Tanınmış yazıçı-publisistin
yubileyi qeyd olunub
Oktyabrın
13-də Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında tanınmış
yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik
yubileyi qeyd edilib.
Elm, ədəbiyyat,
incəsənət xadimlərinin
iştirak etdikləri
yubiley gecəsində
M.Çəmənlinin həyat
və yaradıcılığına
dair film nümayiş
olunub. Xalq yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.
Tədbirin aparıcısı, yazıçı-dramaturq, Əməkdar
incəsənət xadimi
Əli Əmirli M.Çəmənlinin yaradıcılığı
haqqında ətraflı
məlumat verib. Qeyd olunub ki, 1973-cü ildə “Mingəçevir
işıqları” qəzetində
dərc olunmuş “Ləpirlər” hekayəsi
ilə ədəbiyyatımıza
gələn M.Çəmənli
sonralar məhsuldar yazıçı kimi tanınıb. 30-dan çox kitabın müəllifi olan M.Çəmənli müasir
Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən
biridir.
Xalq artisti Arif Babayev,
Əməkdar incəsənət
xadimi, şair Çingiz Əlioğlu, şair Xəyal Rza, “Ulduz” jurnalının
baş redaktoru Qulu Ağsəs və başqaları M.Çəmənlini daim
yaradıcılıq axtarışında
olan zəhmətsevər
yazıçı, səmimi,
vətənsevər ziyalı
kimi dəyərləndiriblər.
Çıxış edənlər yazıçının
yaradıcılığında ana xətt kimi
keçən doğma
diyardan, düşmən
tapdağında olan Qarabağ nisgilindən, dədə-baba torpaqlarımıza
qayıtmaq arzusundan danışıblar.
Tədbirdə Xalq artisti, qiraət ustası Eldost Bayramın ifasında yazıçının əsərlərindən seçmələr səsləndirilib. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Sonda
M.Çəmənli tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.10.