Gəncliyi çox sevən aktrisanın bir əsrlik yubileyi

 

 

 

   Oktyabrın 16-da Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, Azərbaycanın Xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi.

   Xatirə gecəsinə toplaşanları salamlayan ittifaqın İdarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemətov söylədi ki, o, görkəmli aktrisa ilə yaradıcılıq münasibətində olmasa da, onu yaxından tanıyıb. Vaxtilə Teatr Cəmiyyətinin Rəyasət heyətində təmsil olunan iki cavan rejissordan biri kimi daim Məhluqə xanımın məsləhətlərini eşidib, xatirələrini dinləyib. A.Nemətov onun daim gənclərə qayğı və diqqət göstərdiyini, üstəlik, gözəl bədii qiraət ustası kimi daha çox tanındığını, radiodakı "Bulaq" proqramındakı Bulaq nənə obrazı ilə bütün Azərbaycan xalqının rəğbətini qazandığını bildirdi.

   İttifaqın İdarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxışında aktrisanın həyat və yaradıcılığına qısa nəzər saldı. Xatırlatdı ki, Tibb Texnikumunda diş texnikliyi peşəsinə yiyələnən gənc Məhluqə eyni zamanda dram və rəqs dərnəklərində də məşğul olur. Beləcə, 1936-cı ildə boy-buxunlu, qaraqaş-qaragöz gənc şuşalı qızın yolu Akademik Dram Teatrına düşür. Məhluqə Sadıqova Mərziyə Davudova, Fatma Qədri, Əzizə Məmmədova, Sona Hacıyeva kimi ilk görkəmli teatr aktrisalarından sonra səhnəyə gələn ikinci aktrisa nəslinin parlaq nümayəndələrindən olub. İlk rollarından təkcə tamaşaçıların diqqətini cəlb etməyib, həm də əbədi qadın məhəbbətini teatrda tapıb. Görkəmli teatr rejissoru, Abbas Mirzə Şərifzadə nəslindən olan Ələsgər Şərifov ilə ailə qurub. Onun və digər rejissorların tamaşalarında da maraqlı obrazlar yaradıb. Hələ 21 yaşında Səməd Vurğunun "Vaqif" dramının ilk quruluşunda Qarı obrazı həvalə edilmiş gənc Məhluqə sonralar bu əsərdə 800 dəfəyədək çıxış edib.

   54 il səhnədə olan Məhluqə xanımın yaradıcılığının bir qolu da Azərbaycan Radiosundakı "Bulaq" verilişi idi. 18 il həmin verilişin redaktoru və müəllifi olmuş İntiqam Mehdizadə və Məhluqə xanımdan sonra Bulaq nənə efir obrazını yaşadan Xalq artisti Səidə Quliyeva görkəmli aktrisa ilə bağlı xatirələrini bölüşdülər.

   Görkəmli rejissor, Xalq artisti Ağakişi Kazımovun xatirələrində isə Məhluqə xanım hələ daha cavan aktrisadır, teatrda həyat yoldaşına Ələsgər Mamedoviç deyə müraciət edir, rejissor Şərifov isə zövcəsini yarızarafat-yarıciddi "Məşədi Məhluqə" deyə səsləyir. O, Məhluqə Sadıqova, Mirvari Novruzova, Sofa Bəsirzadə və Muxtar Avşarov kimi qocaman aktyorların təqaüdə çıxandan sonra Bakı Bələdiyyə Teatrında hansı şövqlə çalışdıqlarını yada saldı.

   Ardınca söz alan Əməkdar artist Azad Şükürov isə Bələdiyyə Teatrında qocaman aktyorlarla, o cümlədən Məhluqə xanımla ünsiyyətin gənclər üçün nə qədər faydalı olduğunu xatırladı, bu gün də universitetdə səhnə danışığı dərsində Məhluqə Sadıqovanın lent yazılarından nümunə olaraq istifadə etdiyini söylədi.

   Xalq artisti Rafiq Əzimov isə görkəmli aktrisanın səhnədə, filmlərdə gözəl ana obrazları oynaması ilə yanaşı, həyatda da gözəl ailə xanımı, ana, nənə olmasından, teatrdakı gənclərə analıq münasibətindən söz açdı.

   Xatirə gecəsində Məhluqə xanımın yadigar lentləri - "Müsyö Jordan və Dərviş Məstəli şah" (Xanpəri), "Vaqif" (Qarı), "Hacı Qara" (Tükəz), "Vətənə igidlər gərəkdir" (Nənə), "Tənha qadınlar" (Qonşu qadın) tamaşalarından, "Mücrü", "Yenilməz batalyon", "Yeddi oğul istərəm", "Əgər bir yerdəyiksə..." filmlərindən fraqmentlər göstərildi.

   Xatirə gecəsində Məhluqə Sadıqovanın oğlu Ceyhun, digər ailə üzvləri də iştirak edirdi. Tədbirin sonundasa Məhluqə xanımın nəticəsi, Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Sənan öz məktəb yoldaşlarından ibarət muğam üçlüyü ilə bir zaman ulu nənəsinin Cəfər Cabbarlının “1905-ci ildə” dramında yaratdığı təkrarsız Sona rolunda oxuduğu "Azad bir quşdum" mahnısını ifa etdilər.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.4.