Bakı ikinci Şopinq
festivalına hazırdır
Bir ay davam edəcək festivalın uğurla reallaşması üçün
bütün zəruri
məsələlər həllini
tapıb
Oktyabrın 12-də “JW Marriott Absheron” hotelində II Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və digər aidiyyəti qurumların rəsmiləri iştirak edirdi.
Əvvəlcə Ticarət festivalının
yerli televiziya kanalları və xarici ölkələrdə
yayımlanacaq reklam çarxı nümayiş
olundu.
Nazir Əbülfəs Qarayev çıxış
edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlət tərəfindən
bu istiqamətdə mühüm işlər görülür. Prezident
İlham Əliyevin “Azərbaycan Respublikasında
turizmin inkişafı
ilə bağlı əlavə tədbirlər
haqqında” 1 sentyabr
2016-cı il tarixli sərəncamının
icrası ilə bağlı bir sıra işlər həyata keçirilib. Həmçinin ölkə başçısının
müvafiq fərmanı
ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə
uyğun olaraq mühüm addımlar atılmaqdadır.
Tədbir bir sıra yeniliklərlə
yadda qalacaq
Nazir vurğuladı ki,
oktyabrın 15-dən noyabrın
15-dək ikinci dəfə
təşkil olunacaq Bakı Şopinq Festivalı Azərbaycan Turizm Şurası tərəfindən reallaşdırılan
ilk layihədir. Festivalın keçirilməsi
Mədəniyyət və
Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin
nəzdində fəaliyyət
göstərən Azərbaycan
Konqreslər Bürosu
həyata keçirir.
Bundan əlavə, festivalın təşkilində müvafiq
qurumlar da yaxından iştirak edirlər.
Qeyd olundu ki, ildə iki dəfə
keçirilməsi nəzərdə
tutulan festival turizmin inkişafı üçün
yeni bir mərhələdir və
beynəlxalq təcrübəyə
əsaslanır. Tədbirin keçirilməsi
təkcə ticarət
deyil, ölkəmizin adət-ənənələri və
tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə
seçilir.
Əbülfəs
Qarayev bildirdi ki, festivalın əsas məqsədi mövsümarası vaxtlarda
turistlərin sayını
artırmaqdan ibarətdir:
“İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə
yadda qalacaq. Birinci və ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından
müəyyən fərqlər
olacaq. İkinci festival Azərbaycana turist axınını daha da stimullaşdıracaq.
Qarşıdakı festivalda xüsusi
turist paketləri hazırlanaraq turizm agentliklərinə təklif
ediləcək. Bu paketlərə aviabilet,
transfer, sığorta, hoteldə
qalma, festival mağazalarına
şopinq turların təşkili daxildir.
Alıcılar festival boyunca xüsusi
hədiyyə kartları
qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və
alıcıları həvəsləndirmək
üçün ticarət
mərkəzlərində interaktiv
oyunlar təşkil olunacaq. Festivalın gedişində paytaxtın
Fəvvarələr meydanında
“Fan” zonası fəaliyyət
göstərəcək”.
Diqqətə çatdırıldı ki, ilk dəfə olaraq “Bravo” hipermarketlər
və “Neptun” supermarketlər şəbəkəsi
də festivala qoşulub. Marketlərdə satılan yalnız
elektron avadanlıqlar və bu tipli
məhsullar festivala daxildir. Bundan başqa, bir
sıra apteklər də festivalda təmsil olunacaqlar.
Festivala qoşulan ticarət və xidmət obyektlərinin sayı artıb
Nazir qeyd etdi ki,
ikinci festivala qoşulan ticarət və xidmət obyektlərinin sayında da ciddi artım
var: “Əgər ilk festivalda tərəfdaş
qismində çıxış
edən müəssisələrin
sayı 33 idisə, budəfəki festivalda 111
olacaq. Bu da
üç dəfə
artım deməkdir.
Birinci festivalda əlavə dəyər vergisini
(ƏDV) cəmi 172 şirkət
qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin ƏDV-ni
qaytarması nəzərdə
tutulur. Bu festivala ümumilikdə
578 müəssisə qatılacaq.
Festival çərçivəsində
xüsusi mükafatlar
təsis ediləcək
ki, bu da
alış-verişin əhəmiyyətini
artıracaq. Gələcəkdə keçiriləcək festivallarda
ölkəmizə gələn
turistlər üçün
xüsusi imtiyaz kartının hazırlanması
da nəzərdə tutulur”.
O da vurğulandı ki, festival
çərçivəsində müştərilər dünya
brendlərinə məxsus
geyim, elektronika, məişət texnikası,
mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzlərində
xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara
“Tax Free” imkanı təqdim
olunacaq. Bundan başqa,
festival zamanı interaktiv
oyunlar, moda nümayişləri və
digər müxtəlif
əyləncə xarakterli
tədbirlərin təşkili
planlaşdırılır. Festivalda əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da “Tax-Free” sistemindən
istifadə edə biləcəklər və
bu, dünya təcrübəsində bir
ilkdir. Bu da öz növbəsində
daxili turizmin inkişafına əlavə
təkan verəcək.
Nazir bildirdi ki, ötən illə müqayisədə Azərbaycana
gələn turistlərin
sayında ciddi artım var. Ötən ilin sentyabr ayı
ilə müqayisədə
bu ilin sentyabrında
turistlərin sayında
7 faiz artım müşahidə olunur.
“Vergilər Nazirliyi festivalın keçirilməsi üçün
bütün imkanlarını
səfərbər edəcək”
Mətbuat konfransında çıxış
edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi
ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı
“Ticarət festivalları
dövründə fiziki
şəxslər tərəfindən
Azərbaycan Respublikasının
ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
Qaydası”nın təsdiq
edilməsi haqqında
fərman festivalın
yüksək səviyyədə
təşkilinə böyük
təsir göstərib:
“İkinci Şopinq Festivalının keçirilməsi
üçün Vergilər
Nazirliyi bütün imkanlarını səfərbər
edəcək. Nazirliyin 30 əməkdaşı
iki növbədə işləyəcək”.
Nazir müavini diqqətə
çatdırdı ki,
festivala Azərbaycan Beynəlxalq Bankı və AzərTürk Bank da xidmətlərini təklif edib. Əlavə dəyər vergisinin qaytarılması qaydaları
festivalın iştirakçısı
olan ticarət nöqtələrində tətbiq
ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər.
Festivalda
iştirak edən həmin mağazalar “Tax
Free” nişanı ilə
fərqlənəcək.
İnformasiya-təbliğat məsələləri həll olunub
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görüləcək işlər haqqında məlumat verdi. Bildirdi ki, festival günlərində maraqlı mədəni tədbirlərin keçirilməsi üçün əsas parklarda şərait yaradılacaq. Paytaxtın mərkəzi küçələri, mehmanxana və ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq, Çağrı mərkəzi istifadəyə veriləcək.
Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə çatdırdı ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytında (www.bakushopfest.com) iştirakçıların qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq: “Bu il təbliğat kampaniyamızı genişləndirmişik. İştirakçılar müştəri xidmətlərimizlə 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq üzləşdikləri problemlə bağlı bizdən məlumat ala bilərlər”.
Nazir Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, “Tax Free” sistemi ilə bağlı qaydalara müvafiq olaraq Ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Festival günlərində “Tax Free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində alış-veriş edən yerli vətəndaşlara da tətbiq olunacaq.
Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib.
Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə
ölkəyə gələn
turistlərin sayını
artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına
təkan vermək məqsədi daşıyır.
Fariz
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.3.