“Ana yurdum,
hər daşına üz qoyum...”
Xalq şairi Məmməd
Arazın xatirəsinə həsr olunmuş
“Poeziya günü” keçirilib
Oktyabrın 14-də Xalq şairi Məmməd Arazın (1933-2004) doğum günü münasibətilə Fəxri xiyabanda xatirəsi anılıb. Mərasim iştirakçıları şairin məzarı üzərinə gül dəstələri düzüblər.
Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etdiyi vurğulanıb, görkəmli şairin hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.
Yazıçı-publisist Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni bir era açdığını bildirib. Vətənpərvər şairin misralarının zərb-məsələ çevrildiyini, onun yaradıcılığının xalqımızın əbədi yaddaşına döndüyünü söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Oqtay Rza, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədr müavini Rasim Məmmədov və başqaları Məmməd Araz yaradıcılığının bənzərsizliyindən bəhs ediblər.
* * *
Həmin gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yazıçılar Birliyi və Prezident yanında Bilik Fondunun dəstəyi ilə Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü” keçirilib.
Əvvəlcə böyük sənətkarın öz səsində “Ana torpaq” şeiri dinlənilib.
Tədbirdə layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək şairin həyatından, zəngin yaradıcılığından söz açıblar.
Bildirilib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir. Onun “Azərbaycan - dünyam mənim”, “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.
Əməkdar artist Yaqub Zurufçunun ifasında Məmməd Arazın sözlərinə yazılmış mahnılar səslənib, məktəblilər şairin poeziyasından nümunələr söyləyiblər:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü
sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz
yaşayır.
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.14.