Cəfər Cabbarlının “Ana”
şeiri musiqinin sehrində
Oktyabrın
13-də Beynəlxalq Mətbuat
Mərkəzində XX əsr
Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biri Cəfər Cabbarlının “Ana” şeirinə
çəkilmiş klipin
təqdimatı keçirildi.
Tədbirdə çıxış edən layihənin ideya müəllifi,
professor Vüqar Əhməd
əsərin yaranma tarixi haqqında məlumatı diqqətə
çatdırdı. Bildirdi ki,
ölməz Cabbarlı
yaradıcılığı hər zaman aktuallığı ilə
seçilir. Onun bir əsr bundan əvvəl yazdığı
əsərləri indi
də günümüzlə
səsləşir.
C.Cabbarlının
ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı
“Ana” şeirinə klipin
muzey və “Cəfər Cabbarlı adına mədəniyyət,
elm və təhsilin inkişafına yardım”
İctimai Birliyinin birgə layihəsi əsasında çəkildiyini
dedi. Bildirdi ki, Cəfər
Cabbarlı Azərbaycan
ədəbiyyatında görkəmli
dramaturq kimi yer tutmaqla yanaşı,
həm də lirik şeirlər müəllifi olub.
O, “Ana” şeirini 1916-cı ildə 17 yaşında ikən qələmə alıb. Ədibin yaradıcılığında
xüsusi yer tutan bu şeir
hazırda ikinci həyatını yaşayır.
“Ana” şeirinə
yazılmış musiqinin
müəllifi, bəstəkar
Elçin İmanov da fikirlərini bölüşdü. Qeyd etdi
ki, mahnı şeirin mətninə toxunulmadan ərsəyə
gəlib.
Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov, şairlər
Vahid Əziz, Baba Vəziroğlu, “Cabir Novruz” Mədəniyyət
Fondunun rəhbəri Cavanşir Qurbanov əsərin peşəkarlıqla
ərsəyə gəldiyini,
mahnı janrından daha çox ballada janrına yaxınlığı barədə
fikirlərini bildirdilər.
Təqdimat mərasiminin sonunda
Xalq artisti Alim Qasımov bildirdi ki, uzun
illərdir şeiri əzbər bilsə də, muğamda ifa edə bilməyib.
Bəstəkardan təklif gələndə
isə böyük məmnunluqla qəbul edib.
Sonra klipə baxış
oldu. Klipin rejissoru Fuad
Təhməzov, operatoru
Sənan Eynullayevdir, aranjiman Əvəz Muradova məxsusdur.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.13.