəhəng şəxsiyyətlərin
müasiri olması Ağasadıq Gəraybəylinin
ən böyük xoşbəxtliyi idi. O, sənətə həm də Üzeyir bəyin xeyir-duası ilə gəlmişdi. Gənclik dostu Cəfər Cabbarlının pyeslərində
yaratdığı zəngin
obrazlar silsiləsi isə aktyorun əsl sənət sevinclərinə çevrilir.
O, dramaturqun əksər
pyeslərinin səhnə
həllinin iştirakçısı
olmuş, hətta bəzi əsərlərdə
bir neçə rolda səhnəyə çıxmışdır. Aktyor
özü bu barədə deyirdi: “Cəfərlə həmyaş
olduğumuz kimi səhnəyə də birgə gəldik. Sonralar yazıçı-dramaturq kimi
tanınan Cəfər
Cabbarlı ilə bir sinifdə oxumuşduq. Səhnəyə mən bir aktyor,
o isə dramaturq kimi gəldi. Cəfərin gəlişi teatrın
repertuarına zənginlik
gətirdi. Hər dəfə
əsər gətirəndə
teatrda bayram olurdu. Bir neçəsini çıxmaq
şərti ilə bütün pyeslərində
çıxış etmişəm.
Mənim
bir aktyor kimi yetişməyimə Cəfər və onun əsərləri səbəb olmuşdur.
Dövrün tanınan ziyalısı
Hüseyn Ərəblinskidən
çox mətləbləri
öyrəndim. Mirmahmud Kazımovskinin
təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum.
Ancaq yatanda da yuxuda
teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin
sayəsində "Nicat",
sonra "Səfa"
həvəskar teatr dərnəklərinə getdim”.
Sevilən aktyor daha çox komik səhnə obrazlarının
mahir yaradıcısı
kimi şöhrət qazanmışdı. Özünün komik istedadını bütün ifadə vasitələrindən istifadə
etməklə o qədər
bacarıqla çatdırırdı
ki, tamaşaçı
bu yumora biganə qala bilmirdi. Yaratdığı obrazın daxili
dünyasını məharətlə
açır, müəllifin
ideyası baxımından
da ustalıqla təqdim edə bilirdi. Görkəmli
dramaturq Sabit Rəhmanın uzun müddət səhnədən
düşməyən və
böyük tamaşaçı
sevgisi qazanan “Xoşbəxtlər”, “Əliqulu
evlənir”, “Nişanlı
qız” və s. əsərlərində yaratdığı
komik obrazlar buna sübutdur. Görkəmli rejissor Tofiq Kazımov 1958-ci ildə yazırdı:
"Gəraybəyli yüzlərlə
obraz yaratmış bir sənətkardır. Cəsarətlə demək olar
ki, Gəraybəyli qədər çox rol oynayan ikinci
bir aktyora Dram Teatrında çətin rast gəlmək olar".
Aktyorun sonralar çəkildiyi “Ulduzlar sönmür”, “Leyli və Məcnun”,
“Fətəli xan”, “Poçt qutusu”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Bəxtiyar”,
“Bizim küçənin
oğlanları” filmləri
kino tariximizin qızıl fonduna daxil edilib. Onun ən
yaddaqalan obrazlarından
biri "Bəxtiyar"
filmində klub müdiri Ağabaladır.
O, bu mənfi (daha çox komik) obrazı elə məharətlə
canlandırıb ki, hətta həmin filmdə işlətdiyi əksər ifadələr
sonradan tamaşaçıların
dilinin əzbərinə
çevrilib.
Sənətkarın səhnədə sonuncu rolu Xalq
yazıçısı İlyas
Əfəndiyevin “Xurşudbanu
Natəvan” əsərində
Qoca Knyaz obrazıdır. Aktyorun
qızı Zemfira xanım xatirələrində
deyirdi: “Çox adam bilmirdi ki,
o, sonuncu obrazı olan "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxanda
gözləri görmürdü.
Rolunu elə oynamışdı
ki, tamaşaçılar
bunu hiss etməmişdi.
Bu, əsl möcüzə
idi. Çətini teatra qədəm
qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır,
harada pillələr olduğunu da bilirdi... Bu, atamın
sənətə bağlılığı
idi. O, əsl sənət fədaisi idi”.
* * *
Böyük sənətdə silinməz izlər qoyan qüdrətli aktyor 1988-ci ildə vəfat edib. Həyatın, zamanın bütün
sınaqlarından üzüağ
çıxmış insan,
dönə-dönə xatırlanan
sənətkar, örnək
olası ailə başçısı Ağasadıq
Gəraybəyli Azərbaycan
xalqının yaddaşında
əbədi yaşayır.
P.S. Mənim üçün çox da uzaq olmayan
keçmişdə televiziya
ekranlarından izlədiyim,
tamaşalarına sevə-sevə
getdiyim, həm də mütəmadi olaraq rastlaşıb salamlaşdığım bir
insan idi Ağasadıq Gəraybəyli.
Nə qədər deyib-gülən,
səmimi insan olsa da, nədənsə
hər dəfə salamlaşıb keçər,
onunla kəlmə kəsməyə cürət
etməzdim. Hərdən
bu böyük sənətkarla ünsiyyətdən
qaçdığıma görə
peşmanlıq hissi də yaşayıram...
Lalə Azəri
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.12.