“Azərbaycandan gələn tələbələri
əcnəbi tələbə hesab etmirik”
Ankara İldırım Bəyazid Universiteti (AYBU) Türkiyənin ən gənc universitetlərindən biridir. Osmanlı Sultanı İldırım Bəyazidin adını daşıyan təhsil ocağının təməli də elə tarixi məkanda - türk dünyasının iki böyük hökmdarı Teymur və İldırım Bəyazidin üz-üzə gəldiyi Ankara döyüşünün (1402) baş verdiyi yerdə qoyulub. Universitetin bir özəlliyi də ondan ibarətdir ki, burada tez-tez türk dünyasına və onun yetişdirdiyi şəxsiyyətlərə həsr edilən tədbirlər düzənlənir. Burada xeyli azərbaycanlı tələbə də təhsil alır.
Universitetin rektoru, professor Mətin Doğan ilə müsahibəmizdə tədris ocağı haqqında daha geniş məlumat almağa çalışdıq.
- Mətin bəy, qurulduğu tarixdən bəri bu universitetə rəhbərlik edirsiniz. Yəqin ki, başlanğıcda qarşıya müəyyən hədəflər də qoymuşdunuz. Ötən illərdə bu hədəfləri hansı səviyyədə gerçəkləşdirə bildiniz?
- Ankara İldırım Bəyazid Universiteti 2010-cu ildə qurulub və qeyd etdiyiniz kimi, o vaxtdan bu tədris ocağına rəhbərlik edirəm. Bizim hədəflərimiz sadəcə Ankara və ya Türkiyə ilə məhdudlaşmır. Könlümüzdə özünə yer edən bütün coğrafiyalardan olan gəncləri universitetə qəbul edirik. Bu sıraya xüsusilə türk dünyası, Yaxın və Orta Şərq, Qafqaz daxildir. Yəni AYBU bir beynəlxalq universitetdir və ölkəmizin inkişafına dəstək olacaq formada, milli mədəniyyətimizi, min illərin adət-ənənəsindən gələn milli mədəni dəyərlərimizi mənimsəyərək çağdaş elm və ixtisasları əhatə edən, dünyaya da çatdırmağa çalışan bir universitetdir. Yəni hədəfimiz bu idi: həm keçmişdən gələn mədəniyyətə- adət-ənənələrə bağlı olmaq, həm də dünyanın çatdığı elm səviyyəsinə bir töhfə vermək. Bir sözlə, keçmişdən gələcəyə doğru gedən bir universitet. Loqomuzdakı 3 qapı da onu ifadə edir: biri keçmiş, biri yaşadığımız indiki dövr, digəri də gələcəkdir.
- Təbii ki, qarşıya qoyulan planları reallaşdırmaq həm çətin, həm də məsuliyyətlidir. Maraqlıdır, beynəlxalq bir ali təhsil ocağına çevrilmək, yuxarıda sadaladığınız coğrafiyalardan tələbələri cəlb etmək üçün nə kimi işlər görüldü?
- Təbii ki, bir universitet
üçün 6-7 il uzun zaman
deyil. Bəlkə də inkişaf üçün 20, 50 ili geridə qoymaq lazımdı. Amma arxaya dönüb baxdığımızda bu
hədəflərimizin əksəriyyətinə
çataraq inkişaf
etdiyimizi görmək
olur. Hazırda 17 min tələbəmiz var. Bunun 10 faizi xarici tələbələrdir.
Bu, Türkiyədəki universitetlər arasında
ən yüksək göstəricidir. Hazırda 5-6 min nəfər magistr tələbəmiz var. 2000-ə qədər də doktorantlarımız var. Bu, ildə
300-400 doktorant məzun
verməyimiz deməkdir.
Bu rəqəmlər deməyə əsas verir ki, AYBU beynəlxalq araşdırma
universiteti olmağa doğru addımlayır.
Yəni say baxımından
zəruri olanları yerinə yetirdiyini göstərir. Bu günlərdə bir akademik araşdırma nəticəsində AYBU ölkə
üzrə ilk 9 universitet
arasında yer aldı ki, bunu
Türkiyə mətbuatı
da işıqlandırdı.
Ayrıca, Türkiyədə 2000-ci illərdən bəri qurulmuş dövlət universitetləri arasında
birinci sıradayıq.
- Gənc bir universitet üçün bunları
söyləmək qürurvericidir.
Sizcə,
bunlar yetərlidirmi?
- Düşünürəm
ki, hələ yetərli deyil. Çünki biz beynəlxalq aləmdə
də ilk sıralarda olan universitetlər arasında yer almağı hədəfləmişik.
Bizim universitetimizdən məzun
olan gənc dünyanın istənilən
ölkəsində öz
məsləyini icra etməyə qabil olmalıdır. Müəllimləri işə qəbul edəndə də beynəlxalq təcrübəyə
sahib olanları seçdik.
