Taleyin qarğıdığı rəssam
Fransız rəssamı Henri Tuluz Lotrekin (1864-1901) adı sənətsevərlər arasında çox məşhurdur. O, gözəl əsərləriylə yanaşı, faciəli həyatı ilə yaddaşlarda qalıb.
Lotrek sayılıb-seçilən bir fransız ailəsində doğulsa da, ömrünü gecə klublarında əyləncə içində yaşayıb. 36 yaşında dünyadan gedən rəssam qısa ömründə çoxlu əsərlər yaradıb. Bu əsərlər dünyanın müxtəlif muzeylərində qorunmaqdadır.
1864-cü ildə Fransanın güneyindəki Albi qəsəbəsində doğulan Tuluzun valideynləri əmiuşağıydılar. Henri qohum evliliyinin qurbanı olaraq genetik xəstəliklə dünyaya gəlmişdi. 1868-ci ildə doğulan qardaşı Riçard da bir il sonra ölmüş, bu hadisədən sonra valideynləri ayrılmışdılar.
Bunun ardınca isə Henri anasıyla birgə Parisə yollanır. O, liseydə oxuduğu zaman rəsmlə maraqlanmağa başlayır. Dərs kitablarının üzərində karikaturalar çəkən gələcəyin böyük rəssamı ilk sənət dərslərini Rene Princetaydan alır. Lakin orqanizmində baş qaldıran xəstəlik ucbatından Henri anasıyla birgə Albiyə qayıdır və təhsili yarımçıq qalır. Ona görə də o, evdə təhsil alır. Uşağın sümükləri kövrəkləşmiş, bədəni normal biçimini itirmişdi.
Taleyin doğuluşdan qarğıdığı rəssam iki dəfə ağır xəsarət alır. Birinci dəfə onun sol qıçı qırılır, sonrakı il isə sağ qıçı sınır və sağlıq durumu daha da pisləşir: rəssam ömürlük axsaq qalır. Beləliklə, o, dəhşətli bədən ağrılarıyla dolu bir həyat keçirir.
Təbiət xəstəliklərlə
bərabər ona böyük
rəssamlıq istedadı vermişdi.
Artıq rəssam olacağını qətiləşdirən
Tuluz Lotrek yenidən
anası ilə Parisə yollanır. 1882-ci ildə rəssam Leon Bonnatın emalatxanasında sənətlə
məşğul olur. Emil Bernard və Vinsent Van Qoqla tanış olur, bununla da
o, yaradıcılığında post-impressionizmə yönəlir.
Bundan sonra sərbəst işləməyə başlayan
Lotrek Parisin rəssamlar məhəlləsi
Montmartredə yaşamağa
başlayır.
O, günlərini
rəsm çəkmək
və içki içməklə keçirirdi.
1884-cü ildə gecə klublarından birinin sahibi Bruant rəssamın əsərlərini klubda sərgiləməyə icazə
verir, ona görə də Lotrekin adı tez bir zamanda
rəssamlar arasında
məşhurlaşır. 1887-ci ildə isə
Le Tabourin klubunda Van Qoq ilə birgə
sərgi açır.
Lotrek ən çox impressionist rəssam Edqar Deqasdan və yapon rəssamlığından
yararlanmışdı.
Onu daha çox
çəkdiyi afişalar
məşhurlaşdırdı. Həmin afişalarda Lotrek geçə klublarında
çalışan müğənni
və rəqqasələri
təsvir edirdi. Bu da o çağ
üçün çox
orijinal reklam işi sayılırdı.
Rəssam Parisin bütün
məşhur gecə klublarının müştərisi
idi. O, gecə həyatının bütün
qəhrəmanlarını yaxından tanıyır və onları öz əsərlərinin
baş obrazına çevirirdi. Əsərlərində yüngül əxlaqlı
qadınları təsvir
etdiyi üçün
çağının mühafizəkar
düşüncəli insanları
tərəfindən qınanırdı.
1893-cü ildə rəssamın ilk fərdi sərgisi açıldı. Sonrakı illərdə o, Avropada bir çox sərgilər açdı. Amma rəssamın alkoqola aludə həyatı sona doğru gedirdi.
1899-cu ildə anası onu Parisdə qoyub qəsəbəyə dönmüşdü. Bu da rəssamı çətin duruma salmışdı. 1901-ci ildə sağlıq durumu pisləşən rəssam anasının yanına qayıtdı. Lotrek əslində ölməyə getmişdi. 37 yaşlı rəssam həmin il dünyasını dəyişdi.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 18
oktyabr.- S.16.