Ədəbi əlaqələr mədəni
əməkdaşlığın inkişafına vəsilədir
İranlı yazıçı Azərbaycan dilinə tərcümə
olunmuş kitabını mədəniyyət
və turizm nazirinə hədiyyə edib
Oktyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı yazıçı Mustafa Məstur ilə görüşüb. Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi və “ATV Kitab” layihəsinin rəhbəri, şair-tərcüməçi Səlim Babullaoğlu iştirak edib.
Mustafa Məstur “ATV Kitab” layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən “Tanrının ay üzündən öp” romanını nazirə hədiyyə edib.
Görüş zamanı nazir iki xalqın zəngin mədəniyyətindən bəhs edib, qarşılıqlı layihələrin çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının farsdilli ölkələrdə, İran ədəbiyyatının isə türkdilli ölkələrdə yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Qəbula görə təşəkkür edən Mustafa Məstur Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışıb, azərbaycanlı yazarların əsərləri ilə tanış olduğunu bildirib. Qonaq milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib.
Söhbət zamanı görüşlərin xalqlarımız arasında mədəni əlaqələrin, eyni zamanda turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyi qeyd edilib.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.5.