Üç qadının bir monoloqu: “Cəza”
Neyləyəsən
ki, olmayanda olmur!.. Sevgi torpağa
səpilən toxum kimidir. Bu toxuma
«yağdı yağış,
bitdi qamış» prinsipi ilə yanaşmaq olmaz. Onun cücərməsi, böyüməsi
həm də ona çəkilən zəhmətdən asılıdır.
Təəssüf ki, bunu Ona - çox
gənc ikən evinin qadını, balalarının anası,
səhərdən axşamadək
pul qazanan kişinin arvadı olmaqdan bezən, bər-bəzəyi ilə
forslanmaqdan usanan Qadına deyən olmadı!.. Özü anlayanda
isə artıq gec idi. Ərinin etibarını yerə vurması, ailəsinin adına
ləkə yaxması,
el qınağı nədir,
heç övlad sevgisi də onu özünə açdığı cinayətdən
çəkindirə bilmədi...
Söhbət yazıçı-dramaturq Tamara
Vəliyevanın Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
səhnələşdirilən “Cəza” əsərindən
gedir. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin
quruluş verdiyi monotamaşada Əməkdar
artist Kəmalə Hüseynova
çıxış edir.
Monotamaşa bir nəfərin
hansısa əhvalatı
təkbaşına, həm
də şəxsi mövqeyindən çatdırmasıdır.
Qarşımızda bir
həqiqət, bir aktyorun teatrı var. «Cəza»nın qəhrəmanı cavan qadındır. Sevginin nə olduğunu duymadan, dərk etmədən, əsrlərlə
nəsildən-nəslə keçən «yaxşı
qismət» ənənəsi
ilə gənc bir oğlana ərə verilən yaraşıqlı Qız.
Böyükləri hesab
ediblər ki, qoy bəxtinə sevinsin, şadlığına
şitlik eləməsin,
onsuz da üzüyü barmağına
taxan kimi ürəyində məhəbbət
yaranacaq! Elə oğlan tərəfi də əmin imiş ki, yaraşıqlı,
iş-güc sahibi, evi, maşını olan gənc pal-paltarla, qır-qızılla
onun könlünü
alacaq, əbədi sevgisini qazanacaq! «Gözü açılmamış
qız»ın sevgisini qazanmaq nə çətin işdi ki? Yeməyini bol elə, evini,
əyin-başını qonşu
bağrı çatladan
tərzdə bəzə,
başını da uşaqlarla qat, bəsidir: özünü
sevən və sevilən qadın zənn edəcək!..
«Cəza»nın qəhrəmanının
həyatı beləcə
davam edirmiş. Amma bir gün
paltarlarını göstərmək,
evdən çıxmaq
xətrinə düzəldiyi
iş yerində bir nəfər ona aşiq olunca,
hər şey dəyişir! Əsl sevgiyə rast
gəlmədiyindən onu
ya maddi sərvət, ya da şəhvət olaraq görən Qadının həyat faciəsi başlayır.
Əslində əsas cizgilərini
cızdığımız bu əhvalat son illər cəmiyyətimiz
üçün adiləşib.
Ay yoxdur ki, elektron portallarda, telekanallardakı tok-şoularda
gənc ailələrin
dağılması müzakirə
olunmasın. Elə tamaşanın yaradıcıları
- müəllif, rejissor
və ifaçı «Cəza» ilə bunu deyir, həyəcan
təbili çalırlar
ki, olmaz! Sevgisiz ailə qurulmaz! Evinizdəki Qadına bəzəkli ev gözətçisi,
uşaqlarınızın anasına
onların dayəsi kimi baxmayın! Həyat yoldaşlığı
hissini nikah şəhadətnaməsinə büküb qəlbinizdə
basdırmayın! Qızlarınızı, oğlanlarınızı «sonra
sevərsən» deyibən
sevgisiz ailə qurmağa vadar etməyin. Çünki
dünya da, dəyərlər də dəyişib, evli birisinin «sonradan kimi sevəcəyi» öncədən heç
bəlli olmur! Bu, pisdirmi, yaxşıdırmı
(əlbəttə, pisdir!)
sualı, belə olmalıdır etirazı artıq başqa söhbətin mövzusudur!
«Cəza» sadəcə,
Qadının öz-özünə
edə biləcəyi
ən böyük cinayətinin qarşılığıdır.
Müəllif mətnində
konkret günahkar yoxdur, onun qəhrəmanı
kimsəni ittiham etmir: nə onunla hesablaşmayan valideyni, nə arvadına özünü
sevdirə bilməyən
ərini, nə də onu başdan
çıxarıb əylənən
məşuqunu. Sadəcə, illər öncə başına gələnləri,
bir də çəkdiyi iztirabın
acısını paylaşır.
«Cəza»nın səhnə həlli də maraqlıdır. İlk epizodda Qadının içindən çıxdığı
iri sandıq kiçik səhnədə
bir qədər yöndəmsiz görünsə
də, tamaşa boyu onu izləyir,
əhvalat çözələndikcə
anlayırsan ki, bu sandıq törətdiyi cinayətin
onu «cəza evi»nə erkən aparacaq tabutun rəmzidir. Səhnənin bir küncündən
sallanan yoğun kəndir də Qadının həyat hekayəsindəki məqamlara
uyğun olaraq gah qucağında körpə silueti kimi topalanır, gah onu əyləndirən,
uçuran yelləncəyə
çevrilir, gah da ayaqlarına cidar olub müəyyən
məsafədən artıq
addım atmağa qoymur.
Aktrisa Kəmalə Hüseynova
daxilindəki ehtirası,
sənət yanğısını
bu Qadına səxavətlə xərcləyir,
təxminən saat yarım sürən iri templi, hətta
aktrisadan müəyyən
akrobatik hərəkətlər
tələb edən oyunu boyunca nə
yorulur, nə də mətnində çaşır. Biz Kəmalə
xanımı istər
teatrda, istərsə də teleseriallarda aktrisadan daha çox çılğınlıq
tələb edən situasiyalarda az
görməmişik. Amma Mehriban
Ələkbərzadə aktrisanın
güclü daxili enerjisini ehtiyatla nizamlayacaq mizanlar qura bildiyindən tamaşaçı sonadək
istər plastika, istər mətn baxımından yüklənmiş
ifaçının yorulduğunu
hiss etmir.
«Cəza»
kifayət qədər
ağır həzm olunan, düşündürən,
seyrçini öz təsiri altında saxlayan tamaşadır.
Onu müasir qadınların taleyinə biganə qalmayan üç qadının - müəllifin,
rejissorun və ifaçının monoloqu
kimi də anlamaq olar. «Cəza»ya cinayətə
sürüklənməmiş baxmaq lazımdır ki, edə biləcəyimiz
cinayətdən uzaq olaq.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.6.