Proqramlarımızın əksəriyyəti ingilis dilindədir. Çünki hazırda dünyada
beynəlxalq dil ingilis dilidir.
- Universitetdə
türk ölkə və diyarlarından çoxlu tələbə
təhsil alır. Türk dünyasına töhfə
olaraq nə kimi işlər görürsünüz?
- Müxtəlif
tədbirlər, konfranslar,
simpoziumlar keçiririk.
Məsələn, bu günlərdə
keçirdiyimiz “Çubuk
və ətrafı”
2-ci Beynəlxalq simpozium
türk dünyasından
bəhs edirdi. Yaxın zamanda Türk Dil Qurumu, Əfqanıstan,
Özbəkistandan həmkarlarımızla
birlikdə Əlişir
Nəvaiyə həsr
edilən bir simpozium keçirəcəyik.
Bu ideya Özbəkistana
səfər zamanı
ortaya çıxmışdı.
Bu məqsədlə oradakı universitetlərlə
bir işbirliyi razılaşması imzaladıq.
Sonra bu sıraya Əfqanıstandakı universitetlər
də daxil oldu.
Sovetlər zamanı 70 il
türkçülüyün kənarda qaldığı
bir dönəm yaşanmışdı. Qazaxıstan, Özbəkistan və Türkmənistanda səfərlərdə
oldum. Özbəkistanda bizi müşayiət
edən bələdçi
deyirdi ki, daha öncə onlara özbək tarixinin 1400-cü illərdə
Əmir Teymurla başladığını deyirmişlər.
Sonra fərq etdik ki, tariximiz qədim
dövrlərə dayanır.
Ona görə də, biz çalışırıq ki,
türk dünyasına
fayda verən tədbirləri tez-tez keçirək.
Universitetimizdə “Mahmud Kaşğarlı Düşüncə Klubu” fəaliyyət göstərir. Səfirliklərin də dəstəyi ilə bir neçə gün əvvəl burada tələbə festivalı keçirildi. AYBU-da təhsil alan əcnəbi tələbələr öz mədəniyyətlərini, adət-ənənələrini, mətbəxlərini təqdim etdilər. Həm elmi, həm də tələbələr səviyyəsində çox sayda tədbirlərimiz olur. Eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-la əməkdaşlıq edirik. Üç il birgə Novruz bayramları keçirdik.
- AYBU-nun Azərbaycanla əlaqələri necədir?
- Azərbaycan bizə ən yaxın ölkədir. Azərbaycan və Türkiyə mədəni baxımdan da yaxın olduğu üçün ölkələrimizdə baş verən hadisələr daha yaxından izlənilir. Bir məqamı xüsusi vurğulayım ki, biz Azərbaycandan gələn tələbələri əcnəbi tələbə hesab etmirik, onları qardaş kimi görürük. Azərbaycanın Türkiyədəki səfirliyi ilə xeyli tədbirlər, Xocalı qətliamı ilə bağlı anım mərasimləri keçirmişik. Təəssüf ki, hələ də Azərbaycana getmək fürsətim olmayıb. Bu yaxında əcnəbi tələbələrlə bir proqram gerçəkləşdirdik. Onları avtobuslarla Ankaranın tarixi və turistik yerlərini gəzdirdik, axşam yemək süfrəsi arxasında bir araya gəldik. Bununla da onların universitetə daha rahat uyğunlaşmalarını təmin etməyə çalışırıq. Mən özüm tələbəlik illərimdə rektorumuzu heç görmədim. Biz isə tələbə yönümlü bir universitet olmağa çalışırıq.
- Universitet binasının fərqli memarlıq quruluşu var...
- Bunu da xüsusi olaraq seçdik. Bu, tariximizə, mədəniyyətimizə
sahib çıxmağımızın bir nişanəsidir.
Bu işdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük
köməyi oldu.
Onun təklifləri ilə belə bir layihəni
memara təqdim etdik və o da bəyəndi. O gündən sonra bizim universitetin fəaliyyətini yaxından
izləməyə başladı.
Təməlqoymada da, açılış
mərasimində də
iştirak etdi.
Binanın təməli tarixi bir yerdə qoyulub ki, bu da hər zaman xatırlanır. Qarşıdakı ən hündür təpədə Teymurun qərargahı olub. İldırım Bəyazid də qarşı tərəfdən gəlib. Burda 1402-ci ildə tarixin ən qanlı savaşlarından biri - Ankara döyüşü olub. Bənzər hadisələr Sultan Səlim və Şah İsmayıl Xətai arasında da baş verib. Bunlar tariximizdə dərs götürməli olduğumuz hadisələrdi. Türk dünyası olaraq biz güclü olmağa məcburuq. Azərbaycan bizim qardaşımız, biz də onların qardaşıyıq. Bir-birimizə hər zaman dəstək olmalıyıq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 13
oktyabr.- S.12.