Bakıda Türk dünyası sənədli filmlər festivalı

 

 

   Oktyabrın 13-də Bakıda II Türk Dünyası Sənədli Film Festivalı keçirildi. Festival Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyi, Yunus Əmrə İnstitutu, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Dünyası Qəzetçilər Federasiyası (TDQF) tərəfindən təşkil edilib.

   Açılış mərasimi Bakı Dövlət Universitetində gerçəkləşdi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, festival türk xalqlarının bir-birini yaxından tanımasına xidmət edir. Başlıca məqsəd müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəni dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir: “Layihəyə türk dünyasının müxtəlif qurumları, ali məktəbləri dəstək verir. Bu da xalqlarımızın birliyi üçün göstərilən səylərin nümunəsidir. Bakı Dövlət UniversitetiTürk Dünyası Qəzetçilər Federasiyası arasında imzalanmış niyyət protokoluna əsasən tələbələrimiz festivalda yaxından iştirak edirlər”.

   Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir diqqətə çatdırdı ki, ötən festivalda 5 ölkədən 7 film iştirak etmişdisə, bu il müsabiqəyə 7 ölkə və diyardan 18 film qatılıb.

   Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi bildirdi ki, II Türk Dünyası Sənədli Film Festivalının ilk tədbiri bu il sentyabrın 27-də İstanbul Universitetində keçirilib. Daha sonra festival 6-7 oktyabrda Şimali Kiprdə (Lefkoşa) davam edib. Festival filmlərinin nümayişi Bakıdan sonra 26-27 oktyabr tarixində Qazaxıstanda (Almatı), 30-31 oktyabrda Qırğızıstanda (Bişkek), 9-10 noyabrda Makedoniyada davam edəcək. Festivala noyabrın 18-də İstanbulda yekun vurulacaq.

   Festivalın münsiflər heyətində türk dünyasından tanınmış kinorejissor və prodüserlər təmsil olunur. İkinci festivaldan başlayaraq mərhum azərbaycanlı rejissor, Xalq artisti Tofiq İsmayılovun (1939-2016) adına xüsusi mükafat da təsis edilib. Festivalda müxtəlif nominasiyalarda qalib olan filmlər yaxın günlərdə səfirlik tərəfindən bir sıra universitetlərdə, mədəniyyət mərkəzlərində və Yunus Əmrə İnstitutunda göstəriləcək.

   Çıxışlardan sonra festivalın münsiflər heyəti tərəfindən seçilmiş “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) sənədli filmləri nümayiş olundu.

   * * *

   Həmin gün axşam Nizami Kino Mərkəzində festivalın mükafatlandırma mərasimi oldu. Əvvəlcə layihə ilə bağlı videoçarx nümayiş etdirildi.

   Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək festivalın əhəmiyyətindən söz açdı, tədbirin işinə uğurlar arzuladı.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, səfirliyin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxışlarında festivalın müxtəlif ölkələrdə yaşayan türklərin mədəni varlığını təqdim etmək baxımdan əhəmiyyətini vurğuladılar.

   Tofiq İsmayılovun xatirəsinə mükafatın təsis edilməsi yüksək qiymətləndirildi. Qeyd olundu ki, rejissor Türkiyədə çalışdığı zamanlarda türk mədəniyyətinin tanınmasına, qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verib, “Türk sinemasının tarixi” adlı kitab yazıb.

   Məlumat verildi ki, festivalın Tofiq İsmayılov adına xüsusi mükafatına Başqırdıstandan Kirsten Qaynetin “7 Maidens Theatrefilmi layiq görülüb. Türkiyəli rejissor Gülşən Sarunun “Sıraç”, azərbaycanlı gənc rejissorlar, BDU-nun tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmləri də festivalda fərqləniblər.

   “Sıraç” filminin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən Sıraç tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraçlar Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydili tayfasına mənsubdurlar. “Yol” filmində isə XIX-XX əsrlərdə dəfələrlə sürgünə məruz qalan Axıska türklərinin keşməkeşli həyatından bəhs olunur.

  

   L.Azəri  

 

Mədəniyyət.- 2017.- 18 oktyabr.- S.10.