Azadlıq Təşnəsi
İstiqlal mənsub-məhbusu, Müstəqillik
məhkum-hakimi - Xəlil Rza...
Bütün ömrünü Bütöv Xarakterlə yaşamış Vətəndaş-Şairin həyatında ayrı-ayrı “bölmə”lər, “növ”lər, “janr”lar həddən ziyadə. O qədər çox ki, hərənin ayrıca bir Xəlil Rzası var...
Mənim də öz Xəlil Rzam var və başdan-başa sərbəst, “çərçivə-sistemsiz” yaşamış bu şəxsiyyət haqdakı bu yazı ənənəvi məqalə ölçü-biçisində yox, “bu anlarda beynimdən nə keçir və keçəcəksə” əsnalı olacaq...
Amma öncə onun çoxlarına bəlli -
Sənəd “hekayəti”ndən:
21 oktyabr 1932-ci ildə Salyanın Pirəbbə kəndində doğulub. 1954-cü ildə ADU-nu bitirib, əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında başlayıb, SSRİ Yazıçılar İttifaqının üzvü seçilib, ilk şeirlər toplusu (“Bahar gəlir”) nəşr olunub. 1957-ci ildə Azərbaycan Yazıçılar İttifaqı onu Moskvaya - M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun ikiillik Ali ədəbiyyat kurslarına göndərib. Bakıya qayıtdıqdan sonra (1959) APİ-nin aspiranturasında təhsilini davam etdirib. 1984-də ədəbi ictimaiyyət rəyasiləri onun “Ömürdən uzun küçələr” və “Qardaşlıq çələngi” kitablarını Azərbaycan SSR Dövlət mükafatına təqdim etsələr də, hakim dairənin etirazı ilə qarşılanıb. 1985-də “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, növbəti il (nəhayət ki), “Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adını alıb.
Heç bir qəzet-jurnal yazısına sığmayası Vətən ömrü, məmləkət aşiqliyi, millət mücadiləsi yaşamış bu bənzərsiz Azərbaycan Vətəndaşı 1994-cü ilin iyununda Bakıda vəfat edib və... -
Əbədi ömrə başlayıb...
Poeziyasında Vətən-Xalq Obrazı zəngin mənbə-qaynaqlarla müşayiət olunan bu vətəndaşlıq Obrazının poetikasında Azərbaycanın İstiqlal taleyi baş məqamda!..
Azadlığımızın bu nəğməkar-əsgəri 8 ay 13 gün “yatdığı” (fikir-xəyal gözlərini yummadan!) Lefortovo həbsxanasındakı aramsız sorğu-sual və ittihamlar basqısında nəinki öz dönməz mübarizə iradəsində durmuş, hətta, hər sətir-misrasından od-alov saçılan “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktub yazmışdır. Həmin günlərin 10 fevral tarixində qələmə aldığı misralardan dördü:
Mən bilirəm dünyaya elə bir gün gələcək
Dağlara səs salacaq yalnız ovçu gülləsi.
Lakin o zaman belə qəlbimdə dillənəcək
Bakıda yerə hopmuş qanların şəlaləsi.
Sovetlər dönəmində söz, şeiriyyət aləminin ab-havasını bir xeyli dəyişdirmiş bu sənətkar öz milli çaba-çalışmaları ilə şairlik “peşə”sinin də mahiyyətində inqilab etmiş oldu. Şairliyi, çoxmilyonlu və çoxrəyli oxucu ordusunun bir qismində əsrlərlə yaşayan (və hələ yaşayası) “gül-bülbül aşiqliyi” sinfinə mənsubluq “qara”sından çıxardı, bəzilərinin siyasi mübarizədə “sıravi əsgər” belə hesab etmədiyi sözü, sənəti generallığa yüksəltdi...
Hərbi çinlilərimizin, ictimai, mədəni-maarifi aydınlarımızın hələ yalnız qeyri-leqal qımıldandığı dövrlərdə “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!” - demiş, eyvah-eygili günlərdə:
Vətəndaş olmasa, boş şeydir Vətən!
Beşgünlük, ongünlük güney qarıdır,
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır! -
yazmış bu canlı Alov, şanlı Qələm, mübarizələrin gurhagur çağlarında zalımlıq, qorxaqlıq kimi keyfiyyətlər xanalarını “yıxacağam mən”, “çıxacağam mən” qafiyə-rədiflərilə gələ-gələ, Vətəni tam istiqlala yetirməyə, məlum coğrafi ayrılığımızı birləşdirməyə layiq oğulları “Öz kişi bətnimdən doğacağam mən!” - deyə, Ər oğlu Ər manifesti də verdi. Gələcək gənclərə ulu ata çağrıları etdi:
Biz Türkləriz...
Vətənimiz başdan-başa yer kürəsi
Bayrağımız al günəşdir,
çadırımız göy qübbəsi...
