“Mənim yay tətilim”
Respublika uşaq rəsm
müsabiqəsinin yekun sərgisi
Oktyabrın 6-da Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı.
Bu ilin iyun ayında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan müsabiqəyə ölkənin hər yerindən müxtəlif yaşlı uşaqlar qatılmışdılar.
Tədbiri giriş sözüylə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq müsabiqənin uşaqların bədii zövqünün formalaşmasında önəmindən danışdı. Bildirdi ki, müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və onların diqqətini çəkən hadisələri öz düşüncələri ilə əks etdirmək bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunub.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqların rəssamlıq bacarığının inkişaf etdirilməsi üçün təşkil olunan belə layihələrin gərəkliyindən söz açdı. O, Xətai Sənət Mərkəzinin uşaq rəssamlığının inkişaf etdirilməsi üçün gördüyü işləri yüksək dəyərləndirdi.
Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə yekun sərgidə yer alan işlərin diqqətəlayiq olduğunu bildirdi, uşaqlara yeni uğurlar dilədi.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, müsabiqəyə 430-dan çox uşaq 900-ə yaxın rəsm ilə qatılıb. Sərgidə isə 130 uşağın 140 işi nümayiş olunur.
Bildirək ki, müsabiqədə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi, Şəki Uşaq rəssamlıq məktəbi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu, Xırdalan şəhərindəki “Uğur” tədris mərkəzi, “AAAF park” nəzdində Uşaq akademiyasının hazırlıq kursları, “Elif” tədris mərkəzi, “Art House Baku” studiyası, “Günxan art” studiyası, “Meridian” tədris mərkəzi, “Mələk” art studiyası, Xətai Uşaq rəsm yaradıcılıq studiyasının, eləcə də Qax, Xırdalan, Binəqədi, Suraxanı, Səbail, Ağdaş, Sumqayıt, Lənkəran, Sabunçu və başqa bölgələrin şagirdləri fəallıq göstəriblər.
Sonda sərgi iştirakçılarına diplomlar təqdim olunub.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 11
oktyabr.- S.16.