Azərbaycan ədəbiyyatı Tbilisidə təqdim edilib

 

 

   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin layihələrindən olanMüasir Azərbaycan ədəbiyyatı antologiyası” Tbilisidə gürcü dilində təqdim edilib.

   Mərkəzdən bildirilib ki, Gürcüstan Yazıçılar Birliyinin akt zalında keçirilən tədbirdə Gürcüstanın Baş nazirinin müavini Quram Odişaria, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, tanınmış gürcü yazıçı və şairləri, tənqidçiləri iştirak ediblər.

   Tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli açıb. O, antologiyanın müasir Azərbaycan ədəbiyyatının Gürcüstanda yaxından tanıdılmasına və tədqiqinə geniş imkanlar yaradacaq ilk akademik nəşr olduğunu vurğulayıb: Bu kitab Azərbaycanın və Gürcüstanın mədəni həyatında fövqəladə hadisədir. İlk dəfədir ki, qardaş Azərbaycan ədəbiyyatının bütöv mənzərəsi gürcü oxucusunun diqqətinə belə bir səviyyədə çatdırılır. Sizə bir şad xəbər də vermək istəyirəm ki, belə bir gözəl kitabı ərsəyə gətirmiş Azərbaycan Tərcümə Mərkəzi gürcü ədəbiyyatı antologiyasını da artıq nəşrə hazırlayıb. Biz Gürcüstan Yazıçılar Birliyi olaraq, Tərcümə Mərkəzinin başladığı bu müqəddəs məramlı işi birlikdə davam etdirəcəyik”.

   Gürcüstanın Baş nazirinin müavini Quram Odişaria tədbirdə çıxış edərək deyib: “Bu kitabın “ön söz” müəllifi olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan və gürcü ədəbiyyatları arasında əlaqələrin dərin kökləri var. Sevindirici haldır ki, bu ənənə hazırda yüksək səviyyədə davam etdirilir”.

   Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Gürcüstan Mədəniyyət Departamentinin rəisi Aleko Qriqolaşvili, Gürcüstan Yazıçılar Birliyinin katibi, şair Makvala Qonaşvili, tanınmış yazıçılar Rezo Mşveladze, Zaur Motxoveli, Aleko Qriqolaşvili, “Didube” yazıçılar panteonunun direktoru, şair Badri Kutateladze, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Valehoğlu çıxış edərək nəşrin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

   Sonda Gürcüstan Yazıçılar Birliyinin sədri Baqater Arabuli Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin gücləndirilməsinə və məhsuldar yaradıcı fəaliyyətinə görə Afaq Məsuda Gürcüstan Yazıçılar Birliyinin “Mədəniyyət elçisi” fəxri diplomunu təqdim edib.

 

Mədəniyyət.- 2017.- 13 oktyabr.- S.7.