Azərbaycan Turizm
Şurasının növbəti iclası keçirildi
Oktyabrın 11-də Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı.
Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.
Qeyd
olundu ki,
Şuranın fəaliyyəti ərzində keçirilən iclaslarda 80-ə yaxın müxtəlif qərarlar
qəbul olunub. Bu qərarlardan
49-u tam olaraq icra olunub, 22-sinin icrası davam edir. Doqquz qərarın
icrası isə müxtəlif səbəblərdən
hələ başlamayıb.
Əbülfəs Qarayev hava nəqliyyatının liberallaşdırılması,
aşağı büdcəli
reyslərin açılması
istiqamətində işlərin
həyata keçirildiyini
vurğuladı. Bildirildi ki,
yay turizm mövsümündə bir
sıra ölkələrin
aviaşirkətləri tərəfindən
Azərbaycana aşağı
büdcəli uçuşlar
təşkil olunub.
Eyni zamanda Yaponiya və Cənubi Koreyadan ölkəmizə
müntəzəm uçuşların
təşkil olunması
istiqamətində işlər
həyata keçirilir.
Bu il ölkəmizin
aşağı büdcəli
aviaşirkəti olan
“Buta Airways” fəaliyyətə
başladı. Bu istiqamətdə atılan
addımlar davam etdiriləcək.
Nazir vurğuladı ki, Şuranın ötən dövrdəki fəaliyyəti
artıq bəhrəsini
verməkdədir: “Məlum
olduğu kimi, bu il aprelin
10-dan mayın 10-dək Bakıda
ilk dəfə Ticarət
festivalı keçirildi.
Festival öz uğurları ilə yadda qaldı. İkinci
festival isə bu günlərdə - oktyabrın
15-dən noyabrın 15-dək keçiriləcək. Budəfəki festival birincidən iştirakçı
şirkətlərin və
əhatə olunan məhsulların çeşidinin
çoxluğu ilə
fərqlənəcək.
Mədəniyyət və Turizm
Nazirliyi yanında Milli Turizm Təbliğat
Bürosunun işindən
danışan nazir bildirdi ki, qısa
zamanda yaradılmasına
baxmayaraq, Büro uğurla fəaliyyət göstərir. Ötən müddət
ərzində turizmin təbliği istiqamətində
mühüm layihələrə
imza atılıb.
Əbülfəs Qarayev yay turizm mövsümünün nəticələri haqqında da geniş məlumat verdi. Bildirdi ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb: “Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir.
Nazir ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.
Qeyd olundu ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir: “Sentyabrın 11-dən 16-dək Çinin Çenqdu şəhərində Dünya Turizm Təşkilatı Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində Azərbaycan 2018-2021-ci illər üçün İcraiyyə Şurasına üzv seçildi. Azərbaycana növbəti dörd il müddətinə belə bir etimadın göstərilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və qurumda səmərəli fəaliyyətinin təsdiqidir”.
İclasda daha sonra Şura üzvlərinin turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirləri səsləndi. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.8.