Bir vaxt tələbə auditoriyalarından “ən nadinc” müdavim kimi çıxmış bu adam o ictimai otaqlara müəllim kimi daxil olduğu gündən (hələ də yaşayan tələbələri demişkən), “dərs proqramı çərçivələri gedir işinə”. Onun mühazirələrində “Proletariatın dahi rəhbəri”, “Sov.İKP-yə eşq”, “İkinci ana dili” və s. kimi tərkib və “bülbüloqrafiya”lar birdəfəlik eşidilməz olur. Əvəzində - ümumbəşəri kontekstdən başlayan vətənpərvərlik, qədim milli dəyərlərimiz, dilimizin işləkliyi və təmizliyi uğrunda çalış-çarpışmaları, ürək yanğılı mülahizə-mühakimələri və nəhayət, 1991-də qovuşduğumuz Müstəqilliyimizə bünövrə daşları hesab edə biləcəyimiz millətçilik düşüncələri...
Bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır və çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyəti xəttilə rayonlarımıza gedişləri qadağan olunur. Kürsülərə qalxarkən tezcənək durub salonu tərk edənlərin sayı artır.
Lakin bütün bu ictimai-siyasi soyuqluqlar bu od-alov şairi sarsıda bilmir. 80-ci illərin axırında başlanan milli azadlıq hərəkatı zamanı ayrıca bir Xəlil Rza Səsi gurlayır. Bu hərəkata bütün varlığı və öncüllüyü ilə qoşulan alovlu-tribun şairin sovet məkrini, rus-şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarının strateji görülərini qamçılayan bənzərsiz hayqırtıları ölkəmizin hüdudlarını aşıb, haqq səsimizi bütün dünyaya daşıyır.
Lakin öz “işində” olan bu dünyanın son günlərini yaşayan sovet imperiyası 1990-cı ilin 20 yanvarında Bakıya divan tutdu. Bu qətliama qarşı bağrı yarılanadək hayqıran Xəlil Rza qadağa illərində “Daşdan çıxan bulaq”, “Məndən başlanır vətənim”, “Davam edir 37...”, “Türkün dünyası”, “Bağışla, ey vətən!” və... doğma Qarabağ savaşında şəhid olmuş övladının xatirəsinə “Qəhrəman Təbrizim” adlı kitablara, “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” kimi atəşin şeirlərə öz əbədiyyət imzalarını qoydu...
Bala da yaddan çıxır, qanad gərəndə ölüm,
Yox, mən qaça bilməzdim...
qaça bilməzdim, gülüm!
Mən sonadək Bakımın hayanı olmalıydım,
Hayan ola
bilməsəm, qurbanı
olmalıydım...
Vətənə
şəhid oğul, oxucuya qalib duyğular
misraları verirdi bu Ata-Şair:
Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə
atan Təbrizim.
Üzünə
baxanda balam deyirəm,
Adını çəkəndə atam
Təbrizim!
Bir səhər, bir Günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən,
Kiçik mənzilimdə, dar mənzilimdə,
Sən ucsuz-bucaqsız məmləkətimsən...
Bu şairin, sonralar ədəbiyyatşünasların “Həbsiyyə” adlandırılan şeirləri ayrıca bir mərhələdir. “Davam edir 37...” (1992) “uvertüra”sı ilə başlanan bu silsilə “Qıfılı o üzdən olan qapılar”, həyat yoldaşı Firəngiz xanıma müraciətən yazdığı “Xüsusi təyyarədə”, fəxriyyə ruhlu “Poeziya hökmdarı”, “Qorxu girmədi qəlbə”, “Zindanda Novruz bayramı”, “Sənsiz necə dönüm evə”, “Zindanda gəncləşirəm”, “Yazıq deməyin mənə”, “Sizi gördüm” və s. şeirlərlə davam edir, bugünkü-gələcək soydaşlarına əyilməzlik, sarsılmazlıq duyğuları aşılayır. Adına “milli-istiqlali mübarizə poeziyası” da deyiləsi bu şeirlərin təsiri, yanıq-yanğısı, daxili milli həyəcan və təlatümləşdiricilik energetikası Xəlil Rza Ulutürkü bizə dramatik poeziya ustası kimi də təqdim edir. Sonda deyək ki, bu şairin şeirlərinin əksəriyyəti tək elə sevimli mütaliə vahidləri kimi deyil, əbədi mübarizə-mücadilə örnəkləri kimi də yaşamağa layiqdir. Məsələn;
Nə qədər ki xalq şairi xalqa yaddır,
Nə qədər ki rütbəlilər mütləq dahi istedaddır,
Nə qədər
ki yallananlar harda aşdır, orda başdır,
Nə qədər ki erkən durub axşamacan kətmən vuran
Anaların döşü südsüz,
gözü yaşdır,
-
Davam edir otuz yeddi...
Mən də sözümü elə bu ahəng,
bu ab-havada bitirmək istədim; nə qədər ki Azərbaycan oxucusu qədirbilən, haqqsevəndir - davam edəcək Xəli Rza Ulutürk ululuğu...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.13.